Bu gün 1 İyun ənənəvi olaraq Dünya Uşaqlar Günü kimi keçirilir. Daha dəqiqi, bu gün Dünyada Uşaqların Qorunması Günü (Uşaqların Beynəlxalq Müdafiəsi Günü) olaraq bayram edilir. Eyni zamanda bu gün valideynlər günü kimi də vurğulanır. Çağırış isə aydındı: Uşaq hüquqlarını qorumaq və onlara öz hüquqlarını qorumağa kömək etmək; valideynlik missiyasının önəmini irəli çəkmək.
Bu bayram ən köhnə bayramlardan biridi. Onun keçirilmə qərarı 1925-ci ildə Cenevrədə Beynəlxalq konferensiyada verilib. Həmin konferensiya uşaqların uğurlu yaşayışına həsr edilib. Niyə məhz iyunun biri sualına cavab olaraq müxtəlif versiyalar var. Versiyalardan biri odur ki, 1925-ci ildə Çinin baş konsulu San-Fransiskoda bir qrup kimsəsiz çinli uşağı yığıb onlar üçün “əjdaha qayıq” festivalı təşkil edib. Bu festivalın kədərli tarixçəsi olsa da, çinlilər əsrlərdi onu bayram kimi qeyd edirlər. Çu çarlığında yaşayan şair Syuy Yuan çara siyasi deqradasiya, reformların vacibliyi ilə bağlı müraciətlər edir. Əyanları bunu çara olduğu kimi deyil, təhrif edilmiş şəkildə çatdırırlar. Çar da şairin paytaxtdan qovulmasını əmr edir. Syuy Yuan xəbəri eşitcək baş verənləri milli rəzalət hesab edərək özünü çaya atır. Hadisədən sarsılan xalq qayıqlara minib şairini axtarır. Qayıqlar əjdaha formasında olduğu üçün o vaxtdan həmin gün (beşinci ayın beşinci günü) “əjdaha qayıq” bayramı kimi qeyd edilir.