“Konstitusiya” Araşdırmalar Fondun həyata keçirdiyi layihə çəçivəsində 101 məhkum ödənişsiz hüquqi yardım alıb, 194 məhkum əfvetmə, amnsistiya və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə maarifləndirilib.
Gununsesi.info xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım” layihəsinin icrasını davam etdirir. Belə ki, Əliməmməd Nuriyevin rəhbərliyi altında layihə heyəti cari ilin 3 iyul tarixində Şəki qarışıq tipli cəzaçəkmə müəssisəsində, 4 iyul tarixində Gəncə istintaq təcridxanasında, 8 İyul tarixində Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində, 7 avqust tarixində 1 saylı və 8 avqust tarixində saylı cəzaçəkmə müəssisəsində 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq səfərləri təşkil edilib.
Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən, müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.
Monitorinq zamanı məhkumlara vəkillər kollegiyasının üzvləri Hafiz Həsənov və Əlibaba Rzayev tərəfindən peşəkər hüquqi yardım göstərilmişdir. Ümumilikdə 101 məhkuma hüquqi yardım göstərilib.
Layihənin digər eksperti Mirəli Hüseynov səfərlər zamanı məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə bağlı qanunvericilik mövzularında maarifləndirmiş və məhkumların suallarını cavablandırmışdır. Seminarlarda ümumilikdə 194 nəfər iştirak etmişdir. İki min məhkuma layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır.
Monitorinq səfərləri avqust və sentyabr aylarında davam etdiriləcək. Sonda cəzaçəkmə müəssisələrində mövcud vəziyyətlə bağlı hesabat hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim ediləcək.
Gununsesi.info