Ərzaq BÖHRANI qapıda - "Azərbaycan təcili tədbirlər görməlidir"

  • By admin
  • 16 İyun 2022 12:38

“Gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Azərbaycan dünyanı təhdid edən ərzaq böhranı tab gətirə biləcəkmi?

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov problemin ciddi olduğunu vurğulayıb.

Deputat deyib ki, hazırda dünya ərzaq bazarında ciddi problemlər yaranıb:

“Bu, Ukrayna-Rusiya müharibəsi və digər məsələlərlə bağlıdır. Xüsusilə buğda və taxılla əlaqədar ciddi qıtlıq yaranıb. Cənab Prezident hələ bir neçə ay bundan qabaq infilyasiyanın artdığını söyləyib. Buna baxmayaraq, mən belə hesab edirəm ki, dövlət başçısının nəzarəti altında Nazirlər Kabineti, xüsusilə İqtisadiyyat Nazirliyi bu məsələni həmişə diqqətdə saxlayırlar. Çalışırlar ki, Azərbaycanda ərzaqla bağlı ciddi problem olmasın”.

Parlamentari ölkədə müşahidə edilən bahalaşmadan da danışıb:

“Bahalaşma var. Bu da əsasən xaricdən idxal olunan məhsullarda olan inflyasiya ilə bağlıdır. Bəzi məhsullarda süni qiymət artımı da var. Ancaq bunun qarşısı alınır. Hökumətin bununla bağlı tədbirlər planı işlənib hazırlanır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu işlə çox ciddi şəkildə məşğuldur. Ancaq yenə deyirəm ki, hökumət ərzaqla bağlı problemin olmaması üçün çox ciddi addımlar atmalıdır. Gərək bu mövzu gündəmdən düşməsin.

Azərbaycanda kifayət qədər imkan var ki, bununla bağlı yerli istehsalı artıraq. Həm də xaricdən idxalla əlaqədar digər ölkələrdən təcili müqavilələr imzalayaq. Taxıl problemi olmasın deyə biz Pakistan və digər bizə yaxın ölkələrlə əməkdaşlıq edə bilərik. Bu barədə müəyyən işlər görülür. Ancaq cənab Prezidentin də dediyi kimi məsələ diqqət mərkəzində olmalıdır”.

V.Əhmədov problemi kökündən həll etmək üçün idxaldan asılılığı azaltmağın vacibliyini vurğulayıb:

“Azərbaycanda süni qiymət artımlarının səbəbi məhz xaricdən idxal olunan məhsullardır. Çünki o məhsulların xaricdə qiyməti artır. Bu da həm qiymət artımı, həm də infiyasiyaya səbəb olur. Ona görə də, maksimum çalışmalıyıq ki, ərzaq məhsullarını əsasən özümüz istehsal edək. Dövlət məhz bu məsələ ilə bağlı hər saat məşğul olmalıdır ki, idxaldan asılı olmayaq. Açığı deyim qiymət artımlarında müəyyən problemlər yaranır, inflyasiya artır ancaq cənab Prezidentin məsələni həmişə diqqət mərkəzində saxlaması və Azərbaycan hökumətinin Baş nazir başda olmaqla məsələyə ciddi yanaşması səbəbiylə mən elə hesab edirəm ki, elə ciddi problem olmayacaq”.

Gununsesi.info