Əli Məsimli maaş və pensiyaların artırılmasını tələb edir

  • By admin
  • 07 İyul 2021 20:06
“İslahatlar dərinləşdirilməklə əmək haqqı, pensiya və digər ödənişlər artırılmalıdır”
Gununsesi.info bildirir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri  Əli Məsimli  deyib.

Əli Məsimli bildirib ki, ”koronavirus pandemiyası, onun ətrafında gedən proseslər və törətdiyi fəsadlar nəticəsində  yaranan tənəzzüldən sonra, Azərbaycan iqtisadiyyatı resessiyadan çıxmağa başlayıb. Əgər 2020-ci ildə ümumi daxili məhsul istehsalında 4,3 faiz, 2021-ci ilin yanvar-fevral aylarında 3,2 faizlik enmə var idisə, 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz artım olub. Böyük ehtimalla bu ilin ikinci yarısanda iqtisadiyyatımızın bərpa prosesi sürətlənəcək. Lakin tənəzzülün dayanması fonunda iki məqam diqqəti daha çox cəlb edir və həm də cəmiyyəti çox narahat edir: Birincisi, əhalinin xeyli hissəsinin gəlirləri azalıb. İkincisi, əhalinin gəlirlərinin azaldığı bir şəraitdə qiymətlər artmaqda, inflyasiyasıya sürətlənməkdə davam edir. Xüsusən də istehlak səbətinə daxil olan, əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətləri daha sürətlə artır. Belə ki, rəsmi statistikaya görə, bu ilin ilk 5 ayının nəticələrinə əsasən əhalinin hər nəfərinə düşən nominal gəlirlərin 1,3 faiz aşağı düşməsi fonunda istehlak bazarında qiymətlərdə ilin əvvəlindən başlayan artımın davam edib və yanvar-may aylarının yekununa əsasən, məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil edib. Əli Məsimli hesab edir ki, “əslində əhalinin xeyli hissəsinin gəlirləri rəsmən göstərildiyindən daha çox aşağı düşüb. Çünki pamdemiyaya qədər muzdla işləyənlər ölkədə məşğul əhalinin cəmi üçdə birini təşkil edirdi və ölkədə ev təsərrüfatlarının gəlirlərinin 70 faizə yaxınının qeyri-əmək haqqı gəlirləri hesabına formalaşırdı. Belə şəraitdə  koronavirus pandemiyası, onun ətrafında gedən proseslər və törətdiyi fəsadlar nəticəsində  əvvəllər kölgə iqtisadiyyatı da daxil olmaqla müəyyən sahələrdə çalışıb müəyyən qədər gəlir əldə edən əhalinin xeyli hissəsi gəlirlərini tam və ya qismən itirib. Əli Məsimli əlavə edib ki, “qiymətlər də, xüsusən də əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətləri göstərildiyindən daha çox artıb. Nəticədə əhalinin xeyli hissəsinin alıcılıq qabillyyəti aşağı düşüb və güzəranı pisləşib.”

Əli Məsimlinin dediklərinə görə, “qiymət artımının sürətlənməsində ölkə iqtisadiyyatlnda gedən təbii proseslər, idxal etdiyimiz mal və məhsulların çoxunda baş verən qlobal qiymət artımı, monopoliya xarakterli və sair amillər, eləcə də bu il yanvarın 5-dən Azərbaycanda “Aİ-92″ benzininin və dizel yanacağının qiymətləri artırılması və sair bu kimi amillər təsir göstərib. Əli Məsimli hesab edir ki, “benzin, qaz, elektrik enerjisi və sair enerji daşıyıcılarının tənzimlənən qiymətlərin artırılması zəncirvari reaksiya şəklində digər məhsulların da qiymətlərinin artımına müxtəlif dərəcələrdə sürətləndirici təsir göstərməsi məlum məsələdir. Ona görə də bu ilin əvvəlində benzinin qiymətinin artmasında olduğu kimi, iyulun birindən qazın qiymətinin artırılması da qiymət artımına müəyyən dərəcədə bilavasitə və psixoloji baxımdan və sair yollarla təsir göstərəcək. Amma hər dəfə Tarif Şurası qiymətləri artıran zaman aidiyyatı orqanlar yanacağın bahalaşmasının digər məhsulların qiymətlərinə elə bir təsir göstərməyəcəyi, ya da bu artımın göstərə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlərin nəzərdə tutulduğu barədə açılqamalar versələr də, realda elə bir ciddi iş görülmür. Bu isə əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin güzəranına ikiqat mənfi təsir göstərir. Bir tərəfdən yanacağa əvvəlkindən daha çox pul xərcləməli olurlar, digər tərəfdən isə ailə büdcəsinin daha çox hissəsi qiymətləri artan digər məhsullara sərf olunur. Ona görə də Əli Məsimli hesab edir ki, “ötən il olduğu kimi bu il də əhalinin gəlirlərinin aşağı düşməsi,eləcə də cari ildə iki dəfə dövlət tərəfindən tənzimlənən qiymətlərdəki artımlar (benzin, dizel yanacağı,təbii qaz) və ümumilikdə  ölkədə baş verən sürətlənmiş qiymət artımının əhalinin güzəranına mənfi təsirinin azaltmaqdan ötrü əmək haqqları, pensiya və müavinətlər artırılmalıdır.
Əli Məsimli hesab edir ki, postkonflikt və müəyyən dərəcə də postpandemiya dövrünün  çağırışlarına uyğun olaraq bu ilin ikinci yarısından başlayaraq islahatların dərinləşdiriulməsi,xüsusən də  struktur islahatları, institutsional dəyişikliklər, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi, dövlət şirkətlərinin idarə olunmasında səmərəliliyin təmin olunması, şəffaflıq, hesabatlılığın gücləndirilməsi, insan kapitalının inkişafı, sosial müdafiə mexanizminin postkonflikt və postpandemiya dövrünün  tələblərinə uyğunlaşdırılması və əhatəliliyin təmin edilməsi, iqtisadiyyata dövlət dəstəyinin davam etdirilməsi,yeni iş yerlərinin açılması, iqtisadiyyatın xarici şoklara davamlılığının artırılması və sair ilə paralel olaraq  əmək haqqları, pensiya  və müavinətlərin artırılması istiqamətində addımların da atılmasına başlanılması  əhalinin alıcılıq qabiliyyətinin artmasına, eləcə də  iqtisadiyyatın daralmasının qarşının alınmasına,iqtisadi artım templərimizin sürətlənməsinə, Azərbaycan iqtisadiyyatının yavaşımış artım trayektoriyasından sürətlənmiş artım trayektoriyası keçməsinin tezləşməsinə xeyli dərəcədə müsbət təsir göstərər.