“100-dən çox ştatlı əməkdaş dövlətdən havayı əmək haqqı almaqla məşğuldur” - EYYUB HÜSEYNOV

  • By admin
  • 05 Yanvar 2017 14:14

eyyub

2016-cı ilin noyabr ayında  Azərbaycanda  saxta qidaların, əsasən də düyü və yumurtanın  bazara ayaq açması haqda sosial şəbəkələrdə müzakirələrin ardı-arası kəsilməsə də, bu haqda rəsmi qurumların cavabı bir müddət  əhalidə sakitləşdirici rol oynadı. Lakin  işbazların qaz vurub qazan doldurması üçün əl atdıqları fırıldaqlar  yenidən əhalinin təpkisiylə qarşılandı. Bayram günlərində isə əsasən  saxta yumurtayla bağlı informasiyalar və video-görüntülər ətrafında geniş müzakirələr açıldı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Gununsesi.info-ya  açıqlamasında  ölkədə təhlükəli ərzaq məhsullarının satıldığını bildirib.  E.Hüseynov qeyd edib ki, hazırda AİB-nin ofisində  saxta yumurtaların 3 nümunəsi saxlanılır: “Bu yumurtaların harada istehsal edildiyini isə hələ də müəyyənləşdirə bilməmişik.  Başqa bir şikayətçinin isə əlində bu “yumurta”lardan biri çiy, digəri isə bişmiş formada olanı var. Cəmiyyətdə olan informasiya bəzən quşçuluq biznesiylə məşğul olan şəxslər tərəfindən  təkzib olunur. Lakin  bu informasiyaların əsası var.  Bizim ofisdə hazırda  bu rezin yumurtaların 3-ü saxlanılır.  Çox təəssüf ki, heç bir dövlət orqanı, o cümlədən  Baytarlıq İdarəsi, Quşçular Cəmiyyəti  bu məsələyə aydınlıq gətirmirlər. Cəmiyyətdə böyük ajiotaj  var.   Lakin dövlət orqanları bu məsələyə  hələ də münasibət bildirmirlər. Ümumiyyətlə,  ölkədə qida təhlükəsizliyinə dair qanun yoxdur.  Qanun olmayan yerdə isə həmişə cinayət baş verir.  Baxmayaraq ki, bu qanun beynəlxalq təşkilatlar tərəfindən hazırlanıb hökumətə təqdim edilib.  Ancaq  5 ildən çoxdur ki, bu qanuna baxılır, amma qəbul olunmur”-,deyə o bildirib.

Bu gün ən təhlükəli qidaların Azərbaycanın əmtəə bazarında satıldığını söyləyən AİB sədri qeyd edib ki, Azərbaycanda apteklər şəbəkəsinin çoxluğundan, klinikalarda, apteklərdə insanların dərman almaq üçün növbəyə durmasından, xarici ölkələrə xəstə aparanlarının sayının artmasından görünür ki, ölkənin qida sektorunda nələr baş verir: “Məsələn,  Azərbaycan kürü ölkəsi olsa da, süni kürünü təbii  kürü kimi xaricdən alır, indi də süni yumurtanı alacaqlar. Azərbaycan bazarında satıcılar, istehsalçılar, sahibkarlar nə istəyirlər onu da edirlər və əhalini aldadırlar. Yerli broyler fabrikləri, natural yumurta istehsal edənlər standartlara uyğun olaraq yumurtaların hər birinin üzərinə onun yararlılıq müddətini, istehsal tarixini və yerini qeyd etməlidir. İstehlakçının mal haqqında məlumat almaq hüququ var. Ona görə də istehlakçı aldadılmamalıdır. Müvafiq dövlət orqanları gərək bunların monitorinqini aparsın, əhaliyə məlumatlar versin”.

E.Hüseynov qeyd edib ki, ölkədə küllü miqdarda təhlükəli qida məhsulları istehsal olunur:  “Təəssüf ki, dövlət orqanları bu sahədə heç bir iş aparmırlar. Sahibkarlar onlar üçün yaradılan toxunulmazlıq hüququndan sui-istifadə edirlər. Ölkədə əhalini zəhərləyən, insanların sağlamlığına zərər vuran qidaların istehsal edilməsi bu gün də davam edir.Məsələn, 8 ildir ki, “Uzun Ömr” MMC və “Qafqaz” MMC  “İvanovka” mal nişanıyla sud məhsulları istehsal edir. Bu məhsulların heç birinin bildiyimiz İvanovka kəndiyla qətiyyən əlaqəsi yoxdur.  Yəni bu MMC-lərin heç biri  İvanovka kəndindən süd almır. Dövlət orqanlarına, İqtisadiyyat Nazirliyinə dəfələrlə bunların qarşısının alınmasıyla bağlı müraciət etmişik.   Quru süddən İvanovka  əmtəə nişanıyla mal buraxırlar. Dövlət orqanları, o cümlədən Standartlaşdırma və Patentləşdirmə İdarəsi və İqtisadiyyat Nazirliyi əhalinin  hüquqlarının qorunması sahəsində heç bir iş görmürlər.  100-lə ştatlı əməkdaş dövlətdən havayı əmək haqqı almaqla məşğuldur.  Bu məsələlərə son qoyulmalıdır”-,deyə o bildirib.

Qeyd edək ki, 2017-ci ilin bayram günlərində vətəndaşlar saxta, rezin yumurtaların şəkillərini və video-görüntülərini sosial şəbəkələrdə yerləşdirməklə əhalini bu məhsulları alarkən diqqətli olmağa çağırıblar.

Xatırladaq ki, ilkin baxışda adi toyuq yumurtasından heç nə ilə fərqlənməyən saxta yumurtaları adi toyuq yumurtasından fərqləndirmək üçün diqqətli olmaq lazımdır. Belə ki, bu yumurtanın rəngi daha şəffaf olur.  Bu “yumurta”ların qabiği gips, kalsium və parafindən,  yumurtanın ağı və  sarısı  isə jelatin və kalsium qarışığından ibarətdir.  Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir. Sonra bu qarışıq maddə kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür.

Bu yumurtalar toyuq yumurtasına nisbətən daha ucuz qiymətə satılır. Mağazadan aldığınız yumurtanın saxta olduğunu öyrənmək üçün onu sındırmanız kifayətdir. Belə ki, yumurtanı sındırıb bir müddət qabda saxlayın. Tədricən yumurtanın ağı ilə sarısının bir-birinə qarışdığını müşahidə edəcəksiniz. Çünki süni yumurtada ağı və sarısı oxşar tərkibli maddələrdən hazırlanıb

Gülnaz Qənbərli

Gununsesi.info