Ədliyyə Nazirliyi açıqlama yaydı: Koronavirus cəzaçəkmə müəssisələrində - MƏHBUSLARIN KÜTLƏVİ AZADLIĞI TƏMİN OLUNACAQMI?

  • By admin
  • 11 İyul 2020 12:24

 

“Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülmüşdür. Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb. Həmin şəxslər də dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib”.

Gununsesi.org bildirir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatında deyilir.

Məluamtda deyilir ki, hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.

Mətbuat xidməti bildirir ki, virusa yoluxmuş məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib.

“Ümumiyyətlə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirib və 1 000 nəfərədək məhkum məhkəmələr tərəfindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib. Virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkum isə dövlət başçısının humanist siyasətinin növbəti təzahürü olan əfv sərəncamı ilə azadlığa buraxılıb,” məlumatda qeyd edilir.

Ədliyyə Nazirliyi bildirir ki, hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur. Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Bununla yanaşı, müstəqil mənbələr, məhbusların ailələri cəzaçəkmə müəssisələrində infeksiyaya yoluxanların sayının dəfələrlə çox olduğunu bildirir.

Sosial şəbəkələrdə də cəzaçəkmə müəssisələrində çoxsaylı məhbusun COVİD-19 infeksiyasına yoluxması ehtimalı barədə statuslar yer alıb.

“2 saylı Cəzaçəkmə müəssisəsində vəziyyət gərgindir. Qızdırmalı xəstələrin sayı günbəgün artır. TƏBİB-in nümayəndəsi dünən (iyulun 9-da) cəzaçəkmə müəssisəsində olub, cəmi 25 nəfər sağlam məhbusdan test götürülüb. Yəqin götürdükləri analizə görə xəstəlik yoxdur deyəcəklər. Qızdırmalı xəstələrin sayı 500 nəfərdən artıqdır. Hamısı bir məhbus həkimin ümidinə qalıb. Verilən dərman isə təkcə parasetomoldur. Huşunu itirən, ağır vəziyyətdə olan xəstələrin bir neçəsinə sistem köçürülüb. Məlumat dəqiqdir, qardaşımla indicə danışmışam, dünəndən onun da qızdırması var, nəfəs almasında çətinlik var,” jurnalist Təzəxan Mirələmli facebook səhifəsində yazıb.

Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin koordinatoru Zəfər Əhmədov bildirib ki, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində 18 məhbusda COVİD-19 əlamətləri var.

“Həmin məhbuslara neçə gündür iynə vururlar, amma halları get-gedə pisləşir. İyulun 9-da günorta saatlarında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən gəlib analizlər götürüb aparıblar. Koronavirus əlamətləri olan məhbuslar hələ də müəssisənin sanitar-tibb hissəsinə yerləşdirilməyib. Bəzi məhbusların bədən temperaturu 39 dərəcəyədək yüksəkdir,” o qeyd edib.

Sosial şəbəkələrdə həmçinin 2 saylı Cəzaçəkmə Müəssisəsində COVİD-19 inveksiyasına yoluxan məhbusların olduğu barədə daha bir məlumat yayılıb.

“Deyirlər koronavirus tüğyan edir. Məhbuslar qəfil yıxılıb huşunu itirir,” Arzu Abdulla Gülzaman adlı facebook istifadəçisi səhifəsində yazır.

Çoxsaylı vətəndaş cəmiyyəti fəalları, icitimai-siyasi xadimlər ölkə başçısına müracət edərək az ağır cinayətdə suçlu bilinənlərin və siyasi məhbusların azadlığa buraxılmasını xahiş edir.

Müraciətdə deyilir ki, COVİD-19 pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər.

“Mövcud ağır şərait cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyati təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması üçün amnistiya aktının qəbul edilməsini müstəsna zərurət kimi önə çəkir”, müraciətdə deyilir.

Onlar hesab edir ki, penitensiar müəssisələrdə kiminsə yoluxması zəncirvari reaksiyaya səbəb ola bilər.

Müraciət müəlliflər hesab edirlər ki, amnistiya aktı və əfv fərmanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmiş şəxsləri, azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkən (müəyyən istisnalarla) şəxsləri, azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilən şəxsləri, az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş şəxsləri, qadınları, yetkinlik yaşına çatmayanları, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxsləri əhatə edə bilər.

Həmçinin qeyd olunur ki, əfv olunacaq məhbuslar sırasına yerli hüquq müdafiəçilərinin rəyləri və Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə siyasi motivlərlə həbs olunmuş sayılan şəxslər də salınmalıdır.