“Əlilliyi olan şəxslərin hüquqi müdafiəsinə dəstək” layihəsi həyata keçirilir

  • By admin
  • 12 Yanvar 2023 11:13
“Hüquq və İnkişaf” İctimai Birliyi “Əlilliyi olan şəxslərin hüquqi müdafiəsinə dəstək” layihəsinin birinci mərhələsini başa çatdırıb.
Gununsesi.info-nun xəbərinə görə, “Hüquq və İnkişaf” İctimai Birliyinin  Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Müdafiəsi” layihəsi çərçivəsində icra etdiyi “Əlilliyi olan şəxslərin hüquqi müdafiəsinə dəstək” layihəsinin birinci mərhələsini başa çatdırıb.
Bu mərhələdə Hüquqi Yardım Mərkəzi yaradılıb və bu Mərkəz tərəfindən 119 müraciət üzrə hüquqi yardım xidmətləri göstərilib. Göstərilən hüquqi yardımlar hüquq məsləhətlərinin verilməsi və ayrı-ayrı normativ hüquqi aktların izahı, inzibati orqanlara və məhkəmələrə ərizə və şikayətlərin hazırlanması, habelə zəruri hallarda Ərizəçilərin hüquqlarının məhkəmələrdə müdafiəsi xidmətlərini əhatə edib.
Bundan başqa, “Əngəlsiz həyat” Feysbuk səhifəsi yaradılıb və burada sosial hüquqlar üzrə hüquqi məlumatlandırma və hüquqi müdafiə xarakterli materiallar yerləşdirilib.
Bu səhifədə həmçinin, 78 müraciət üzrə onlayn hüquqi yardım xidmətləri göstərilib. Eyni zamanda Bərdə və Ağcabədi regionlarında nəfər həssas əhali qrupuna daxil olan 71 vətəndaşın iştirak etdiyi hüquqi yardım qəbulları keçirilib.
Bütün bunlarla yanaşı, ötən mərhələdə “Pozulmuş hüquqları necə qorumalı?” adlı əlilliyi olan şəxslər üzçün vəsait hazırlanıb və yayılıb.
“Hüquq və İnkişaf” İctimai Birliyi növbəti mərhələdə hüquqi yardım üzrə birbaşa və onlayn hüquqi yardım fəaliyyətlərini və eyni zamanda regionlarda vətəndaşların hüquqi yardım qəbullarını davam etdirəcək.
Bununla yanaşı, əlililliyi olan şəxslərin hüquqi müdafiəsi sahəsində hüquqi və praktik vəziyyətin təkmilləşdirilməsinə dair təkliflər hazırlayacaq və Hökumətə təqdim edəcək.
Mətləb Yaqublu
Gununsesi.info