“Əmanətlərin Sığortalanması Fonduna ayrılan vəsaitin xərclənməsi yoxlanılmalıdır” - VAHİD ƏHMƏDOV

  • By admin
  • 07 Noyabr 2017 13:20

“Dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır. Çünki bir çox hallarda dövlət zəmanəti ilə ayrılan kreditlər təyinatı üzrə xərclənmir. Bu məsələdə pərakəndəlik aradan qaldırılmalı, şəffaflıq təmin olunmalıdır”. 

Gununsesi.info xəbər verir ki, bunu 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır: “Biz bank sistemində sağlamlaşmanı da görmürük. Kreditlər yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. Amma yenə də faiz dərəcələri aşağı salınmır. Banklar yenə də yüksək faizlərlə kredit verir…Axı, nəyə görə? “Bank Standard”ın bağlanması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 milyon manat ayrıldı.

Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq”.

Gununsesi.info