Əli İnsanov Ali Məhkəmənin sədrinə MƏKTUB YAZDI

  • By admin
  • 19 Fevral 2018 18:00

 

Keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin yanvarın 16-da onun haqqında çıxardığı qərarı hələ də ala bilməyib. Söhbət Ə.İnsanovun 7 il 5 gün azadlıqdan məhrum edilməsi hökmünün qüvvədə saxlanmasına dair qərardan gedir.

Gununsesi.info xəbər verir ki, Ə.İnsanov bununla əlaqədar Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Ə.İnsanov yazır ki, Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılması onsuz da heç bir əsas olmadan 7 ay yubadılmışdı.

Ə.İnsanov Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndərəcək. Keçmiş nazir hesab edir ki, qərarın verilməsi bu üzdən yubadılır.

Əli İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. O, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, sonradan vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və s. ittihamlarla məhkəmə qarşısına çıxarılıb və 11 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki ay qalmış onun haqqında yeni cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsində psixotrop tərkibli dərmanlar saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub kəllə-beyin travması yetirməkdə ittiham edilərək, daha 7 il 5 gün azadlıqdan məhrum edilib.

Ə.İnsanov ittihamları qəbul etmir.

Gülər

Gununsesi.info