Əməkdar artist oğlunun müharibədə iştirakından danışdı - VİDEO

  • By admin
  • 13 Oktyabr 2021 14:44

Təhsil aldığım dönəmlərdə çox elçilər gəlirdi. Valideynlərim deyirdi ki, səni öz yerlilərimizdən başqa heç kimə ərə vermərik. İcazə də vermirdilər ki, məni istəyən hansısa oğlanla görüşüm, danışım, tanış olum. Elə məsələlər var ki, ilk dəfədir bu barədə sizə deyirəm. Həyat yoldaşım məktəbə arxamca gəlirdi, onunla da görüşməyə izn vermirdilər. Dayılarım deyirdi ki, sən bizimçün əmanətsən, valideynlərinə nə cavab verərik? Ona görə də heç kimi yaxınıma buraxmırdım, ürküb qaçırdım.

Gununsesi.info xəbər verir ki, bu sözləri Əməkdar artist Nuriyyə Hüseynova MTV kanalında Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” verilişində deyib. Müğənni bildirib ki, sevgi yaşamayıb:

“Dayım həyat yoldaşım barədə dedi ki, yaxşı oğlandır, təhsilli, əxlaqlı, ev-ailə qədri bilən bir insandır. Dayım ağıllıdır, o, dedisə, vəssalam. Həyat yoldaşımla üz-üzə də gəlmirdim ki, tanış olaq, içimizdə sevgi yaransın. Xoşum gəlməsə də, etiraz edə bilməzdim. 17 yaşım var idi. Yoldaşımın üstün cəhətləri olmasa idi, onunla ailə qurmazdım. Bu gün də peşman deyiləm, gözəl övladlarım var”.

N.Hüseynova qeyd edib ki, oğlu İkinci Qarabağ müharibəsi iştirakçısı olub:

“Oğlum hərbi həkimdir. Bir gün axşam evə gəldi ki, ana, mən sabah Qarabağa gedirəm. Müharibədən 15 gün keçirdi. O dönəm hamımız üçün həssas idi. İndi vaxt da yaxınlaşdıqca biz o şeyləri yaşayırıq. Hər kəsin balası da mənim balamdır. Orada vuruşur, döyüşür, yaralanır. Dedi, ana getməliyəm, çünki onları Bakıya gətirincə gec olur. Əşyalarını toparlayıb yola salanda balalarının onun dalınca ağlamağı heç vaxt yadımdan çıxmaz. Getdi, orada çox işlər gördü. Fəxr edirəm ki, oğlum kimisə həyata qaytara bilib. Bu, məsləyi idi. Hadrutda, Füzulidə, Cəbrayılda, ən son işi oldu Laçında. Ayağını sındırıb gəlmişdi”.

Gununsesi.info