
İyunun 29-da Bakı Apelyasiya Məhkəməsində “Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun apelyasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmə şikayəti təmin etməyib. Ə.Orucovun vəkili Cavad Cavadlı bildirib ki, müdafiə etdiyi şəxslə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.
Qeyd edək ki, iyunun 17-də Nəsimi Rayon Məhkəməsində Ə.Orucovun ev dustaqlığına buraxılması və ya həbsin girovla əvəz edilməsi barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Şikayət həmin qərardan verilib.
Xatırladaq ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Gülnaz Qənbərli
Gununsesi.info