ƏSA-nın yeniliyi hər kəsi təəccübləndirdi - FOTOLAR

  • By admin
  • 05 May 2022 12:02

Teatrların reklam siyasəti ilə bağlı çatışmazlıqlar Azərbaycanda tez-tez müzakirə olunan və nəticə əldə edilməyən problemlərdən biri olduğu vaxtda ƏSA Teatrı nümunəvi addımı ilə hər kəsi təəccübləndirib. 

Gununsesi.info xəbər verir ki, keçən ay teatr maraqlı bir testi sınaqdan keçirib.

Bu barədə teatrın rejissoru Nihad Qulam məlumat verib:

“Ötən ay belə bir test etdik. Şəhərin mərkəzi küçəsində yerləşən banner lövhəsinə ƏSA Teatrının “Adamlar və siçanlar” tamaşasının posteri əvəzinə sadəcə QR kod yerləşdirdik. Nəticədə 14 gün ərzində 300-dən çox insan QR kodu skan edərək, bilet satışı olan linkə keçid etdi. 20 aprel baş tutan nümayişimizə bütün biletlər satılmışdı. İnanıram ki, bunda bu bannerin də töhfəsi oldu.

Amma bizim test etdiyimiz məsələ satışla bağlı deyildi. İstədik yoxlayaq ki, insanlar hansısa teatr binasının önündə yerləşdirilən bannerə hansı dərəcədə maraq göstərir? Nəticə heç də pis deyil. Bu nümunəni niyə və nədə istifadə edə bilərik? Bu gün teatrların #insight və #data toplaması çox vacibdir. Məsələn, dövlət teatrları posterlərin üzərinə QR kod yerləşdirərək, hər ayın sonu hansı posterə (dolayısı ilə tamaşaya) daha çox və ya az marağın olub-olmamasını analiz edə bilər. Bu analizin nəticəsində ən azından poster dizaynlarını optimallaşdıra və insanların maraqlarına uyğun olaraq marketinq fəaliyyətlərini inkişaf etdirə bilərlər.

Eyni zamanda bu analizə görə hansı saatlarda və günlərdə teatrın qarşısından nə qədər insan keçdiyini təyin edə və buna uyğun olaraq müxtəlif tədbirlər həyata keçirmək olar”.

Rejissor bildirib ki, 18 may “Çıxış yoxdur” adlı tamaşanın nümayişi olacaq. Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında hazırladığı “Çıxış yoxdur!” fəlsəfi dramının nümayişi Jan-Pol Sartrın 1944-cü ildə yazdığı “Bağlı qapılar arxasında” əsəri ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, əsas rolların ifaçıları Elşən Əsgərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır.

Gununsesi.info