Əgər ölkədə məhkəmə qərarı icra olunmursa, o zaman niyə, bu qərar çıxarılır? – ƏDALƏTSİZLİKLƏ ÜZLƏŞƏN VƏTƏNDAŞLAR PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

  • By admin
  • 29 Oktyabr 2021 16:56

Sumqayıt sakinləri Səfərəliyev Rauf Asif oğlu və Səfərəliyev Ramil Asif oğlu üzləşdiyi qanunsuzluqlarla bağlı Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova mürüciət edib.

Adıçəkilən şəxslər şikayətlərinin bir surətini də Gununsesi.info-ya təqdim edib.

Həmin şikayəti olduğu kimi təqdim edirik:
​​

Möhtərəm Prezident, İlham Əliyev cənabları!
Siz bütün çıxışlarınızda qeyd edirsiz ki, bütün dövlət məmurları xalqın xidmətçiləridir, yəni xalqa xidmət etməlidirlər. Eyni zamanda qeyd edirsiz ki, dövlət məmurları ilə bağlı hansı neqativ hal baş verirsə, dərhal bu barədə sizi məlumatlandırmaq və sizə yazılı müraciət etmək lazımdır. Bunu da əldə rəhbər tutaraq – bu dəfə Sizə müraciət edirik.

Bildiririk ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 may 2010-cu il tarixli, 2(060)-1037/2010 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə görə – borclular Fərəcov Kamal İldırım oğlu, Fərəcova Güllər Kamal qızı və Hacıyeva Dünyaxanım Rafiq qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 69-dan çıxarılmalıdır.

Cənab Prezident bəs etimad edilib vəzifəyə qoyulan Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərov hara baxır???
Niyə o, özünün rəhbərlik etdiyi sahədə baş verən belə neqativ hallarla bağlı Sumqayıt Şəhər İcra İdarəsinin əməkdaşları barədə heç bir tədbir görmür. Maraqlıdır, İcra Baş İdarəsinin rəisi müvafiq qurumun qanunsuz əməllərinə göz yumması nə məqsəd daşıyır???
Biz belə başa düşürük ki, Azərbaycan Respublikasının qanunvericiliyi qalıb bir kənarda!!!

Ona görə ki, bütün qurumlar Qubadlı rayonundan məcburi köçkün olduğu üçün Fərəcova Güllər Kamal qızından qorxur ya da bu işlə bağlı bir başa maddi maraqlar güdürlər. İcra qurumu şifahi olaraq bildirir ki, bu işlər belədir, qaçqına ev verilməyincə çıxarılmayacaq. Deməli, ali təhsilli,vətənpərvər, dövlət siyasətini daimi dəsdəkləyən iki qardaş mülkiyyətimizdən məhrum olub küçədə yaşamalıyıq və gözləməliyik ki, Fərəcova Güllər Kamal qızı ömrü çatan qədər həmin mənzildə yaşasın, ondan sonra biz mülkiyyətimizə qovuşaq. Bu absuddur, qanuni əsası yoxdur.
Biz hər gün bir qohumun qapısında utana utana yaşayırıq, kira haqqını ödəyə bilmədiyimiz üçün hər gün bir yerdə yaşayıb, təhsilimizi tamamlayıb bu ölkənin gələcəyi üçün çalışırıq. Mülkiyyətimizdən məhrum olduğumuz üçün, bizi hər gün bir qapıda gecələməyə vadar edən yegəna səbəb FƏRƏCƏVA GÜLLƏRİN hegomoniyasına Ədliyyə Nazirliyinin İCRA MƏMURLARININ vicdansız və qanundan bixəbər yanaşmasıdır. Artıq bizim taqətimiz tükənib, bu qanunsuz hərəkətlərin qarşısı alınmalı, mənzilimiz Fərəcova Güllərin qanunsuz sahibliyindən azad edilməli, o həmin mənzildən çıxarılmalı və mənzil bizə təhvil verilməlidir.

Xüsusilə vurğulayaraq, bu şikayət vasitəsilə Ədliyyə Nazirliyinin diqqətinə çatdırırıq ki, bizim işimizə obyektiv, qərəzsiz, qanuni baxıb, dərhal icra etsinlər. Əks təqdirdə məhkəmə qarşısında müvafiq iddia tələbi ilə çıxış edib, dövlət qurumunun hərəkətsizliyi nəticəsində dəymiş maddi və mənəvi ziyanı Ədliyyə Nazirliyindən tələb edəcəyik. İcra qurumları dərk etməlidir ki, onların çıxış yolu yoxdur, Qanun bizim tərəfimizdədir, borclunu mənzildən çıxarıb bizə təhvil verəcək!!!!!
Cənab Ali Baş Komandan, məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinə dəfələrlə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/10 saylı, 13.05.2010-cu il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsinə və onun əsasında verilmiş icra sənədinin nə üçün icra olunmamasını xüsusi araşdırmaya götürülməsi və həmin icra vərəqəsinin qısa müddətdə icra olunaraq Fərəcova Güllər Kamal qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 69-dan çıxarılmasının təmin edilməsi xahiş edilmişdir. Ancaq heç bir faydası yoxdur, qanun qalıb bir kənarda icra qurumları isə “öz formalaşdırdığı təcrübə”ni tətbiq etməkdə davam edir. Müraciətlər vaxtında və operativ araşdırılmır.
Sual olunur, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddasində nə deyilir?
Deyilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərari, əmri bütün dövlət hakimiyyəti, yerli ozünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanunvericinin normasından da, açıq-aydın görünür ki – məhkəmə qətnaməsi hamı üçün məcburdir və hər yerdə icra olunmalıdır, əks halda bu hakimiyyətin qollarından biri olan məhkəmə hakimiyyətinə inamı və o sırada dövlətimizdə ədalətin bərqərar olmasını şübhə altına ala bilər. Göründüyü kimi, Qanunda yazılmayıb axı icra olunması istiqamətində hansısa tədbirlər görülür, yazılıb ki, məhkəmə qərarları icra olunmalıdır. Ancaq Sumqayıt Regional Ədliyyə İdarəsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsi ölkə Prezidenti olaraq cənab İlham Əliyevin məhkəmə qərarlarının icrası ilə bağlı islahatlarını ciddiyə almır və 11 il ərzində qərarı müxtəlif, əsassız, qanuna söykənməyən bəhanələr ilə aşağıda qeyd olunanlara görə icra edə bilmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin 06/126 saylı, 26.02.2021 tarixli məktubunda göstərilir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Sərəncamı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/10 saylı, 13.05.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrasını mümkünsüz edir.
Ancaq açıq-aşkar görünür ki, qanunvercilikdə qeyd olunanlar ilə icra qurumunun verdiyi cavab ziddiyət təşkil edir. İlk növbədə onu qeyd edək ki, bu cavab Azərbaycan Respublikasının Konstitusiyasına və “Normativ Hüquqi Aktlar” haqqında Qanununa ziddir.

■ Bundan başqa icra qurumunun “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 01.07.2004-cü il tarixli sərəncama istinadı yanlışdır.
■ Belə ki, Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Sərəncam bir qayda olaraq normativ xarakter daşımır. (NHA qanunun 3.3.2-ci maddəsi)
■ Həmçinin, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi” haqqında Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.
■ Qanunda göstərilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

İnsan düşünmədən edə bilmir, nəticə olaraq məhkəmə qərarı icra olunmayacaqsa, o icra tədbirləri kimə və nəyə lazımdır?!

Bir daha sual olunur, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi icra olunmayacaqsa və qəbul edildiyi gündən 11 il keçdikdən sonra icra qurumu borclunu mənzildən çıxara bilməyəcəksə, və qətnamə icrasız qalacaqsa, onda Azəbaycan Respublikasının adından çıxarılan qətnamənin mahiyyəti nədən ibarətdir?!

İcra qurumu tərəfindən – borclunun cərimə edilməsi barədə təqdimatın verilməsi kimi məlumatları təqdim edilməsi gözdən pərdə asmaqdır. Belə ki, işin effektivliyini artırmaq üçün – İcra haqqında Qanunun tələblərinə düzgün riayət edilməsi ilə kifayət edəcəyi halda, niyə icra qurumu bunu etmir?!
Bundan başqa, icra qurumunun bu işlə bağlı o qədər nöqsanları mövcuddur ki, nə qədər saysaq da bunlar bitməz. Amma ki, nə fayda?!
Odur ki, cənab Prezident – Qanunvericiliyin imperativ normalarını rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/10 saylı, 13.05.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin 10 il müddətində Sumqayıt Şəhər İcra İdarəsinin vəzifəli şəxsləri tərəfindən nə üçün icra olunmamasını xüsusi araşdırmaya götürüməyinizi və həmin İcra Vərəqinin qısa müddətdə icra olunaraq borclu Fərəcova Güllər Kamal qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 69-dan çıxarılmasının təmin edilməsi barədə göstəriş verməyinizi Dövlət başçımız olaraq Sizdən xahiş edirik.

Hörmətlə,

Rauf Səfərəliyev

Ramil Səfərəliyev

Gununsesi.info