Ən qısa zamanda Rusiyanın birbaşa dəstəyi ilə sülh əldə oluna bilər - Həmzəyev

  • By admin
  • 27 Noyabr 2021 15:47

“Ötən gün Soçidə əldə olunmuş razılığa söykənərək onu deyə bilərik ki, Rusiya ən qısa zamanda sülhün şahidi olmaq istəyir. Kreml Azərbaycan-Rusiya-Ermənistan münasibətlərini əsas götürərək “3+3” formatında münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlıdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında ötən gün Soçidə baş tutan üçtərəfli görüşdən və ümumilikdə Azərbaycan-Rusiya münasibətlərinin bugünkü səviyyəsindən danışarkən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, ən qısa zamanda Rusiyanın birbaşa dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh əldə oluna bilər: “Çünki faktiki olaraq Azərbaycan üstün olan tərəfdir. Bakı İrəvan qarşısında üstün tərəf olmasına baxmayaraq, yenə də humanist addımlar atır. Azərbaycan Ermənistanla ən qısa zamanda, qarşılıqlı olaraq sərhədlərin tanınması, sülh anlaşmasının imzalanması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması və kommunikasiya xəttlərinin açılmasında maraqlıdır. Eyni zamanda, Azərbaycan buna hazır olan tərəfdir. Ermənistan da dünən buna hazır olduğunu bildirdi. Ümid edirik ki, İrəvan bu sözünün üstündə duracaq. Rusiyanın vasitəçiliyi ilə bu problemin öz həllini tapacağına inanırıq. Ümumilikdə Rusiya-Azərbaycan əlaqələrini yüksək dəyərləndirirəm”.

Naqif Həmzəyevin sözlərinə görə, Azərbaycanda rus dilinin tədrisinə də maraq yüksək səviyyədədir: “Rusiya mədəniyyətinin öyrənilməsində Azərbaycanın müsbət yanaşmaları mövcuddur. Rusiyada çoxlu sayda soydaşımız yaşayır. Orada xeyli sayda azərbaycanlı tələbə təhsil alır. Bütün bunlar onu deməyə imkan verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək. Elə indi də Azərbaycan-Rusiya əlaqələri artan xətt üzrə inkişaf etməkdədir, bunu əminliklə söyləmək olar. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Rusiya ilə münasibətlərə çox ciddi yanaşıb. Ölkəmiz bu ötən müddət ərzində sadiq tərəfdaş və yaxşı qonşu kimi özünü göstərə bilib. Bunun qarşılığı olaraq Moskva Bakı ilə münasibətlərə hər zaman ciddi yanaşıb. İqtisadi münasibətlərin inkişafında, humanitar əlaqələrin daha da irəliyə aparılmasında, nəqliyyat dəhlizlərinin açılması və onun hər zaman işlək vəziyyətdə tutulmasında Rusiya həmişə Azərbaycana maraq göstərib”.

Deputatın fikrincə, Moskva faktiki olaraq Bakı ilə münasibətlərin inkişafına çox ciddi yanaşma sərgiləyib: “İki ölkə arasındakı münasibətlərin bu cür artan xətt üzrə inkişaf etməsinin əsas səbəblərindən biri də Vladimir Putinin və İlham Əliyevin şəxsi münasibətləridir. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq savaşı aparmasına şimal qonşumuz təmkinlə yanaşıb. Daha sonra regionda uzunmüddətli sülhə nail ola bilmək, Ermənistan və Azərbaycan arasındakı narahatlıqların və narazılıqların aradan qaldırılması üçün əsas vasitəçi rolunda çıxış edib. Ötən bir il ərzində Rusiya faktiki olaraq sülhün əldə olunmasına öz töhfələrini verib. Moskva bu gün də bu töhfəni verməkdə davam edir”.

Gununsesi.info