Əfv sərəncamı nə zaman imzalanır? - SİYASİ MƏHBUSLARDAN KİMLƏR AZADLIĞA ÇIXIR?

  • By admin
  • 15 Mart 2017 09:18

ilham_aliyev_main__221216_2

Novruzda imzalanacağına şübhə yeri qalmayan əfv sərəncamının nə zaman veriləcəyi ilə bağlı müəmmalar davam edir. Əksəriyyət dövlətdə 17 martın bayramqabağı sonuncu iş günü olduğunu nəzərə alaraq, həmin günə qədər sərəncamın veriləcəyini düşünür.
Bununla belə, əfvin şənbə gününə təsadüf edə biləcəyi ilə bağlı da fikirlər var. Günlər keçdikcə əfv ətrafındakı iddiaların sayı da artmaqdadır. Sözsüz ki, hər əfv öncəsi olduğu kimi, indi də ən çox müzakirə mövzusu siyasi məhbuslardır. Bu bayramda əfvə düşmək şansı olan siyasilərin hər birinin azad olunacağı bildirilir. Bir il öncəki əfvin bu dəfə təkrarlanacağına ümidlər yüksəkdir. Onu da xatırladaq ki, siyasilərdən əfvə düşmək şansı olanlar əvvəlki illərlə müqayisədə azdır. REAL sədri İlqar Məmmədov, NİDA-çı gənclər İlkin Rüstəmzadə və Əbdül Əbilov, AXCP-dən Asif Yusifli, Seymur Həzi, Məmməd İbrahim, Elvin Abdullayev kimi məhbuslar azad oluna bilər.
İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova martın 11-də onunla görüşdüklərini bildirdi: “Bayramqabağı görüşə bilməyəcəyik. Çünki martın 11-də görüşdük. Bir də bayramdan sonra görüşə gedəcəyik. Əfvlə bağlı ümid varmı sualınıza gəldikdə isə əvvəldən buna cavab vermişəm, dəyişən heç nə yoxdur”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı musavat.com-a əfvin hansı gün verilməsinin elə də önəm kəsb etmədiyini qeyd edib: “Əfvin nə zaman olacağını nə siz, nə də bizlər bilə bilmərik. Bu məsələ birbaşa dövlət başçısının səlahiyyətindədir. Əfv fərmanı olacaq, bu birmənalıdır. Bildiyimiz kimi, ölkə başçısı Fransada rəsmi səfərdədir. Çox güman ki, o gələndən sonra bu məsələyə baxılacaq və fərman imzalanacaq. Amma hansı gün olacağını demək çox çətindir. Ortada bircə fakt var, o da əfvin veriləcəyi ilə bağlı. Biz də olan məlumata görə, təqdim etdiyimiz 27 nəfərlik siyahıya baxılıb. Hesab edirəm ki, o siyahı kifayət qədər realdır. Başa düşürəm ki, bu dəqiqə məhbus ailələri həyəcanla o günü gözləyirlər. Amma düşünsünlər ki, biz də onlar qədər təşviş içindəyik. Çox arzulayırıq ki, gördüyümüz işin bəhrəsi olsun, təqdim etdiyimiz siyahıya baxılsın və oradakı insanlar azad olunsun. Səbirlə gözləmək lazımdır. Bayram axşamına qədər o sərəncamın verilməsi çox gözəl olardı ki, azad olunan şəxslər ailələri ilə birlikdə bu gözəl bayramı keçirsinlər. Mən elə bilirəm ki, bu əfv bir öncəkinə çox bənzəyəcək. Bir il öncəki Novruz əfvi bizləri çox sevindirdi”.