10 manat sirkə bilet, 20 manat da avtomobilə görə cərimə -BAKI DÖVLƏT SİRKİNİN QARŞISINDA ƏSL TAMAŞA BAŞ VERİR

  • By admin
  • 04 Dekabr 2023 13:57

Bakı Dövlət Sirkinin qarşısında parklanan avtomobillərə kütləvi şəkildə cərimə yazılır. 

Ancaq Bakı Şəhəri Nəsimi Rayon Yol Polisi əməkdaşları tərəfindən yazılan bu cərimə vətəndaşların ciddi narazılığına səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, Səməd Vurğun küçəsindəki avtomobillərin hərəkət zolağına heç bir aiddiyyatı olmayan (Sirk ərazisində) parklanan maşınlara cərimə yazılması övladlarını sirkə gətirən vətəndaşların etirazına səbəb olub.

Bu narazılığı araşdıran əməkdaşımız da iddiaların doğru olduğunu öyrənib.

Qeyd edək ki, YPX əməkdaşlarının cərimə yazdığı avtomobillər nə nəqliyyatın hərəkət zolağında, nə də piyada keçidlərində parklanmır.

Təqdim etdiyimiz fotolarda da bunun şahidi ola bilərsiniz.

Övladını sirkə gətirən valideyn Yeganə Abbasova deyir ki, 10 manat bilet alaraq sirkə gəlsə də əlavə zərərə düşüb: “Telefonuma sms gəldi ki, avtomobiliniz cərimələnib. Mən parklanma ərazisində qadağanedici hər hansı bir nişan görməmişəm. Siz də burada şahidisiniz ki, burada dayanan maşınlar heç nəyə maneçilik törətmir”.

İlin sonu olduğu üçün Bakı Dövlət Sirki öz qapısını tamaşaçılara açıb.

Bu isə gün ərzində yüzlərlə avtomobilin həmin ərazidə  parklanması  ilə bərabər kütləvi cərimə deməkdir.

Övladına sirk sevinci yaşadan valideynlər isə YPX məyusluq və narazılıq hissi yaşadır.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi  Araz Əsgərli isə Gununsesi.info-ya bildirib ki, vətəndaşların narazılığı varsa, rəsmi qaydada Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər.

Cərimələrin qanunsuz yazılması faktına gəlincə, Araz Əsgərli bildirib ki, müraciət olunacağı təqdirdə  araşdırlacaq.

BDYP sözüçüsü əlavə edib ki,Yerüstü Nəqliyyat Agentliyi həmin əraziyə dəvət oluna və parklanma üçün müvafiq tədbirlər görə bilər:”Parklanma üçün tablolar  olan halda orada cərimə yazılmayacaq. Hazırda cərimələr “Yol Hərəkəti haqqında” qanunun 52-ci maddəsindəki “dayanma-durmanı qadağan edən” hallara uyğundur “.

 

 

 

Elmar Elnuroğlu

Gununsesi.info