Əli Həsənov müşavirə keçirdi - AİDİYYATİ QURUMLARA GÖSTƏRİŞ VERDİ

  • By admin
  • 09 Fevral 2017 09:50

musavire

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi, “Dövlətqaçqınkom”un əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.

Komitədən Gununsesi.info-ya bildirilib ki, müşavirədə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamdan irəli gələn vəzifələrin icra vəziyyəti müzakirə olunub. Baş nazirin müavini bildirib ki, prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq, bu sahəyə nəzarət gücləndirilməli,  mövcud qaydalara uyğun olaraq, nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir.

Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində  sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.

Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq, Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və  məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir. Əli Həsənov bildirib ki, o və müavinləri də həmin ərazilərdə olacaq.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan  ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq  müvafiq layihələndirmə işlərinə başlanılıb.

Əli Həsənov fərman və sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi tapşırıqlar verib.

Gununsesi.info