Əvvəllər bir sənətkar 10-15 ilə tanınırdı, indi isə…

  • By admin
  • 26 May 2022 13:54

Müsabiqədə bir çox fərqli səs sahibləri öz istedadlarını nümayiş etdirirlər. Bu müsabiqə Azərbaycanla yanaşı, ölkə hüdudlarından kənarda da böyük maraqla izlənilir. 

Bəs müsabiqənin münsiflər heyəti müsabiqə və iştirakçıları barədə nə düşünür? 

Publika.azVIII “Muğam” Televiziya Müsabiqəsinin münsiflər heyətinin bir neçə üzvünü fikrini öyrənib.

Xalq artisti Nəzakət Teymurova: “Müsabiqəyə yaxşı səslər gəlir, lakin muğam elə bir sənətdir ki, püxtələşmək, təcrübə lazımdır. İllər keçməlidir. Müsabiqəyə qatılan gənclər də qısa müddətdir ki, müəllimlərindən əlavə burada da əziyyət çəkirlər. Həmin zəhmətin bariz nümunəsidir ki, hər dəfə yeni muğamlarla repertuarlarını dəyişirlər. Həmin repertuarlarda qəzəliyyatlar əsas rol oynayır. Hər həftə bir şairin, bir qəzəlxanın qəzəllərini öyrənirlər. Bundan başqa, xalq mahnıları, təsniflər ifa edirlər və qısa müddətdə praktika yığırlar. Gənc olmalarına baxmayaraq, qısa müddətdə əldə etdikləri uğurlarla tamaşaçıların sevgisini qazanırlar”.

Xalq artisti Teyyub Aslanov: “Muğam müsabiqəsi öz axarı ilə gedir. Bu dəfə xalq mahnıları və bir az iri həcmli, yəni zərbi muğamlar və şikəstələr həftəsi olacaq. Gözləntilərimiz çox böyükdür. Düşünürəm ki, bu müsabiqədə yeni səslər üzə çıxacaq. Kim güclüdürsə, o da qalib olsun. Şəxsən indidən mənim özümün favoritlərim var. Ümid edirəm ki, müsabiqə bitənə qədər onlar daha da püxtələşəcəklər və gözəl ifalar nümayiş etdirəcəklər. Nəticədə muğamımız yeni səslər, biz isə gözəl ifaçılar qazanacağıq. Mətbuata da bu müsabiqəni tez-tez işıqlandırdığına görə təşəkkür edirəm”.

Xalq artisti Səkinə İsmayılova: “Müsabiqədə hər şey qaydasındadır. Pandemiya ilə əlaqədar fasilə verilmişdi, ona görə gənclər də çox həvəslə bu müsabiqəyə qatılıblar. 3 aya yaxın müddətdə iştirakçılara öz istedadlarını nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İstedadı ilə fərqlənən gənclər bu müsabiqə vasitəsilə xalq tərəfindən tanınır, sevilir. Müsabiqəmizin səs-sorağı nəinki Azərbaycanda, ölkə hüdudlarından kənara da yayılıb. Çox geniş əhatəli sevgiyə nail olmuşuq. Gənclərimiz arasında da çox gözəl və fərqli səslər var. Düşünürəm ki, iştirakçılarımız özlərini müsabiqə boyunca daha da təkmilləşdirəcək. Bu layihənin keçirilməsinə görə ölkəmizin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. Bu sənətə gələndə bizi nələr gözlədiyini bilmirdik. Lakin bu gün gənclərimiz bilirlər ki, onların arxasında dövlətimiz dayanıb. Gənc istedadlara hər cür imkan yaradılıb. Tək müsabiqədə deyil, müsabiqədən sonra da dövlətimiz bu gənclərimizin təhsili ilə maraqlanır ki, onlar bu sənətdə daha da peşəkarlaşsınlar. Bütün bunlara görə dövlət başçımıza və birinci xanıma təşəkkür edirəm. Vaxt var idi bir sənətkarın tanınması üçün 10-15 il müddət lazım idi. Lakin hazırda 3 ay müddətində yaxşı ifaçı tanınır və sevilir. Bunlar çox önəmli məqamlardır”.