Ərdoğana dəstək Putinə sevgi deməkdir - YAXUD, AZƏRBAYCANDA NİYƏ KILICDAROĞLUNA ANTİPATİYA YARADILIR?

  • By admin
  • 12 May 2023 12:53

Qardaş Türkiyədə keçirlən prezident seçkilərinin eyni həyacanını Azərbaycan xalqı da yaşayır.

Elə qardaş ölkədə olduğu kimi burada da cəmiyyət ikiyə bölünüb.

Türkiyənin son illər dünyadakı demokratik imicinin korlanmasından məyus olanlar, qardaş ölkədəki siyasi məhbus problemi  və media azadlığı sahəsindəki acınacaqlı durumla barışmayanlar Kılıcdaroğlunu dəstəkləyir.

Bu dəstək demokratiyaya verilən dəstəkdir.

İşğal altında olan torpaqlarımızın azad olunmasında isə Ərdoğanın timsalında Türkiyə hakimiyyətinin bizə verdiyi qardaş dəstəyini əsas gətirənlər  AKP liderinin hakimiyyətdə qalmasının tərəfdarıdır.

Bu iddia ilə razılaşmaq, həm də razılaşmamaq olar. Birincisi, Türkiyə hər zaman Azərbaycanın yanında olub.

Nuru Paşa və ordusu Bakını yadelli işğalçılardan təmizləyəndə Ərdoğan nəinki hakimiyyətdə heç  həyyatda yox idi.

Türkiyə Ermənistanla sərhədini Ərdoğan hakimiyyətə gələnə qədər bağlamışdı.

Türkiyə bütün beynəlxalq tribunalarda Ərdoğana qədər də bizimlə birgə olub.

 

Azərbaycanın iqtisadiyyatının lokomotivi olan Bakı -Tbilisi- Ceyhan, Bakı -Tbilisi -Kars kəmərlərinin çəkilməsi də Türkiyənin o zamankı rəhbərliyinin sayəsində baş verib.

1994-cü ildəki çevrilişun qarşısının alınması, 1992-ci ildən Azərbaycana hərib instruktorların göndərilməsi də Ərdoğandan öncə olub.

44 Günlük Vətən Savaşındakı dəstəyə gəlincə, bunun da qarşılığı ödənilib.

Azərbaycan Türkiyədən yüz milyonlarla dəyəri olan silah-sursat və digər hərbi avadanlıqlar alıb.

Bu gün Ərdoğana yaxın şirkətlər, özəlliklə “Cengiz İnşaat” holdinq Qarabağdakı tikinti bumunun  önündə gedir.

Bu, Türkiyənin bizim torpaqlarımızın azad olunmasındakı bonusu hesab oluna bilər.

Elə Kahramanmaraş bölgəsində 1000 ailə üçün yaşayış qəsəbəsinin salınması da bizim Türkiyəyə verdiyimiz  qarşılıqdır.

Baxmayraq ki, 30 ildir Azərbaycanda yataqxana şəraitində ömürlərini başa vuran köçkünlərimiz var.

Azərbaycanda niyə Kamal Kılıcdaroğluna qarşı antipatiya yaradılır? 

Bunun da cavabı var. Kılıcdaroğlu AKP hökumətinin təmsilçilərindən fərqli olaraq Azərbaycana heç zaman biznes marağı ilə yanaşmayıb.

Ona qarşı ictimai rəydə formalaşdırılan mənfi fikir isə CHP-nin AŞ PA-dakı deputat qrupunun Azərbaycanda insan haqları , siyasi məhbus, media azadlığı məsələsində prinsipial mövqeyindən  doğub.

AŞ PA-da hər zaman Azərbaycan məsələsində Türkiyənin deputat qrupu ikiyə bölünüb.

AKP-nin timsalında bir qrup tükr deputatları Rusiyadan olan həmkarları ilə eyni mövqe sərgiləyərək Azərbaycanda insan haqlarının durumuna göz yummaq, hökumətin lobbiçiliyini  həyata keçirmək üçün çalışıb.

Amma demokratik prinsiplərə sadiqliyini ifadə edən CHP  Azərbaycanda günahsız həbs olunan insanların müdafiəsinə dəstək olub.

 

Fərq budur!

İndi isə Türkiyə seçkisində üzücü mənzərənin şahidiyik.

“Rus ayısı” qardaş ölkədə seçkiyə müdaxilə edir.

Millət İttifaqının namizədi Kamal Kılıcdaroğlunun dünənki bəyanatı hər şeyi ortaya çıxardır.

 

Odur ki, bu gün Ərdoğana dəstək, Putinə sevgi deməkdir!

Seçimiziniz edin…

Pərviz Həşimli

Gununsesi.info