Əli Məsimlinin hökumətdən tələbləri var

  • By admin
  • 29 Dekabr 2021 11:42

Milli Məclisin sonuncu toplantısında deputat Əli Məsimli hökumətin investisiya layihələrinjn taleyi barədə danışıb:
“İnvestisiya proqramının da təqdim olunması, bu mümkün deyilsə, heç olmasa bir qədər sonra investisiya layihələrinin reallaşdırılması sahəsində işlər nə yerdədir və eyni zamanda həm də növbəti ildə hansı işlərin görüləcəyinə, hansı şəhərlərdə, rayonlarda, kəndlərdə hansı layihələrin həyata keçiriləcəyi məsələsinə aydınlıq gələr”.

Əli Məsimli əlavə edib ki, onun özü də büdcə zərfinin müzakirəsi zamanı bir sıra yerli xarakterli məsələ qaldırıb: “Vaxtilə, 2010-cu ildə Şəkinin su təchizatının yaxşılaşdırılması ilə bağlı məsələlər qaldırılanda bildirilirdi ki, 2013-cü ildə işlər başa çatdırılacaq. İndi 2021-ci il başa çatır. Amma işlər hələ də tamamlanmayıb. Bu məsələdə bir aşkarlıq yaratmaq lazımdır. Statistika dəqiqləşdirilməli və aydınlıq gətirməlidir ki, layihə nə vaxt yekunlaşacaq. Su layihəsinin tamamlanmaması Şəkinin küçələrinin də bərpa olunması sahəsində problemlər yaradıb, yolların bir hissəsi bərbad vəziyyətdədir. Şəkinin bu məsələsi problem kimi qaldıqca, yollar da bərbad vəziyyətdə qalmaqda davam edəcək. UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş Şəkiyə bu cür münasibət yolverilməzdir. Hesab edirik ki, Şəki şəhəri üzrə su-kanalizasiya sisteminin yenilənməsinin yekunlaşdırılması məsələsi sürətləndirilməli, yolların bərpası və sair bu kimi məsələlərə, ümumiyyətlə, Şəkinin abadlaşdırılması məslələrinə diqqət artırılmalıdır.”

Ə.Məsimli onu da bildirdi ki, Şəki rayonunun,- biri “Olimpiya” qəsəbəsi olmaqla,- 24 yaşayış məntəqəsinin qazlaşdırılması məsələsini də qaldırıb: “Yaxşı haldır ki, buna müsbət cavab gəlib. Amma indiyə qədər bu istiqamətdə addımların atılmaması bizdə narahatlıq yaradır. Dağ kəndlərinin qazlaşdırılması məsələsinin arxa plana atılması həmin ərazilərdə meşələrin qırılması deməkdir. Gözləmək olmaz ki, meşələr qırılsın, sonra Şəkinin dağ kəndlərinə qaz çəkilsin. Bu başdan qaz çəkilsə, sonradan meşələrin bərpası üçün yüz milyonlara manat əlavə vəsaitin sərf edilməsinə də ehtiyac qalmaz. Şəki şəhəri üzrə su-kanalizasya sistemi layihəsinin yekunlaşdırılması, yolların bərpası və sair bu kimi məsələlərin həllinin, ümumiyyətlə, Şəkinin abadlaşdırılması və 24 yaşayış məntəqəsinə qaz çəkilməsi işinin həyat keçirilməsinin tezləşdirilmsini xahiş edirik”.

Günay
Gununsesi.info