“Əgər Fədayə Laçın yalnız sənəti ilə məşğul olsaydı, bu gün başına bu iş gəlməzdi” - TACİR ŞAHMALIOĞLU

  • By admin
  • 30 Oktyabr 2017 18:04

Tanınmış müğənni Fədayə Laçının həbs edilməsi ölkə gündəmini zəbt edib.

Gununsesi.info xəbər verir ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Müğənni həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

“Bu xəbəri gözləyirdim. Çünki son vaxtlar Fədayə Laçın düzgün mövqe tutmamışdı. Əgər sona qədər yalnız sənəti ilə məşğul olsaydı, bu gün başına bu iş gəlməzdi”.

Bu sözləri Fədayə Laçınla uzun müddət birgə çalışmış Tacir Şahmalıoğlu musavat.com-a açıqlamasında deyib.

Müğənni birgə çalışdığı dövrdə həmkarının heç bir kriminal aləmlə bağlılığı olmadığını da qeyd edib:

“Bir yerdə çalışanda belə işlərdən uzaq idi. Lakin sonradan düzgün yolda olmadı”.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Gununsesi.info