Ərdoğan Şuşaya səfəri ilə bütün dünyaya mesaj verəcək ki…

  • By admin
  • 09 İyun 2021 18:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə hazırlaşır. Bu səfərin əhəmiyyəti çox böyükdür. Bu, bir daha Azərbaycan-Türkiyə dostluğunun göstəricisidir və bu dostluq münasibətlərinin sürətlə inkişaf etdiyinə dəlalət edir.

Bunu Publika.az-a millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu: “Bu gün də Türkiyə Azərbaycanın yanındadır. Rəcəb Tayyib Ərdoğan edəcəyi bu səfərlə Türkiyənin həm də hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olacağı, ölkəmizi dəstəkləyəcəyi və Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə davam edəcəyi ilə bağlı mesaj verir. Digər ölkələr də bunu bilməlidirlər ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır və bu əlaqələrin inkişafının qarşısını heç kim ala bilməz. Lazım olduğu halda Türkiyə Azərbaycanla bağlı bütün zəruri addımları atmağa hazırdır”.

C.Məmmədov qeyd edib ki, Türkiyə Prezidentinin iştirakı ilə Şuşada baş tutacaq bir sıra açılış mərasimləri bütün dünyaya bu torpaqların Azərbaycana aid olmasını göstərən bir mesaj olacaq: “Bu torpaqlar türk yurdudur. Qədim zamanlarda burada azərbaycanlılar, türklər yaşayıblar. Nə Azərbaycan, nə də Türkiyə yenidən erməni revanşistlərinin baş qaldırmasına, təxribat törətməsinə imkan verəcək. Eyni zamanda, baş tutacaq bu səfər onu göstərir ki, Türkiyə bölgədə sülhün təmin olunmasında maraqlıdır. Türkiyə həm də kommunikasiyaların açılmasında, bu layihələrin icrasında və inkişafında maraqlıdır. Əslində, bu, Ermənistanın özünə də lazımdır. Ona görə də ermənilər təxribatlarından əl çəkməli, kommunikasiyaların açılması istiqamətində səy göstərməlidirlər”.

Gununsesi.info