Əvvəl şantaj, sonra siğə, sonra yataq: Mollanın toruna düşən təzə gəlin - Şəfaqət Cavanşir yazır...

  • By admin
  • 28 İyun 2020 13:43

Gununsesi.org Şəfaqət Cavanşirin “Təmiz qadın” hekayəsini təqdim edir.

Mən dilənçi deyiləm. Ömür boyu adam yerinə qoymadığım dilənçiləri həmişə insanövladının artığı hesab eləmişəm. Özüm onlardan betər günə düşənəcən, elə bilirdim, bu artıqlar öz keyflərinə dilənirlər. Təbii rəngləri bir-birindən fərqlənməyən, ağbəniz olmayanlar dilənməyi özlərinə peşə seçiblərsə, bugün də onlarla bağlı fikirlərim dəyişməyib. Mənim kimi çarəsizlər əlini Allahdan, ümiddən birdəfəlik üzəndə, yaşamaq üçün həyatın çirkablarında mübarizə aparmağa məcbur olur.

Yoldaşım öldürüləndən sonra bilmişəm, yaşadığım şəhərdə nə var, nə yox! Əgər gördüklərim yaşadığım şəhərdə varıydısa, deməli, dünyadakı bütün şəhərlərdə insanların taleyi bir-birindən nadir hallarda fərqlənir. Tələbəlik həyatım heç birinci kursun birinci imtahanına qədər də olmadı. Atamın istəyi ilə əmim oğluna nişanlananda universitetə təzə qəbul olmuşdum. Hazırlığa gedən qonşu qızının dəftərində yazılanları köçürə-köçürə gecə-gündüz hazırlaşıb ali məktəbə qəbul olmuşdum. Özümdən başqa heç kim tələbə olacağıma inanmırdı. İbtidai sinif müəlliməsi olacaqdım. İllər keçdikcə sayını unudacağım şagirdlərim ilk hərflərini məndən öyrənəcəkdilər. Hətta orta məktəbdə oxuyanda gələcək şagirdlərim üçün çoxlu nağıllar əzbərləmişdim. Gecənin bir aləmi qəfildən məni oyatsaydılar, istənilən nağılı obrazınacan çaşmadan danışa bilərdim. Yəqin saflığımdan başıma gələn utancverici hadisələr uşaq vaxtı məni aldadan nağıllarımın ucbatından baş verib. İndi bütün günahları o nağıllarda görürəm.

Əmim oğluyla ikicə ay nişanlı qalmadıq. Toyumuz oldu. Sevgili həyatı yaşamadıq, Bakı bulvarını başından ayağınacan əl-ələ gəzə bilmədim. Gecələr yazışmaq üçün telefon almadı. Sevişməmişdən əvvəl çox istəyirdim qəlbən alışım. Sovet qadını olan anamın mənə verdiyi təsəlli ümidlərimi öldürürdü. “Neçə il bir yastığa baş qoyacaqdıq, hər gün ərimi görməkdən onsuzda bezəcəkdim, deyinəcəkdim. Telefon ailələr dağıdırmış, baş qatmaqdan başqa heç nəyə yaramırmış”…

Ərimin qısqanclığı iki ağsaqqaql qardaşın əlbirliyiylə təzə gəlinin müəllim olmaq arzusuna da ömürlük xitam verdi. Başqa söhbət ola bilməzdi, on doqquz yaşında cavan gəliniydim. Ağlım kəsmirdi, yaşım nəyisə qanmağıma “çox var” deyirdi. Toydan bir ay sonra hamilə qaldığımı bilənəcən nakam arzularıma görə gecələr hamamda sakitcə ağlamaqla sarsılmış ürəyimə rahatlıq gəlmişdi. Ərimə qəzəbliydim, gecələr aramsız çılğın ehtirasları da məni sakitləşdirə bilmirdi. Yaddaşımdakı nağılları otağımda tək olanda bətnimdəki balama danışırdım. Özümə andım varıydı, qız-oğlan fərqi yoxuydu mənim üçün, xasiyyətcə mənə oxşamalı və savadlı olmalıydı. Qızım olsaydı, atamın məni yandırdığı kimi yandırmayacaqdım onu. Ali təhsilini başa vurmalı, yaşamadığım sevgi hissini yaşayıb ailə qurmalıydı.

Ərimin öz biznesi vardı. Bir ay yanımda qalıb, üç ay Rusiyada alverlə məşğul olurdu. İllərcə arvadından xəbərsiz ərlər kimi deyildi o. Məni həqiqətən sevirdi. Sevməsəydi, “bacı” deyə-deyə qürurunu ayaqları altına atıb əmimi elçi göndərərdimi? Aramızda on yaş fərq vardı. Yəqin yaş fərqinə görə mənə uşaq kimi baxırdı. Tez-tez deyərdi “uşaqsan, çox şeydən başın çıxmır”.

Biz tərəflərdə “əmiuşaqlarının kəbinini Allah onlar doğulmamış özü göydə kəsib” deyirlər.

“Ərim bizneslə məşğul olurdu”, deyəndə… Alverlə məğul olanlara pullular “biznes”mün, kasıblar “alverçi” deyir. Bizim bircə şirkətimizin adını daşıyacaq binamız yoxuydu.

Doqquz ayın tamam olmasına bir həftə qalmış hamamda güzgüdə arxamda dayanmış, özümə də qaranlıq qalan, insan silueti görəndə qorxmuş, qışqırmışdım.

İki saatdan sonra xəstəxanada oğlum zəiflər üçün amansız olan dünyanı sakit qarşıladı. İlk dəqiqələrdə elə bildim uşağı ölü doğmuşam. Həkimin poposuna vurduğu iki-üç şillədən sonra ağlamaqla var olduğunu sübut eləmişdi.

Qaraqaş, qaragöz, əsl Qafqaz kişisini xatırladan siması vardı. Onu da deyim ki, hər uşağın gözü zil qara olmur. Mənim oğlum fərqliydi. Adını da Qafqaz qoyduq.

Yaraşıqlı ərimin, oğlumun, gözəl yaşayışımın olması məni bir az eqolu eləmişdi. O qədər heyfslənirəm ki!… Qonum-qonşuya yuxarıdan aşağı baxanda, pul istəmək üçün mənə əl açan dilənçiləri təhqir edəndə, haqlı olduğumu düşünürdüm. Bəlkə də daxilən öldürülmüş arzularım üçün qisas alırdım, xəbərim yoxdur. Bakıdan onları qovanda elə sevinirdim ki!.. Dərilərinin rəngindən iyrənirdim. Sonradan salona qaralmaq üçün gələn qadınları görəndə nahaq iyrəndiyimi düşündüm. Deməli, fərqimiz həm də geyimlərimizdəydi. İndiyəcən onlara bir qəpik də verdiyim yadıma düşmür.

Oğlumun bir yaşı tamam olmuş, üstündən üç ay da keçmişdi. Ərimin Rusiyanın çöllərindən ölüm xəbəri gəldi. Qırıq taleyimi yazıram deyə, hirsimdən çöl deyirəm. Düzünü bilmək istəsəz, hansı şəhərdə bıçaqlandığını əməlli-başlı heç birimiz bilmədik.

Yoldaşım bircə əmimin bircə oğluydu. Şərq ölkələrində oğlan uşaqları qızlara baxanda qiymətlidir, düşmənə çəpərdir. Atam tərəfdə qızlarımızın sayı oğlanlarımızın sayından çox olduğu üçün, oğlan uşaqlarımız kişilərimizə sərvətiydi.

Oğlanlarının ili çıxmamış nə qaynatamın, nə də qaynanamın ürəyi oğul dərdinə dözə bilmədi. Allah elə bil eyni üsulla ölməyi onlar üçün qəsdən yazmışdı. Arada gün fərqi vardı.

İkisi də gecə gözlərini mən qapılarını döyüb onları səsləyənəcən səhərə qədər açıq saxlamışdılar.

Birinci qaynatam ölmüşdü. Bəxtindən öldüyü gecə oğlumun qızdırması vardı, qaynanam uşağın otağında yatmışdı. Mən havalı kimiydim. Yoldaşımın ölümünü, gənc yaşda dul qalmağımı həzm edə bilmirdim. Ər kimi ona qəlbim təzə-təzə qızınmışdı. Gün olurdu ki, oğlumun varlığını unudurdum. Yəqin kədərimdən olar ki, qaynatamın öldüyünü biləndə qışqıra bilməmişəm. Uzun dəqiqələrdən sonra yerdə dizlərimi qucaqlayıb ağlamışam. Qaynanam gələnəcən yarım saata yaxın ağlamışam. Qaynanamın otağa girməyini hiss eləməmişdim, səsli ağlamasından ona qoşuldum, mən də səsli ağladım. Torpağın altı isti, üstü soyuq olur. Zaman keçdi, ikimiz də sakitləşdik. Yaxşı ki oğlum vardı, qaynanam oğlunun qoxusunu nəvəsindən doyunca alırdı…

Ailəmizin başbilən kişilərin yoxluğunu unutduran ilk faciəmizin şahidi olduq. Çox bədbəxt qadınam. Ərim ölməmişdən əvvəl bankdan külli miqdarda kredit götürübmüş. İkimərtəbəli evimiz onun adınaydı, girov qoymuşdu. Məlum məsələdir, aylarca borcumuzu verən yoxuydu, bank evimizi satışa qoymuşdu və satmışdı. Mərhum əmim oğlu götürdüyü pullarla əvvəlcədən yazdığım kimi böyük bizneslə məşğul olacaqdı, şirkət quracaqdı. Rusiyada həmişə birgə alver etdiyi; biri rus, biri erməni olan ortaqlarıyla böyük-böyük biznesin xəyallarını qururdu. Ölümündən sonra ortaqlarının səs-sorağını eşidən olmadı. Meyidini gətirmək üçün gedən qardaşım da onlardan xəbər ala bilməmişdi. Necə alsın axı? Heç birimizə işindən danışmırdı. Arada bir ümumi danışardı, başqa heç nə!

Evimizin yeni sahibləri vəziyyətimizi öyrəndikdən sonra rəhmə gəlmişdilər. Bizə çıxmağımız üçün bir ay vaxt vermişdilər. Və o bir ay mənim burnumdan gəldi. Neçə ayın yorğunluğu, serialfason olan matəmlərimdən olardı yəqin, gecə ölən qaynanamın qapısını açanda onun ölümünü başa düşməyimlə, səsim batanacan qışqırmağım bir olmuşdu. Oğlum da onun yatağında… Gözləri açıq balama baxırdı. Mən qışqırırdım, oğlumsa, səsimdən qorxub çığırırdı…

Anamgili gecəylə çağırdım. Təsəvvür edin, bir ildə üç meyid çıxmışdı evimdən.Qaynanamın qırxını atamın evində verdik. Atam yaşlı kişiydi, işləmirdi. İkinci qrup əlil adıyla təqaüdə çıxmışdı, sonra da qardaşlarım anamı xəstəlikdən təqaüdə çıxartmışdılar. Həə! Tək bacının iki qardaşı vardı. Hamısının öz başı, öz ailəsi! Yaşlı valideyinlərim kiçik qardaşımın yanında qalırdı. Mən onların yanında yaşaya bilməzdim.

Hərdən mənə elə gəlir ki, arvadla-kişinin belini oğlanlarının ölümündən çox, evsiz qalmağı qırdı. Sonradan bilmişik, qaynatam evin bankda olduğunu ölməmişdən əvvəl bilibmiş. Bəlkə də buna görə xiffət çəkib, bizə də heç nə deməyib..

İndi atamgilə yaxın kirayə qalıram. Böyük qardaşım tanışlıqla ofislərin birində mənim üçün xadimə işi tapmışdı. Səhər doqquzda gedirdim, axşam altıda çıxırdım, oğlumu anamgildən götürüb evimə gəlirdim. Maaşımın azlığını, kirayə pulunu, dolanışığı nəzərə alıb sosial yardım düzəltmək istəyirdim, çox pul istədilər, tamam əlimi üzdüm. Yetim pulunu almağıma maaşımdan çox şükür edirdim. Üç ay işlədiyim ofisimin müdirindən düzü gözüm ilk gündən su içməmişdi. Qardaşım dostuna inanıb işləməyimə razı olmuşdu. Bax, ali təhsil bugün üçün lazımıydı mənə. Atam da peşman olmuşdu, məni tez ərə verməyinə, oxutmamağına! Qəribədir, ürəyimdə atama cüzi də olsa nifrət baş qaldırmışdı. O qədər peşmanam!… Heç kimi eşitmək lazım deyildi, iki ayağını bir başmağa dirəyib sonacan oxumalıydım, diplomumu almalıydım… Gecələr uşağımı yatızdırıb, arada rəhmətliyi də bizimkilərlə qoşa söyə-söyə başıma yumruq vururdum, saçlarımı yolurdum. On doqquz yaşında ərə getmək, kişisiz qalmaq, harama yaraşırdı?

Bu sualları özümə verə-verə zamanla oğlumu da özümə yük görməyə başladım. Bir-iki dəfə hirslənib and içmişdim, səhər tezdən köhnə türk filmlərində olduğu kimi uşağı məscid qapısının ağzına qoyacam, ya da uşaq evinə. “Sonra gəlib götürəcəm” bəhanəsiylə verib aradan çıxacaqdım. O qaraltını divar dibində yenə gördüm. Bu dəfə qorxmadım. Getdikcə rəngi ağarır, bir az özümə bənzədirdim. O da tez-tez məndən uşağı atmağımı istəyirdi.

Sabah açılırdı, gözlərini açıb üzümə gülümsəyən oğlumun gözlərinə baxanda hirsim də keçirdi, andımı da unudurdum, özümə bənzəyən qaraltını da… Üstəlik axşamkı qərarıma görə özümə nifrət də edirdim. Sonra bütün şərtlərə öz aləmimdə razılaşırdım, təki oğlumu sağ-salamat boya-başa çatdırım. Bircə, ismətimi oğluma qurban verə bilməzdim.

Elə belə kişinim arvadı olmamışdım. İtin belə qəbul etmədiyi namusumu əskik kişilərin ayağına ata bilməzdim…

Dünən işdən çox yorğun gəlmişdim. Ofisdə çox da iş olmurdu düzü. Səhər-səhər hər yerin tozunu alandan sonra müdir və işçiləri üçün tez-tez çay dəmləməli olurdum. Elə bil harda çayxor vardı, ofisdəydi. Yağış yağan günü ürəyimcə olmasa da tez-tez yerləri silir, qarışqa kimi işləməli olurdum. Bugün də yağış yağmışdı. Oğlum həmişəki kimi anamgildə qalırdı. Amma bu dəfə uşağı götürmədim, qapıdan içəri girdim, yemək yeməyə iştah da qalmamışdı,başımı yastığa necə qoydum, necə yatdım, xatırlamıram. Gecə yarısı oyandım, səhərəcən darıxmaqdan xəyallar qurdum. Darıxmağımın ucbatından işə yarım saat tez gəlmişdim.Yenə yağış yağırdı. Özümlə çətir daşımağı xoşlamıram, islanmışdım. Qapını açarla açıb içəri keçdim. İslanmış dağınıq saçlarımı səliqəyə saldım, mətbəxdən quru parça götürüb birbaşa müdirin otağına getdim. Qapını açdım, təəccüblənmədim, amma gözləmirdim də. İşdə eşitdiyim dedi-qodulara inansam, müdirimin arvadıyla arası yaxşı deyildi. Davaları dözülməz olanda, gecə ofisini ev əvəzi istifadə edirdi. Paltarlı divanda büzüşüb yatmışdı. Nədənsə gələndə maşını gözümə dəyməmişdi. Yəqin fikir verməmişdim.

Pencəyini də aprel soyuğundan yüngülvari qorunmaq üçün yorğan əvəzi başınacan çəkmişdi.Qapını sakitcə örtdüm, mətbəxə qayıtdım. Bilirdim oyananda ilk istəyi rəngli tünd çay olacaq. Altı ayda işimi yaxşı öyrənmişdim.

O gün yenə işimə də, elə yaşayışıma da nifrət etdim. Müdirim çox alçaq adamdı. Mən onun haqqında yaxşı fikirləşəndə, o, mənlə bağlı iyrənc xəyallarla yaşayırmış. Mətbəx qapısından çıxanda üz üzə gəldik. Qorxmuşdum. İçimi çəkdim, fürsətdən istifadə edib qorxudan ağzımı yumduğum əlimdən tutdu.

– Qorxma, mənəm. Birinci dəfədir görürsən məni? – deyəndə səsinin tonu da qəribə olmuşdu. Ufff, ağzının qoxusu da ürəyimi bulandırmışdı, az qala səhər yediklərimi qaytaracaqdım. Gözləmədiyim bir vəziyyət oldu. Qolunu belimin arxasında hiss elədim. Məni özünə tərəf çəkirdi. Niyyətini başa düşmüşdüm, yenə də sual verirdim ki, aradakı pərdə götürülməsin.

– Neynirsiz?

– Heç nə. Söhbət edirik.

Dodağını dodağıma yaxınlaşdırdı.

– Dodaqların nə qəşəngdir – demişdi ki, ağız qoxusuna daha tab gətirə bilmədim, onu itələyib, öskürərək pəncərə tərəfə gəldim. Təmiz havaya ehtiyyacım vardı. İkimizi də pərt eləmişdim. Vəziyyətdən gərək birtəhər çıxaydım. Həm də indi işin çətin tapılan vaxtı istəmirdim işsiz qalam.Təmiz hava aldıqdan sonra, ona tərəf döndüm.

– İnciməyin, mənim nəfəs almaq problemim var. Buna görə həkim məsləhətiylə dərman atıram.

Qaşqabağından gəlindən heç cür razı qalmayan qaynanalara bənzədirdim onu.

– Xəstəliyin nədir?

– Nəfəs almaq problemim var. Toz olanda gərək mütləq öskürüm. Yoxsa boğuluram.

Bu dəfə çoxbilmiş baxışlarını qabartdı, gözlərini qıydı:

– Onda sənə xadimə işi yaramaz. Sənin kimi qadın gərək evdə otursun, kişi qayğısı görsün.

Əclaf məni beyninə qoymuşdu, xeyri yoxdu, ya qurban olmalıydım ona, ya da işdən çıxmalıydım.

– İşimdən narazı deyiləm. Allah yaxşı adam çıxardar qabağıma , evlənərəm .

Bununla da ona kişi üçün ürəyi gedən qadınlardan olmadığımı sübut eləmək istəyirdim. Lakin sırtıq kişi elə sırtıq kişidir. Onun üçün qadının namuslu olub-olmamağının fərqi yoxdur. Əsas odur, altına salsın, bədəniylə bədənini əzsin, axırda da quduz iti xatırladan səsini çıxardıb üstündə yatsın.

– Yaxşı adamın biri mən. Əvvəl-axır həyatına birini soxacaqsan. O kişi niyə mən olmayım? Yaxşı fikirləş, işçilərin başında olarsan. Mən olmayanda iki gözüm, danışan dilim olacaqsan.

İndiyəcən qarşıma açıq danışan kişi çıxmamışdı. Əmim oğlu ərimiydi, yataqda belə sırtıq deyildi. Ərimlə bu əclafı iki daşın arasında necə müqayisə elədim, özüm də baş açmadım. Şokdaydım, cavab verməyə cümlə tapa bilmirdim. Düzü, məndən cavab gözləmədi, üstümə gəldi.

– Xahiş edirəm, lazım deyil. Xadimə işləsəm bəsimdir.

Məni eşidən kimdi?! İki əlini ombama qoydu, özünə tərəf sıxdı.

-Ağıllı ol, taleyin mənim əlimdədir.

Çoxdandır bədənim kişi görmürdü, istər-istıməz istilik gəlirdi canıma, amma yox!… Mən o əclafın qurbanı olmamalıydım. Olmamalıydım, vəssalam!…

Birtəhər özümü ələ aldım, it oğlunu var gücümlə ikinci dəfə itələdim. Bu dəfə nəzakətli olmadım, gözümü yumdum, ağzımı açdım.

– Oğraş, qabağında fahişə var? Köpəkoğlu, sən öl, şalvarını boğazına qalstuk edərəm. Tüpürüm sənə də, sənin verəcəyin işə də.

Stolda sərili qalmışdı. Sakitcə təhqirlərimi həzm edirdi. Qıraq-bucağını tikdiyim, bazar kloklarını xatırladan çantamı mətbəx şkafının üstündən necə götürməyimi xatırlamıram, ofis qapısının yanındaydım. Düşündüm utanar, qolumdan tutub getməyə qoymaz, üzr istəyər, vecinə də olmadı.

Mən həyatdan yaşına yaraşmayan zərbə almış gənc qadınıydım. Yenə də dözdüm, lakin bu gün ilk dəfə sındım. İlk dəfəydi bir kişidən təhqirlər eşitmişdim, ilk dəfə bir kişini günlərcə ac qalan vəhşi heyvana bənzətmişdim. Hardasa qürurumun çartladığını hiss eləmişdim. Qadınsansa, hər deyilən sözü həzm edə bilmirsən.

Nə isə!… Onsuz da əzilən qürurum işsiz olduğum yadıma düşənəcən incitdi məni. Anamgilə işdən qovulduğumu demək istəmirdim. Birdə ki, xadimə hər yerə lazımdır, gec-tez tapacağıma əminiydim.

Nakişiyə görə qardaşlarımı zibilə salmağın mənası yoxuydu. Həmin günü axşamacan iş axtardım özümə. Hətta satıcı qız axtaran mağazaların də qapısını döydüm. Geyimimdənmi, nədəndi bilmədim, “nömrənizi verin, sizə sonra zəng edərik” deyirdilər. Sanki iş axtaranlara yalandan ümid verməyi orta məktəbdə öyrətmişdilər. Axırıncı girdiyim paltar dükanın sahibi kişiydi. Mənə gözləriylə yeyə-yeyə suallar verirdi. Ona yalandan heç vaxt ailə qurmadığımı dedim. Həmişə gəlinlərimiz deyirdi, elə bil uşaq doğan mən deyiləm. Xadimə işlədiyimi bildi, evinə xadimə qadın axtardığını söylədi. Tək yaşayır. Ayda altı yüz manat verə bilərdi. İnanmarsız, sevincimin həddi yoxuydu.

İlk dəfə onu da bildim ki, tək yaşayan kişinin evində xadimə işləyəcəksənsə, onu ya hər gün, ya da iki gündən bir yataqda təmin edən hərtərəfli səxavətli qadın olmalısan. Razı olmadım, əliylə qapını göstərdi. Bir həftə iş axtardım, tapa bilmədim. Keçən ay aldığım maaşı kirayə puluna verdim. Dövlətdən aldığım yetim puluna isə qışda kisəylə kartof, soğan, yağ almışdım. Ondan sonra uşağa pal-paltar almışdım. Hələ də tualeti olanda deyə bilmirdi, pampers alırdım. Bir sözlə, yetim pulu ancaq oğlumu görürdü. Axırıncı dolmalıq əti iki gün olar bişirmişəm. Onu da atam almışdı. Tərslikdən oğlum da ət xörəklərini yeyəndə xoşbəxt olur. Ürəyim partlayırdı. Elə bir gün gəldi ki, kisəylə olan kartofumuz da qurtardı.

Babasına, nənəsinə yaman bağlanmışdı oğlum. Mənə də bəzən “nənə” deyirdi. Bəzi sözləri təmiz deyirdi, cümlələri qura bilmirdi. Atası öləndə təzə-təzə yeriyirdi. Atam onu pis öyrətmişdi. Nə istəyirdi, alırdı, bu da xoşuma gəlmirdi. Evə gələndə məndən də istəyirdi, “ yaxşı balam” deyib yola verirdim.

Taleyim tərs gətirmişdi. Artıq buna əminiydim.Özümü tərifləmirəm. Üzdən gözəl qadınam, bədənimə baxan uşaq doğduğuma inanmır. Görünüşümdə əskik heç nə yoxdu. Vallah, gözəllik müsabiqəsinə qatılsam, mütləq bir yer tutaram.

İşsiz olan günlərimdə qardaşlarım bir dəfə olsun qapımı açmamışdılar. Onları evlərinə gedəndən-gedənə görürdüm. Bir tərəfdən qınamıram. Ata-anamın sağlamlıqla bağlı pronlemlərinə başları qarışmışdı. İnsafən, gəlinimiz mərhəmətli, əsl insandır. Oğluma yaxşı baxırdı, balalarından fərqləndirmirdi.

Dörd gündür qazım kəsilmiş, işığım yanmırdı. Şükür edirəm, yaydır. Yayda soyuq suyla çimməyə öyrəşmişdim. Qışı düşünüdükcə, özümü öldürmək həddinə çatırdım. Yaxşı qonşularım vardı. Zəminə yaşıdım olduğu üçün yaxınıydıq. Dərdimizi, sərimizi bölüşərdik. Bir dəfə mənə dedi ki, bəs, filan yerdə bir qadın var, evini təmizləyən qulluqçu lazımdır. Səni demişəm, bircə günə lazımdır. Üç otağı var, süpürüb, silməliydim, yuyulmuş paltarlarını ütüləməliydim. Sevindim, lotereyada milyon qazanmış insanlar kimi!

Telefonda əlli manata razılaşdım. Ünvanı aldım, oğlumu Zəminəgildə qoyub saat on birdə deyilən ünvanda oldum. Getdiyim yerdə çoxlu həyət evləri vardı. Hamısı da hasarlı.

Qapını döydüm, açan olmadı. Mən indi də telefon işlətmirdim. Bilmirdim gözləyim, yoxsa geri qayıdım. Birdən uzaqdan gələn maşın qonşunun bəzəkli dəmir qapısının qarşısında saxladı. Orta yaşlı kişi maşınını saxlayana qədər gözlərini məndən çəkmədi. Əsəbləşdim, məni çağıran qadını mızıldanaraq söydüm:

– Eşşək qızı, çağırmısan, canın çıxsın, vaxtında aç da qapını.

Qapı açılmadı ki, açılmadı. Üz-gözü qırışmış, saç-saqqalı qapqara qarınlı kişi mənə baxa-baxa maşınının qapısını açdı da, düşdü də, sonra qapısını örtdü də.

Baqajın qapısını açanda da baxırdı. Üç-dörd kisə nəsə götürüb üzbəüz dəmir qapının ağzınacan apardı. Deyəsən, imkanlı adamlar da qənaət edirlər. Ərzaqlarını kisəylə alırlar. Yenə kişi məndən gözlərini çəkmirdi. Mən də kisələrinə baxırdım. Bilirdim, gec-tez məni danışdıracaq, yanılmamışdım, ilk sualını verdi:

– Sənubər xanım lazımdı?

– Bəli. Dünən danışmışdıq, bugün görüşməliydik.

– Nə üçün lazımdır?

– İş üçün gəlmişəm. Evini təmizləməliydim.

– Nömrəsi yoxdu sizdə? Zəng edib soruşun.

– Telefonum yoxdur.

Kişi axırıncı kisəni də darvaza qapısına söykəyəndən sonra mənə yaxınlaşdı. Cibindən çıxardığı telefonu mənə uzatdı.

– İndiki zamanda nə əcəb telefon işlətmirsiz? Özünüz də cavan gəlinsiz. Tək-tənha buracan ürək edib gəlirsiz. Buralar elə də sakit yer deyil. Buyurun, Sənubər xanıma zəng edin.

Telefonu adamdan aldım, yadıma düşdü ki, Sənubər xanımın nömrəsini əzbər bilmirəm.

– Sənubər xanımın nömrəsini bilmirəm ki!…- adamın telefonunu qaytardım. Söz gəlişi adam yazıram. Alçaq köhnə müdürüm kimi baxırdı. Gözləriylə məni yeyirdi, xəyalında çoxdan soyundurub geyindirmiş, üstəlik , yola da salmışdı.

– Nə qədər verəcəkdi sizə?

– Necə? – sual məni çaşdırmışdı.

– Sənubər xanım evini tez-tez təmizlətdirir. Sizə nə qədər verəcəkdi?

– Əlli manat.

– Belə edək, üç həftədir xanımımı rayona göndərmişəm. Tək yaşayıram. Ev pis gündədir. Siz mənim evimi təmizləyin. Əvəzində o pulu mən sizə verim.

Əlli manata yerlə göyə qədər ehtiyyacım vardı. Bu adamı da tanımırdım. Özü də mənə yaxşı baxmırdı, başımı aşağı salanda , oğrun-oğrun süzdüyünü hiss edirdim.

– İnciməyin, mən sizi tanımıram, axı!…

– Ona qalsa, Sənubər xanımı da tanımırsız. Fərqi nədir, o ev olmasın, bu ev olsun. Ola bilər, məndən çəkinirsən, çəkinmə. Mən həyətdə gözləyərəm. Evin qapısını içəridən bağlayarsan. Nə deyirsən?

Əclafda əsl həyat təcrübəsi vardı. İki dəqiqəyə “siz” dən ” sən”ə keçmişdi. Amma təklifi də ağlabatanıydı. Evin qapısını içəridən bağlayacaqdım.

Adam sualını təkrarladı:

– Nə deyirsən?

Razılaşdım, yenə də narahat idim. Bilmirəm niyə? Cibindən bir-neçə açar çıxardı. Dəmir qapını açdı, açarlarların arasından evin açarını seçib mənə uzatdı. Dəmir qapıdan içəri girmək istəyirdim, telefonuyla kisələrin şəklini çəkdiyini gördüm.

– Neynirsiz? – maraqlı gəldi.

– Yoldaşıma göndərəcəm. Bir həftəyə gəlməlidir. Qışa hazırlıq görürürk hər yay. Şoraba bağlamalıdır. Göndərdim ki, tez gəlsin. Kisələrə nəzər saldım, xiyar, badımcan, bibər vardı.

– Soyuducunuzda yer var? Kənarda qalsa, bibər üç-dörd günə xarab olar, xiyarla da badımcan bürüşər.

– Düz deyirsən. Ona görə gərək tez gəlməyini istəyirəm. Sən belə elə. Əsas mətbəxi səliqəyə sal, bir də qonaq otağını. Qalanlarını özüm edəcəm. Həm də səndən bir xahişim var.

– Buyurun!

– Xiyarı sənə verirəm, apararsan. – əlini kisəyə uzatdı.

Tələsik cavab verdim:

– Çox sağ olun, lazım deyil.

Adam əsəbləşdi:

– Olmadı ki!… Xahiş elədim, axı.

– Apara bilməyəcəm, ağır olacaq.

– Sənə kim dedi, sən aparacaqsan? Maşınla özüm aparacam.

– Vallah, əziyyət çəkirsiz.

– Nə əziyyəti? Belimdə daşımıram, maşınla aparıram.

– Çox sağ olun – deyə bildim ancaq. Guya, başqa nə deyə bilərdim?!

Evin qapısını açdım. Düzü, bir anlıq adam haqqında pis fikirləşdiyim üçün hardasa xəcalət də çəkdim. Müdirimin hərəkətindən sonra ixtiyarsız kişilərdən qorxurdum. Hamısını ona bənzədirdim. Deyirlər, kişi əxlaqlı qadınla gəzəyən qadını yerişindən, hərəkətlərindən tanıyır. Bəlkə özü üçün onu müəyyənləşdirirdi. Ümumiyyətlə, tənhalıqdan, bir az da bəxtimdən incidiyim üçün hər şeyə qəlbiqara yanaşırdım. Qapını da bağlayıb, bağlamamaq barədə tərəddüd edirdim. “Yaxşı deyil, ayıbdır” – fikirləşdim, qapını örtdüm, amma bağlamadım. Sadəcə həyətdə mənə baxan o adamı inandırmaq üçün bağlamış kimi göstərdim.

Açarı stolun üstünə qoydum. Ev çox gözəliydi. Bahalı mebellər, xrustal qablar… Sözlə ifadə eləməkdə çətinlik çəkirəm. Qonaq otağında divanın arxası tamamilə güzgülüydü. Digər divarların hərəsində maraqlı rəsm əsərləri vardı. Hər əsərdə anadangəlmə ya lüt qadınlar vardı, ya da lüt qadınlar-kişilər. Bu adamın arvadıyla birlikdə fərqli və bir o qədər də maraqlı zövqləri vardı. Mətbəxə keçdim, mətbəx mebeli də gözəliydi. Qab-qacaqlarından hamısının bahalı olduğu bilinirdi. İşim heç bir saat çəkmədi. Səliqəsiz kişi deyildi, çox iş görmədim; qabları yudum, şkafın üstünü təmizlədim. Qonaq otağında divanın, kreslonun üstündəki örpəkləri səliqəyə saldım. Bir anlıq güzgülü divarda qırmızı ləkə gözümə dəydi. Barmağımla ləkəyə toxundum. Pomada ləkəsinə oxşayırdı. Qəribədir, yəqin arvadı bəzək-düzəyinə fikir verənlərdəndir – düşündüm.

Əlimdəki parçayla ləkəni sildim. Artıq işimi bitirmişdim. Qapını açanda gördüm ki, kişi axırıncı xiyar kisəsini qapının ağzınacan gətirir. Təəccüblə üzünə baxdım. Pərtliyimdən başa düşmüşdü, əliylə alnını döyəclədi.

– Nə huşsuz adamam. Yadımdan çıxıb xiyarı da gətirdim.

– Eybi yox – gülümsədim.

– Hə, dediyim yerləri təmizlədin? – soruşdu.

– Aha, təmizlədim.

– Gözlə, üstümdəki pul xırda deyil. Evdə pulu xırdalayım, gəlirəm.

Qapının ağzına çatanda geri döndü:

– Bura bax, nə sən deyirsən, nə də mən soruşuram. Adın nədi?

– Nahidə.

Yenə mənə birinci baxdığı kimi baxdı. Ağır-ağır adımı bir-iki dəfə təkrarladı:

– Səndən yenə xahişim olacaq. Mənə zəng gəldi, təcili getməliyəm. Mən pulu gətirənəcən, sən kisəni qapıyacan apara bilərsən?

– Əlbəttə – fikirləşmədən razılaşdım. Çarəm nəydi? Sürüyə-sürüyə aparacaqdım. Tək qadının görəcəyi iş deyildi. Qan-tərin içində dəmir qapıyacan asta-asta sürüdüm. Dəhşət sussamışdım. ”İmam ehsanı, insaflı olaydı, bir stəkan su gətirəydi” – ürəyimdən keçirdim. Kisəni dəmir qapıdan küçəyə çıxartdım. Adam maşını xeyli aralıda saxlamışdı. Mətəəl qalmışdım, gicdir, nədir? Başdan xarabın oğlu – öz-özümə deyinə-deyinə məcbur xiyar kisəsini maşına tərəf sürüyürdüm.

Maşına az qalmışdım çatım, kimsə qolumdan tutdu. O idi.

O, “Başa düşmədim, bu nə deməkdir? – deyəndə çaş-baş qaldım. Adamın səs tonu dəyişmişdi, düşmən kimi danışırdı. Üzünün də mimikaları başqa cürüydü, kömək edən adama oxşamırdı.

– Maşına tərəf gətirirdim – özümü itirmədim.

– Utanmırsan, oğurluq edirsən?

– Necə? – axirətin əlaməti gərək ki bu ola!…

– Nə danışırsız? Oğurlamaq nədir?

– Ay qız, koram mən? Görmürəm, sakitcə kisəni oğurluyursan?..

Bəyaq sussuzluqdan, indiysə qorxudan dilim ağzımda qurudu.

– Allahınız olsun, siz özünüz vermədinizmi, apar evinə?

– Mən səni tanımıram. Niyə nəysə verməliyəm?

Getdik – qolumdan tutub, dartışdırırdı.

– Buraxın qolumu. Qışqırıb camaatı töküm bura, görək oğru kimdi?

– Məsləhət görməzdim – telefonun galleriya bölməsinə girdi, mənə video göstərdi. Ay allah, bu nə taledir yazmısan mənə? Səni çoxdan unutmuş bu əclaf, mən kisəni qapıdan çıxardanacan çəkib. Özdə elə çəkib ki, guya oğurlamışam. İndi mən neyləyəcəm? Haranın külünü başıma tökəcəm? Ürəyim partlayırdı, polis bu videonu görsə, oğru adıyla aparacaqlar. Nə oğrusu? Xiyar oğrusu… İçin- için ağlayırdım. Asta səslə danışmağa başladı:

– Ağlama, məsələni öz aramızda həll edə bilərik. Keçək həyətə. Kisə burda qalsın.

Əlacım yoxuydu. Onunla birlikdə həyətə girdim, dəmir qapını arxadan bağladı, açarı cibinə qoydu. Qorxumdan əsirdim. Təzyiqimi ölçsəydilər, ürəyimin döyüntüsü normadan artıq olardı.

Evə keçdik, qonaq otağına!… Divanda oturmağımı istədi, oturdum

Məndən bir az aralı, üzbəüz kresloda özü oturdu, ayağını ayağın üstünə aşırdı. Üzünə baxa bilmirdim. Günahkar qarşımdakı əclafıydı, utanan mən!

– Belə edək, neçə yaşın var? – yersiz sualını verdi.

– İyirmi birə keçdim.

– Lap yaxşı. Polis çağırsam, evdəki barmaq izlərin və əlimdəki video səni xilas edə bilməyəcək. Türmədə sənə xiyar oğrusu deyəcəklər. Qadın zorlayan qadınlar tanıyacaqsan. Maşallah, gözəl-göyçək gəlinsən. Lazımdı bu sənə?.

– Yox, lazım deyil – səsimin titrədiyini, bədənimin əsdiyini da açıq aşkar görürdü.

– Ay sağ ol. Ərin var?

– Rəhmətə gedib.

– Rəhmətə gedib, ya boşanmısan?

– Rəhmətə gedib.

– Hmm. Allah rəhmət eləsin.

Cavab vermədim.

– Uşağın?

– Bir oğlum var.

– Bilirsən də, tutulsan oğlunun taleyi necə olacaq?!.

– Necə olacaq? – dözə bilmədim, hönkürtüylə ağladım. Yanımda əyləşdiyini hiss elədim. Əli belimdə gəzirdi. İndi elə vəziyyətdəydim ki, ürəyimdən keçən, bacara bilmədiyim şilləni üzünə vura bilmirdim. Dırnaqlarımla üz-gözünü cırmaqlaya bilmirdim.

– Tutulsan, oğlunu uşaq evinə verəcəklər. Sonra avaralara qoşulacaq. Narkoman olacaq. Hamı ona ” oğrunun oğlu” deyəcək.

Cəsarətimi toplayıb üzünə baxdım. Üzü də, gözü də alışıb yanırdı. Hansı hisslərin yanğısı olduğunu çoxdan anlamışdım. Elə o hisslər onu indi qarşımda dünyann ən alçaq kişisi eləmişdi.

– Siz məni tələyə saldız?

– Bunu sən deyirsən – başımdakı rezini açdı, saçımı çiyniməcən dağıtdı, barmaqlarıyla daraq əvəzi astaca darayırdı. Həyat mənə qarşı amansız olmuşdu. Artıq uduzduğumu qəbul eləmişdim.

– Dodaqların böyükdür. Əsl öpüləsi dodaqlardır – yanıqlı danışırdı. Nəfəsini alnımda, üzümdə hiss edirdim. Hazırlığını əvvəlcədən görmüşdü. Nəfəsindən nanə iyi gəlirdi. Sonra ayağa qalxdı;

– Əvvəlcə mən deyilənləri təkrarlamalısan. Bir-iki cümlə ərəbcə deyəcəm,təkrarlayacaqsan.

İkrahla üzünə baxdım.

– O dünyada sənə görə sorğu-sual olunmaq istəmirəm. Səni özümə siğə edəcəm.

– Siğə? – ilk dəfəydi haqqında eşidirdim.

– Müvvəqəti kəbin. Görürsən? Səni də günaha batırmıram. Molla adamam, burda hamı məni yaxşı tanıyır. Hamı da hörmət edir.

Danışdıqları üstümə atdığı şərdən daha çox dəhşətə gətirmişdi. Düz deyirmişlər, “mollayla yola çıx, günün yarısından sonra olacaqsan kəbinli arvadı”.

Geydirmə molla hamama keçdi, dəstəmaz almaq üçün!… Sonra əlində vərəq, yanıma gəldi. Ərəbcə nə dedi, təkrarladım. Vərəqi stolun üstünə qoyub şkafın siyirməsini açdı, pomada çıxartdı.

– Üstündə karandaşın var?

Keyləşmişdim, başımla olmadığını bildirdim. Siyirmədən karandaş da götürdü, yanıma gəldi.

– Gözlərini qara, dodağını qırmızı edirsən.

– Niyə? – Mollalar gərək ki bəzəkli qadından gen qaçır, düşünürdüm.

– Belə istəyirəm. – əlimdən tutdu, yataq otağına gətirdi. Çarpayısının üstündə həddindən artıq açıq-saçıq olan qısa gecə paltarı vardı. Çox güman, videomu çəkməmişdən əvvəl mənim üçün hazırlamışdı. Heç ərim üçün bu cür geyimim olmamışdı.

Otaqdan çıxanda qapını örtdü. Hönkürtüylə ağlamağa başladım. Bir anlıq düşündüm, mətbəxə qaçım, biləyimi bıçaqla kəsim. Sonra? Bu adamın gözü allahı da görmürdü indi. Birdən məni həkimə aparmasaydı? Mən öləndən sonra basdırsaydı? Yox! Yaxşısı budur, qaçım. Yenə də alınmırdı. Həyətin dəmir qapısı bağlıydı. Acığa düşüb polis çağıracaq. Özüm də öldürə bilməzdim bu əclafı!…

Qarşımda yenə sürətimi gördüm. Mənə bütün əziyyətlərdən qurtulacağımı , qarşıma çıxan kişilərin bu əclafdan fərqlənməyəcəyini deyirdi. Dözmədim, yenə əlimlə üzümü tutub ağladım.

– Bacarmaram.

– Bacaracaqsan. Bədən sənin olacaq, içindəki mən. Sənə kişi lazımdır. O, səni ələ keçirənəcən azğınlaşacaq. Sonra canavar özün olacaqsan. Ağlın olsun, istifadə elə, həmişə yay olmayacaq…

Şkafın güzgüsündə öz əksimi gördüm. Mənə tamah salan kişiləri bir-bir xatırladım. Mənim kimi qadını tək qoyan deyildilər. Başa düşdüm ki, yaşadığım şəhərdə kişilərin yarısı əclaf olubsa, deməli, təmiz qadın olmaq ondan iki dəfə çətindir. O an şeytan mənim surətimdə qəlbimə girdi. Hə, şeytan bütün hisslərini mənə vermişdi. Amma yoox! Mən belə istəmirdim. Həqiqətən istəmirdim!…

Ağlamaqdan yorulmuşdum. Ağır-ağır ayağa qalxdım. Özümə yaxından baxmaq üçün güzgüyə yaxınlaşdım. Şeytani hisslər mənə hakim kəsilmişdi. Özümə baxa-baxa soyundum. Dünyaya təzəcə gəlmiş körpə kimi oldum. Körpə bədənimi seyr edə-edə gözlərimin kənarlarını qəsdən qaraladım, dodağımı qıpqırmızı boyadım. Qara rəngdə gecə paltarını geyindim. Qolumun, ayaqlarımın seyrək tükünə fikir verməsəm, fahişəyə oxşayırdım. Şalvar altında qalan ayaqlarım hardan biləydi, bugün bir kişinin tələsinə düşəcək?

Qonaq otağına gəldim. Utanmaq hissimi yavaş-yavaş itirirdim. Bu kişidən iyrənməyim utanmaq hissimə qalib gəlmişdi. Divanı kənara çəkmişdi. Güzgülü divarın qarşısında kreslo vardı

– Tez ol, üzünü divara, kürəyini mən tərəfə çevir.

Dediyi kimi elədim. Kreslonun kənarlarından tutdum. Zamoqunun səsindən dözməyəcəyini başa düşmüşdüm. Güzgüdən hər şeyi görürdüm. Gözlərini yummuşdu, işini görürdü. Ərimdən sonra ilk dəfə başqa kişiylə olurdum, zövq almırdım. Ərim kimi güclü deyildi, özünü məcbur edirdi ki, mənə kişi olduğunu sübut eləsin. Əmin olmuşdum, öz arvadına qadınlıq həzzini yaşatmırdı bu əclaf.

Qəfildən saçlarımdan tutdu:

– Ayağa qalx, üzü üstə güzgüyə söykən. Söykəndim, bu dəfə özünü sürtürdü. Əzab çəkirdi. Dodaqlarım güzgüyə dəyəndə, bəyaq sildiyim pomada ləkəsini xatırladım. Deməli, məndən əvvəl neçə qadının bədəni divar güzgüsüylə yaşamışdı. O qadınlara etdiyi hər hərəkəti mənə də elətdirdi. Hər dediyini edirdim.. Ərim üçün eləmədiklərimi də elədim, xeyri olmadı. Molla şeytana uyub, allah tərəfindən çoxdan cəzalanmışdı. Bunu anlayandan sonra onu bir tərəfdən də mən cəzalandırdım. Şər atmışdı üstümə. Qisasımı almalıydım. Əlindəki videonu da nəzərə almırdım.

Arvadı rayondan qayıdanacan həftənin hər günü yanına gedirdim, hərarətli bədənimlə zəif kişi olduğunu sübut edirdim ona. Sonuncu günün gecəsini də yanında keçirdim. Onun istəyilə əlini-ayaqlarını bağlayıb, döyürdüm. Dodağını qırmızı pomadayla boyamışdım. Düzdür, o, bunu məndən gözləmirdi. Gözlərini karandaşla bəzəyib, iki gün əvvəl mənə aldığı telefonla videosunu çəkdim. Bunları mən yox, içimdəki sürətim edirdi. Bu mənə onunla yatmaqdan daha çox zövq verirdi. Yataqda yalvardıqca özümü kəşf edirdim. Arvadının ürəyindən keçib, elətdirə bilmədiklərini elətdirirdim, sındırırdım onu.

Xadiməlikdən bir ay qazandığımı, artıqlamasıyla bir həftəyə qazanmışdım. Bu dəfə mollanı mən aldatdım. Ev yiyəsinin məni çox incitdiyini dedim, əlavə beş yüz manat aldım. Razılaşdıq ki, mənim evimdə görüşəcəyik. Əlbəttə, məharətlə yalan danışmağı öyrənmişdim.

Bircə gündən sonra oğlumla daha geniş, mebelləri olan evə köçdük. Utandığımdan köhnə qonşularımla vidalaşmalı oldum.

Yatmış bəxtim ayağımın sürüşkənliyinə səksənib oyanmışdı. Köçdüyüm evin sahibi kişiydi, yaxşı yerdə işləyirdi. Evi boş qalmasın deyə, kirayə verirdi. Bir-neçə aydan sonra mənə qarşı hədsiz səxavətli oldu.

Kirayə haqqı almırdı, imkan düşdükcə özü pul verirdi. Bəzi gecələr onun başqa evində, yanında qalırdım. Yaxşı insandır, tez-tez başqa ölkələrə işlə bağlı gedirdi. Ona sədaqətli qadın ola bilərdim. Hərçənd, ona sadiq qaldığımı düşünür, inanır mənə. Sadəcə, artıq təmiz qadın olmağı bacarmadım. Kişilərdən istifadə etmək mənə zövq verirdi. Həm də bədənim fərqli kişilərin nəfəsinə öyrəşmişdi, narkoman idim elə bil. Kişi bədəninin əsiri olmuşdu bədənim. Bu nə zamanacan davam edəcək, bilmirəm!… Telefonumdakı videonu mollanı bir-neçə dəfə şantaj edib on minəcən pul alandan sonra pozdum. Xiyar oğurluğundan fahişəyəcən olan taleyimi o, yazmışdı.

Özümə otaq yoldaşı bir xanım da tapmışdım. Məndən böyük və təcrübəli qadın idi – Mətanət. Mənim üçün pullu kişilər tapırdı. Bəzən olurdu ki, xoşuma gələn oğlanlarla yatırdım, əvəzində onlara mən pul verirdim. Onlar məndən pul istəmirdilər, hətta pulu yalvara-yalvara verdiklərim də olurdu. İşsizliyin, aclığın necə hiss olduğunu onlar qədər başa düşürdüm. Qadın bədəni yaradanın ona verdiyi ən dəyərli mükafatdır. Bədənimə görə nə qədər şükür eləsəydim, azdır. Mətanətin universitetdə oxuyan qızı vardı. Bakirəydi. “ Bakirə” yazıram, çünki fahişələr həyatın çirkablarını gözləriylə gördükləri üçün, balalarını qorumağın yollarını daha yaxşı bilirdilər. İkimiz də övladlarımızın bizim haqqımızda nəysə bilməyini istəmirdik. Onları özgələrdən çox özümüzdən qoruyurduq.Təzə evə köçdüyümü atamgilə başqa cür izah elədim. Mətanəti kirayə qaldığım evin sahibəsi bilirlər. Yazdım axı, yalan danışmaq mənim üçün asanlaşmışdı.

Oğlum indi isti otağında yatıb. Saat doqquzdur. Oğlum bir az böyüsün, müştərilərimlə gündüzlər görüşüb gecələr yanında qalacam.

Qadın olaraq əzildim, ölmədim. Ana kimi heç vaxt əzilmərəm, nə də səni əzdirmərəm, oğlum! Belə!… Hazırlaşmalıyam. Bu gecə səhər yolda tanış olduğum kişinin qadını olmalıyam! Vəhşi kişilər mənim kimi qadınlara “pozğun”, “fahişə” deyə-deyə zövq alırlar. Və iki ildə fikrim də dəyişmişdi. Dilənçi olmaq fahişə olmaqdan min dəfə yaxşıdır. Onlar insanları üzdən tanıyıb pul alırlar. Bizim kimi dərindən tanımağa ehtiyyac duymurlar. Bizim kimi pul istəyirlər, əvəzində pul verən kişi kişiliyini sübut eləsin deyə, söyüşlərindən cuşa gəlmirlər.

Budur, qapı döyüldü. Gələn müştəridir, mən getməliyəm!… Əgər taleyimdə yazılıbsa, qocalmamış fahişəliyə tövbə etdirən həyat yolumu dəftərimdə xatirəyə çevirərəm…

 

 

 

Gununsesi.org