Ədəbiyyatımıza və siyasətimizə hörmət gətirən adam -AYB-də Səyyad Aranın 65 illiyi qeyd olunub

  • By admin
  • 20 Aprel 2017 17:38

seyyad aran

Azərbaycan Yazıçılar Birliyində qurumun üzvü həmçinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aranın 65 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 Gununsesi.info-nun xəbərinə görə, ölkənin tanınmış yazarlarının, ziyalıların, millət vəkillərinin qatıldığı tədbirdə S. Aranın ömür yoluna nəzər salınıb.

nizami

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Səyyad Aranın əsərlərində hissiyyatların zənginliyi ilə yanaşı, müdriklik və təmkin ön plandadır:

“O, ən zərif hisləri, istər siyasi, istərsə də psixoloji məzmunda müəllif səliqəsi ilə təqdim edir. Səyyad Aran imkan vermir ki, əsərlərindəki psixoloji təhlil anti-psixoloji təhlilə çevrilsin. O, məşğul olduğu bütün sahələrdə zəngin şəxsiyyətdir. Eyni zamanda, ədəbiyyatımıza və siyasətimizə hörmət gətirən adamdır”.

anar1

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar da Səyyad Aranın gözəl yazıçı olduğunu dilə gətirib: “Səyyad Aran çox gözəl yazıçıdır. Mən onunla yol yoldaşı olmuşam. O, eyni zamanda mənim üçün işıqlı bir insandır. Səyyad Aran müəllim kimi fəaliyyətə başlamasına baxmayaraq, eyni zamanda jurnalist kimi, siyasi xadim kimi, o cümlədən Yeni Azərbaycan Partiyasının qurucularından biri kimi də özünü təsdiqləyib. Həmçinin, yazıçı və tədqiqatçı alim kimi də Azərbaycanın həyatında çox mühüm bir yer tutur”.

resad

AYB katibi Rəşad Məcid isə bildirib ki, əmək fəaliyyətinə ədəbiyyat müəllimi kimi başlayan Səyyad Aran hər zaman yaradıcılıq axtarışında olan adamdır:

“O, ədəbi arenada sözünü deyən yazıçı olmaqla yanaşı, həm də ictimai-siyasi xadim kimi tanınır”.

P.S. Gununsesi.info saytının kollektivi olaraq, biz də S. Aranı yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik.

Gununsesi.info