Ərdoğanın iqtidarda qalması məsələsində beynəlxalq bir konsensus var idi - TƏHLİL

Qərb Türkiyənin tam batmasına imkan verməz. Çünki Türkiyə (Ərdoğan hökuməti) milyonlarla müsəlman qaçqının Avropaya axışmasının önünə sədd çəkib, onları öz içində saxlamaqla Qərb ölkələrindəki sosial-iqtisadi, siyasi stabilliyə indiyədək misilsiz töhfə verib və bu siyasəti davam etdirməkdə qərarlıdır.

Almaniyada radikal sağçı AFD yüksəlir və son sorğulara əsasən 19%-lə ölkənin 2-ci partiyasıdır. Fransadakı sorğulara görə, bu gün prezident seçkisi keçirilsə, Marin Le Pen qalib gəlir. Miqrant problemi Avropadakı radikalların və populistlərin yüksəlişinin yeganə səbəbi olmasa da, əsas faktorlardan biridir. Bu səbəbdən Türkiyənin batması və idarəolunmaz hala gəlməsi Qərbin (ümumilikdə dünyanın da) marağında deyil və təsadüfi deyil ki, Ərdoğanın iqtidarda qalması məsələsində beynəlxalq bir konsensus var idi.

Digər tərəfdən, Türkiyənin 459 milyard dollar toplam xarici borcu var və özəl sektorun ən borclu olduğu ölkə Britaniyadır. Hazırda ciddi defolt riski yaranıb, ölkə iflas etsə, borçlarını ödəyə bilməyəcək. Bu səbəbdən Mehmet Şimşəkin Türkiyədə ağır bir məsuliyyəti üzərinə götürməsində onun City of Londondakı dostlarının razılığının da rol oynadığı şübhəsizdir.

İqtisadi, fiskal alətlərlə, yaxud Britaniyanın, Amerikanın adamlarını hökumətə, dövlət qurumlarına yerləşdirməklə bəlkə müvəqqəti sabitlik yaratmaq olar, lakin Türkiyənin iqtisadi problemlərinin köklü çözümü üçün bu addımlar yetərli deyil. (Yeri gəlmişkən, mən izləmirəm, Azərbaycanın tezis mediası prezident Ərdoğanın “Qərbin şiddətli basqılarına sinə gərərək müstəqil siyasət aparması” barədə yazılar dərc etməyə davam edirmi?) Türkiyənin iqtisadi problemlərinin həlli yolu siyasətdən – ölkədə hüquq dövlətinin bərqərar olmasından keçir.

Yalnız huqüq və azadlıqların, məhkəmə müstəqilliyinin təmin olunduğu bir şəraitdə ölkəyə ehtiyac duyulan xarici kapital davamlı şəkildə cəlb oluna bilər. Türkiyə siyasi müstəvidə lazımi dəyişiklikləri və islahatları həyata keçirməsə, onu hər mənada pakistanlaşma gözləyir.

 

 

Şahin Cəfərli

Gununsesi.info