10 yaşlı qız valideynlərinin fədakarlığı sayəsində xilas oldu -FOTO/VİDEO

Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdə xilas olanlar insanların dərin hüznünə az da olsa, təsəlli oldular. Bu ümid qığılcımlarından biri də 10 yaşlı Eylül İklimdir. Ancaq onun yaşaması böyük fədakarlıq sayəsində mümkün olub. Belə ki, fəlakət baş verən vaxt onun atası və anası özlərini övladlarının üzərinə sipər ediblər.

Bu barədə Gümüşhanedən Adıyamana gedən xilasedicilər danışıblar.

Onların sözlərinə görə, zəlzələdən 30 saat sonra dağıntıların altından qızcığazın səsini eşidiblər.

“Eylül – “Mən burdayam”, – deyə qışqırırdı. Uşağın üzünə zərər verməyəcək şəkildə işə başladıq. Dağıntının ilk parçasını aşdıq, övladımızın üzünü, gözlərinin parıltısını gördük, çox təsirləndik. Eylülün üzərində yastıq və ya xalça olduğunu düşündük. Amma sən demə anası imiş. O, zəlzələ zamanı Eylülü xilas etməyə çalışıb, atası isə onlar üçün sipər olub. Biz əvvəlcə Eylülün anasını götürməli idik. Valideynlərinin öldüyünü anlamaması üçün Eylülə dedik ki, zərər görməməsi üçün üzünü örtəcəyik. Birinci qadını çıxartdıq. Sonra atasını göstərmədən Eylülü çıxardıq”, – deyə onlar danışıblar.

Qeyd edək ki, qızcığaz artıq müalicə olunub və qohumuna təhvil verilib.

 

Mənbə: Haber Global