Əli Əliyevə cəza istənildi

Hazırda həbsdə olan VİP sədri Əli Əliyevin məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbərinə görə, dövlət ittihamçısı həbsdəki kamera yoldaşını döyməkdən ittiham olunan VİP sədrinə 4 il cəza tələb edib.

Əli Əliyev ittihamları rədd edir. Həbsini siyasi sifariş adlandırır.

Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub.

Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

VİP sədri Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Günay
Gununsesi.info