Ərdoğan siyasi mühacirlərə sığınacaq verən ölkələri tənqid edib

  • By admin
  • 11 Yanvar 2023 19:21

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Ombudsman Konfransında çıxışı zamanı dünyanın bir sıra demokratik dövlətlərini hədəfə alıb.

Gununsesi.info bildirir ki, Ərdoğan bunu son zamanlar  ölkəsində insan hüquqları sahəsində durumun tənqid edildiyi bir zamanda deyib.

Türkiyə lideri bildirib ki, insan hüquqları müasir dünyada ən çox müzakirə olunan məsələlərdən biridir: ”

“Yerli siyasətçilərdən tutmuş mediaya qədər demək olar ki, hamı insan hüquq və azadlıqlarından danışır. Dünyanın bir çox yerində insan hüquqları və müdafiəsi ilə bağlı qərarlar qəbul edilir, bəyanatlar verilir. Bütün bunlar danışılarkən insanların bəzi hüquqları kobud şəkildə pozulur.

Bu gün biz “qabaqcıl” adlandırılan ölkələrin yalnız epidemiya zamanı özlərini qorumaq üçün eqoizmlərini utancla xatırlayırıq. Epidemiya ilə mübarizədə lazım olan peyvəndlər və maskalar kimi tibbi ləvazimatların rəqabət elementinə necə çevrildiyini unutmamışıq. Hətta bu prosesdə vicdanını o qədər itirmiş ölkələr gördük ki, hətta öz xalqının imkansız təbəqələrini belə xidmət spektrindən kənarda qoyurlar.

Suriyadan Fələstinə, Yəməndən Arakana qədər dünyanın bir çox yerində insan haqlarına məhəl qoymayan yeni ciddi pozuntular baş verir. Covid-19 epidemiyası və qaçqın problemi bu acı reallığın ən parlaq nümunələri kimi görünür. İmmiqrantlara qarşı nifrət cinayətləri nəzərə alınmır, yox sayılır”.

Ərdoğan daha sonra bildirib ki, cinayətkarlar siyasi sığınacaq axtaranlar bəhanəsi ilə qorunur və heç bir hüquqi araşdırmaya məruz qalmadan həyatlarını azad şəkildə davam etdirə bilirlər:

“Təəssüf hissi ilə bildirmək istərdim ki, bu gün NATO-da, Avropa Şurasında və ya Birləşmiş Millətlər Təşkilatında (BMT) birlikdə olduğumuz bəzi ölkələr türk ədalətindən qaçan quldurların sığınacağına çevrilib.

FETÖ lideri təşkilatı ABŞ-dakı malikanəsindən idarə etməyə davam edir. PKK  terror təşkilatı yaraqlıları Avropada etiraz aksiyası keçirərək vətəndaşlarımıza, nümayəndələrimizə hücum edirlər. Parisdə baş verənlər bunun ən son nümunəsidir. Separatçı terror təşkilatının üzvləri xalqımızın həyatına qəsd ediblər. Türkiyənin terrorla mübarizəsinə gözlərini qıyanlar həqiqəti görəcəklər”.

 

Tərcümə:

Afət Abbasova