
Rəqabət Məcəlləsinin 10 il müddətində qəbul edilməməsi millət vəkilləri arasında ciddi narahatlığa səbəb olub. Nəticədə bu məsələ Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gərgin müzakirələrə yol açıb.
Gununsesi.info xəbər verir ki, Rəqabət Məcəlləsi ilə bağlı komitədə müzakirələr zamanı YAP Səbail rayon təşkilatının sədri, sabiq rektor və millət vəkili Şəmsəddin Hacıyev deyib ki, əgər adıçəkilən sənəd parlamentdə iki dəfə oxunuşdan keçibsə, o zaman sənədlə bağlı İşçi Qrup yaradılsın və həmin qrup qısa zamanda onu hazırlayaraq, müzakirəyə çıxarsın:
“Təklif edirəm ki, əgər Prezident Administrasiyası hazırlaya bilmirsə və ya yubadırsa, qoy həvalə etsinlər Milli Məclisə, biz də öz növbəmizdə İşi Qrup yaradıb sənədi hazırlayaq”.
Ş. Hacıyev həmkarı Vahid Əhmədovun bu məsələdə MM- ittiham etməsi ilə də razılaşmadığını dilə gətirərək deyib ki, bu, düzgün deyil:
“Qanun yazan subyekt kimdirsə, o da bu məsələdə günahkardır”.
Millət vəkillərinin ittihamları ilə razılaşmayan komitə sədri Ziyad Səmədzadə isə deyib ki, məsələ elə deyil:
“Bəzən eyforiyaya qapılırıq. Bəzi şeyləri nəzərə almırıq. Burada daxili bazarın maraqlarının müdafiəsi var. Beynəlxalq təşkilatların mövqeyi var”.
Ş. Hacıyev də bu zaman deyib ki, beynəlxaql təşkilat nə deyir, desin, o, əhəmiyyətli deyil:
“Bizim öz milli mənafeyimiz var və işimizi də buna uyğun qurmalıyıq”.
Z.Səmədazadə isə öz növbəsində ” Məcəllə üzərində müvafiq dövlət qurumları tərəfindən iş gedir.Bu yaxınlarda aidiyyatı qurumlarla və hökumət nümayəndələri ilə danışığımız da olub” -deyə, bildirib.
Komitə sədrinin bu mövqeyinə baxmayaraq, V. Əhmədov məsələnin üstündə ciddi dayandığını və parlamentin plenar iclasında onu yenidən gündəmə gətirəcəyini bildirib.
Gununsesi.info












