Ərdoğan: “Türkiyə və İran arasında dialoq bir çox problemin həlli üçün vacibdir”

  • By admin
  • 08 Sentyabr 2020 17:13

“Türkiyə ilə İran arasında dialoq bölgədə bir çox problemin həllində önəmli əhəmiyyət daşıyır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Türkiyə-İran Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən toplantısında bildirib.

Ərdoğan COVID-19 pandemiyasının çətinlikləri aradan qalxdıqda hər iki ölkənin əvvəlki səviyyədə sıx əməkdaşlıq edəcəyinə əmin olduğunu vurğulayıb: “Pandemiyanın ilk mərhələsində tibbi ləvazimatlarla İranın yanında olduğumuzu bir daha sübut etdik. Türkiyə, İran və regiondakı digər ölkələrlə bərabər həmrəylik nümayiş etdirərək pandemiya təhlükəsini birlikdə dəf edəcəyimizə inanıram, bu mübarizədən daha güclü dövlətlər olaraq qələbə ilə çıxmağı arzu edirəm”.

Prezident deyib ki, Türkiyə-İran Əməkdaşlıq Şurasının növbəti toplantısında ikitərəfli və regional əlaqələr, beynəlxalq münasibətlər səviyyəsində aparılan müzakirələrdən sonra verilən qərarların  iki ölkə arasında münasibətləri daha da sürətləndirəcəyinə ümid edir.

Qeyd edək ki, Türkiyə-İran Əməkdaşlıq Şurasının bundan əvvəlki toplantısı 2018-ci ildə Ankarada keçirilib.

 

 

Gununsesi.info