“Əgər Ermənistan həqiqətən də sülhə hazırdırsa, Qazaxın 7 kəndindən çəkilsin…”

  • By admin
  • 29 Mart 2022 13:42

Heç bir qüvvə, o cümlədən sülhməramlılar Azərbaycan ərazisində maraqlarımıza zidd hərəkət edə bilməz
Azərbaycan BMT qətnamələri kimi, üçtərəfli birgə Bəyanatı da təkbaşına icra etməyə başlayıb
Qarabağda erməni silahlılarının artan təxribatları və buna Rusiya sülhməramlılarının laqeyd münasibəti fonunda Azərbaycan Ordusunun növbəti zəfərə imza atması əlamətdar hadisədir. Üçtərəfli birgə Bəyanatın imzaıalnamasından sonra ilk dəfə Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə üçrəngli Bayrağımızı qaldırdı və bu, xalqımız tərəfindən böyük coşqu və rəğbətlə qarşılandı. Bu əməliyyatı Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarının himayə edilməsinə adekvat cavab da hesab edə bilərik. Bu əməliyyat bir daha göstərdi ki, heç bir qüvvə, o cümlədən Rusiya sülhməramlıları Azərbaycan ərazisində bizim milli və dövlət maraqlarımıza zidd hərəkət edə bilməz. Buna cəhd edənnlər isə mütləq layiqli cəzasını alır.
Qarabağda vəzifələrini tam həcmdə icra etməyən sülhməramlıların tabe olduğu Rusiya müdafiə nazirliyi martın 24-dən 25-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrini Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozmaqda və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olmaqda günahlandırması, iki gün sonra isə Rusiya müdafiə nazirliyinin Azərbaycan Ordusunun itki verməsi və yerləşdiyi ərazidən geri çəkilməsi barədə yalan məlumat paylaşması, bir daha Rusiya müdafiə nazirliyinin neytral mövqe tutmadığını və sülhməramlı fəaliyyətləri yerinə yetirməyə layiq olmadığını göstərdi. BMT Təhlükəsizlik Şurasının üzvü olan, ən çox nüvə silahına malik bir ölkənin güc strukturunun müttəfiqi olan bir ölkəyə qarşı feyk məlumatlar paylaşması rast gəlinməyən və Kreml adına utancverici hadisədir. Görünür ki, 44 günlük Vətən Müharibəsində ermənilərin məğlubiyyətini özünün məğlubiyyəti kimi qəbul edən Rusiya müdafiə nazirliyi hazırda Ukraynada baş verən uğursuz fəaliyyətlərini Azərbaycana aid ərazilərdə kompensasiya etməyə çalışır. Rusiya müdafiə nazirliyinin rəhbərliyi, mətbuat xidmətindəki qərargah siçanları vasitəsilə 1 ay əvvəl Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanan Müttəfiqlik haqqında Bəyannaməni tam şübhə altına almağa cəhd etdiyi də aşkardır.
Həmin Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Bu bənda hazırda Rusiya müdafiə nazirliyi tərəfindən ən kobud şəkildə pozulub.
Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirilməsi vurğulanıb. Rusiyanın müdafiə nazirliyi son açıqlaması isə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı V.Putin tərəfindən də imzalanmış bəyannaməyə də birbaşa təhqirdir.
16 aydır ki, adı çəkilən üzdəniraq qurumun kütbeyinlərinə Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını və yalnız Qarabağ adlı iqtisadi rayonun olduğunu anlada bilmirik. Bəzi kütbeyin rus zabitləri rəsmi açıqlamada erməniyə xoş gəlsin deyə Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən və üzərində üçrəngli bayrağımızın dalğalandığı “Fərrux” kəndinin adını “Furux” kimi qeyd edirlər. Bu fəaliyyətlər üçün rus ordusunun rəhbərliyinin xeyir duası olduğu şübhəsizdir. Əgər Rusiya Prezidenti V.Putin “Qarabağ Azərbaycan ərazisidir” bəyanatını verməsinə baxmayaraq rus generalları Qarbağ ərazilərini Azərbaycanın təqdimatına uyğun olaraq deyil, erməni tərəfinin uydurma adları ilə adlandırırsa, bu Rusiya müdafi nazirliyinin Ali Baş Komandanına qarşı çıxmasından başqa bir şey deyil. Müttəfiqlik haqqında Bəyannaməni ayaqlar altına atmaq niyyətində olan Rusiyanın müdafiə nazirliyi, ölkəsinin sanksiyalar altında əzildiyi bir vaxtda Kremlin azsaylı tərəfdaşlarını itirmək məqsədi ilə addımlar atması qətiyyən anlaşılan deyil.
16 ay əvvəl erməni silahlıları Kəlbəcər, Ağdan və Laçından təmizləndiyi kimi digər ərazilərdən də dərhal təmizlənsəydi, bu gün biz Qarabağdakı bu gərgin vəziyyətlə qaşılaşmazdıq. Nədənsə bu barədə Rusiya müdafiə nazirliyi il yarımda bir dəfə də olsun kəlmə işlətməyib. Əgər sülhməramlıları birgə Bəyanatın şərtlərini yerinə yetirib silahlıları nəzarət etdikləriərazilərdən çıxarsaydı, bəlkə də əhalimizin bir hissəsi də öz evlərinə qayıtmışdı. Dolayısı ilə bu gün erməni silahlısının Qarabağda ölməsinin və bizim vətəndaşların evinə qayıtmamasının əsas səbəbkarı Ermənistan rəhbərliyi qədər də Rusiya müdafiə nazirliyi və onların Qarabağa ezam etdiyi sülhməramlı kontingentdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan öz əraziləri çərçivəsində qoşunlarının yerdəyişməsini və 3 tərəfli birgə Bəyanatı, eynilə BMT qətnamələri kimi, təkbaşına icra etməyə başlayıb. Rusiya sülhməramlılarının 16 ay Qarabağdakı dəmkeş fəaliyyətindən səbr kasası aşan Azərbaycan Ordusu, fasiləsiz olaraq atəşkəsi pozan erməni silahlılarını artıq cəzalandırmağa başlayıb. İllər boyu Ermənistanda və Qarabağda rusların “Xilaskar” obrazı yaratmaq cəhdi, Ordumuzun Fərrux kəndində və ətraf yüksəkliklərdə Bayraq qaldırması ilə darmadağın oldu. “Fərrux dağ” həmləsi 15 erməni itkisi ilə çoxlarının ürəyində dağ çəkdi. Əsgərimizin Fərrux Zəfəri bir ilkdir, mütləq davamı olacaq.
Rusiya sülhməramlıları gec də olsa müvəqqəti yerləşdiyi ərazilərdən erməni silahlılarının tam təmizlənməsinə dərhal başlamalıdır. Əks halda hər dəqiqə müxtəlif ərazilərdə təxribatlar baş verə bilər. Erməni silahlılarının daha genişmiqyaslı təxribatlara hazırlaşdığına aid siqnallar daxil olmaqdadır,  Ermənistandan isə Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa qoşun daşınması da məlumdur. Terrorçu başı Arayikin “hərbi vəziyyət” elan etməsi də təxribatlara hazırlığın tərkib hissəsidir. Əgər Rusiya sülhməramlıları fəaliyyətlərində radikal dəyişiklik etməsələr, təxribatların qarşısının alınması və silahlıların ərazidən çıxarılmasını təmin etməsələr, Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı təxribatların təkrarlanması üçün daha təsirli tədbirlər görməyə mütləq məcbur olacaq. Bu isə Rusiyanın sülhməramlı fəaliyyətlərinin səmərəliliyini tamamilə şübhə altına alacaq və Şoyqunun rəhbərlik etdiyi qurumun, xüsusilə də indiki bərbad vəziyyətində, maraqlarına tamamilə ziddir. Odur ki, vəziyyətdə yeganə çxış yolu Rusiya sülhməramlılarının üzərinə götürdüyü öhdəliklərin, o cümlədən birgə Bəyanatın 4-cü bəndini tam həcmdə və dərhal yerinə yetirilməsindən ibarətdir. Əgər erməni silahlılarının Azərbaycan torpaqlarından çıxarılması yenə də ləngiyəcəksə, o zaman Azərbaycan Silahlı Qüvvələri bu fəaliyyətləri təkbaşına və qısa müddətdə həyata keçirilməsi üzrə fəaliyyətlərini daha da aktivləşdirəcək.
Martın 28-də axşam saatlarında Ermənistan Təhlükəsizlik Şurasının təcili olaraq Azərbaycan ilə sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu bəyan etməsi də işğalçı ölkənin növbəti dəfə özünü “sülhə hazır tərəf kimi” göstərmək niyyətindən irəli gəlir. Əgər Ermənistan həqiqətən də Azərbaycan ilə sülh müqaviləsi üzərində işləməyə hazırdırsa,  o zaman Qazaxın 7 kəndindən çəkilsin. Çəkilmirsə, deməli bunu da Ordumuz səsucaldanın köməyi ilə özü edəcək.
İstənilən halda, Azərbaycan Ordusunun davamlı və qətiyyətli fəaliyyətləri, soyuq havailə müşaiyət olunan bu ilki yaz fəslinin Qarabağda çox “qaynar” keçəcəyini ehtimal etməyə əsas verir.
Ədalət Verdiyev, hərbi ekspert