Əsgər hərbi hissənin problemlərindən yazdı - Müdafiə Nazirliyindən reaksiya gəldi

  • By admin
  • 30 Mart 2022 20:06

Hazırda düşmənlə sərhəddə olan N saylı Hırbi Hissədə xidmət keçən Fərid İsmayılov adlı əsgər özünün sosial şəbəkə hesabında qanunsuzluqlar, ordudakı problemlərdən yazıb.

Gununsesi.info həmin şikayəti təqdim edir:

”9 aydır ki, hərbi xidmətdəyəm. Xidmət etdiyim hərbi hissə Silahlı Qüvvələrin Hərbi Nizamnaməsi ilə yox, meşə qanunları ilə idarə olunur. Bu hərbi hissə rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətsizliyi ucbatında bir ömür mənimlə davam edəcək problemlər də yarandı, sağlamlığıma ciddi ziyan dəydi. Və hələ də dəyməkdədir. Qarşılaşdığım problemlə bağlı nə vaxt yazıramsa, xidmət etdiyim bölmənin komandiri, münasibətim olan zabit heyəti danlanılır. Əminəm ki, növbəti dəfə də belə olacaq, amma buna da məcburam.

Xidmət etdiyim hərbi hissə bir generator, içməli su, qida problemini aylardır həll edə bilmir. Hərbi hissə rəhbərliyi rahat kreslolarda, əsgər isə zülm içində yaşayır. Başları rüşvət, korrupsiyaya qarışıb. Pul almadıqları əsgərlər postlarda, pul verməyən əsgərlər ac-susuz, problemlərlə düşmənlə üz-üzə dayanır. 3 gün bundan öncə kartof oğrusunu hərbi polis özü tutur, amma posta 1 kq kartofu hərbi hissə rəhbərliyi günlərlə göndərmir. Təsəvvür edin ki, çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın. Hərbi hissə rəhbərliyi də gəlib utanmaz-utanmaz əsgərə ağıl öyrədir. Odun göndərmir, amma əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölməmim komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur! Hərbi hissə rəhbərliyi yerdəyişmə aylarında puldan yığır, genəlir, Azərbaycan Ordusu qəzeti də düşməni tənqid edir. Ölün yerə girin!

Bütün əsəb-sinir sistemim pozulub, sağlamlığımda yaranmış hər hansı problemə görə heç kimə müraciət etmirəm, etmirəm ki, əsəblərim daha da pozulacaq. Bu problemləri bilən başqa kimsə yoxdurmu? Var”.

 

Fərid İsmayılovun ittihamları barədə Müdafiə Nazirliyi Qafqazinfo-nun sorğusunu cavablandırıb:

Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar:

“Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri-adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik”.

Gununsesi.info