1001 gecə misalı “Şərq bazarı” söküləcəkmi? - FOTOLAR

  • By Mayil
  • 31 Mart 2017 09:30

unnamed (9)

“Şərq bazarı” Ticarət Mərkəzi 1982-ci ildə  (memarları U.V.Revazov, P.İ.Yarinovskidir) tikilib. 

Özü də iki mərhələdə tikilib, quraşdırılıb.

Həmin dövrlərdə bazar turistlərin ən çox baş çəkdiyi məkan idi. Burada hər şey Şərq üslübunda qurulmuşdu. Al-əlvan xalçaların, ipək parçaların fonunda bazarda alış-veriş edənlər özlərini bir anlıq “1001 gecə” nağıllarında hiss edərdilər. 1990-cı illərin sonunadək “Şərq bazarı”nda  təməl qaydalar qorunmaqla yanaşı, həm də bura heyvansevərlərin ən çox baş çəkdiyi məkan idi. Belə ki, hər bazar günü Bakının müxtəlif istiqamətlərindən buraya cürbəcür heyvanlar, quşlar gətirilər və satışa çıxarılardı…

Lakin illər bir-birini əvəz etdikcə, ətrafında tikilən hündürmərtəbəli binaların fonunda əsararəngiz “Şərq bazarı”nın görkəmiylə yanaşı daxili də sanki deqradasiyaya məruz qalırdı.  Sovetlər birliyinin süqutundan sonra fəaliyyəti dayandırılan zavod və fabriklərin işsiz qalan fəhlələri İrandan və Türkiyədən daşıyıb gətirdikləri malları bu bazarda xırıd edirdilər. Bir aralar bu bazarda satılan mallar paytaxtın digər bazarlarında əl-əl axtarılardı…

unnamed (12)

Zaman-zaman müasir Mall-ların istifadəyə verilməsi sovetdənqalma bu tipli alış-veriş mərkəzləri kimi “Şərq bazarı”ının da “kitab”ını bağladı. İndi gözəl, şərq üslübunda tikilmiş, qədim Bağdadın hazırda xarabalığa çevrilən, əsrlərin o tayından qalma bazarının üslubunda tikilən “Şərq bazarı”nın yerində miskin görkəmli, təmirsiz, yorgun,  tör-töküntüsü  qəlb ağrıdan görkəmiylə dayanıb.

Bir növ ömrünü başa vuran qocanı xatırladır “Şərq bazarı”…

unnamed (6)

Bu bazarın “qara” günləri əsasən də 2008-ci ildən sonra başladı.  Kiçik sahibkarların “yerhaqqı” dediyi icarə pulunu ödəyə bilməyənlər buranı tərk edib, müasir, “xodovoy” alış-veriş mərkəzlərinə üz tutduqca, bu gözəl, maraqlı bazarında süqutu addım-addım yaxınlaşdı.

Bu da azmış kimi, bir neçə gündür ki, “Şərq bazarı” ilə bağlı köhnə bakılıları kövrəldən xəbərlər dolaşdı:  “Şərq bazarı” söküləcək! 

Xəbər çoxunda nostalji duyğular yaratdı.

Belə nostalji hisslərlə uşaqlığımızın ən maraqlı bazarına üz tutdum. “Şərq bazarı” sahibsiz və istifadəsiz qalan malikanəyə bənzəyidi. Rahatlıqla içəri keçib müştəriyə həsrət qalmış ağzına kimi satış mallarıyla dolu  dükanları gəzdim. Nimdaş geyimli satıcılar mətbuatdan gəldiyimi biləndə sevincək ətrafıma toplaşdılar.  Fürsətdən istifadə edib, “deyirlər “Şərq bazarı” söküləcək” sualıyla onlara müraciət etdim.

unnamed (2)

Hamısı yeryerdən dedi ki, sökülməyəcək. Demə, yayılan xəbərlərlə bağlı narahat olan  satıcılar İcra Hakimiyyətindən xəbərin nə dərəcədə doğru olub-olmamasını soruşublar .Nərimanov rayon İcra Hakimiyyətindən də onlara bildiriblər ki, “Şərq bazarı” nın sökülməsindən söhbər belə gedə bilməz.

“Şərq bazarı”nın direktoru Ələsgər Kazımovu axtarıb “Qorqud” Otelindəki ofisində tapdım. Yanında qələbəlik idi. Özünü onun oğlu kimi təqdim edən iki gənc dedi ki, bu haqda yayılan dezinformasiya hamıda narahatlıq yaradıb:

unnamed

“Şərq bazarı” ulu öndərimizin ideyası əsasında tikilən arxitektor iaşə obyektlərindən biridir. Bizə bu haqda nə rayon İcra Hakimiyyətindən, nə də Mədəniyyət və Turizm Nazirliyindən  “Şərq bazarı”nın  söküləcəyi ilə bağlı xəbərdarlıq edilib. Ola bilər ki, bazarın ətrafındakı köhnə, yararsız yaşayış evləri sökülüb, yeni abadlıq işləri aparılsın. Lakin “Şərq bazarı”ı necə var, eləcə də qalacaq. Deyə bilmərəm ki, restavrasiya olunacaq, ya yox. Bu gün bütün telekanallardan buraya gəlib eyni sualı veriblər. Onlara da sizə verdiyimiz cavabı vermişik. Bu, kiminsə uydurmasıdır”.

Məsələylə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərovla da əlaqə saxladıq.  Şöbə müdirinin sözlərinə görə, “Şərq bazarı”  həm də mədəniyyət abidəsi hesab edilir. Buna görə də onun sökülməsi real deyil.

unnamed (5)

“Həmin tikilinin sökülməsi ilə bağlı hər hansı ideya və ya fikir olsaydı, ilk növbədə icra hakimiyyəti kimi bizi xəbərdar edərdilər. Çünkü söküntüyə qərar verilərsə,  ilkin sənədləşmə İcra Hakimiyyətiylə aparılacaq. Ona görə də, qətiyyətlə bildirirəm ki, bizdə “Şərq bazarı” kimi bir  abidənin sökülməsi ilə bağlı heç bir məlumat yoxdur. Sadəcə, “Şərq bazarı”nın  ətrafındakı fərdi yaşayış evlərində söküntü işləri aparılır. Bu da  pilot layihə çərçivəsində həyata keçirilir.  Həmin evlər sökülüb yerində yeni binalar tikiləcək. Lakin “Şərq bazarı”nın söküləcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”– dedi.

unnamed (11)

H.Cəfərovun sözlərinə görə, “Şərq bazarı”nın  ətrafında aparılan  söküntüyə Nərimanov rayon İcra Hakimiyyəti nəzarət etsə də, bazar memarlıq abidəsi olduğundan söküntüyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazə verilməlidir.  Lakin bazarın sökülməsiylə bağlı nazirliyə belə bir müraciət edilməyib:

“Bu, kimlərinsə böş ehtimallarıdır”.

Həmin ərazinin ətrafında yaşayan sakinlər əməkdaşımızla söhbətində bildiriblər ki,  bu sınıq-salxaq, gecəqondu misalı yaşayış sahələrinin 100-dən çox yaşı var. sakinlərin ərazidən köçürülməsiylə bağlı artıq onlara xəbərdarlıqlar da edilib.

Əslən Qərbi Azərbaycandan olan Surəyya xala dedi ki, hazırda yaşadıqları evdə əvvəllər ermənilər yaşayıb:

unnamed (4)

“Ermənistandan deportasiya edildikdən sonra burada məskunlaşmışıq. İllərdir bu ərazinin sökülməsiylə bağlı xəbər gözləyirik. Nəhayət, biz də müasir, normal mənzillərlə təmin olunacağıq”.

Onun sözlərinə görə, yaşayış sahələrinin sökülməsiylə bağlı sakinlərə kompensasiya da veriləcək. Beləliklə, əsrarəngiz “Şərq bazarı” kimi hamının yaddaşında  həkk olunan, anıları xatırlandıqca indiki halı təəssüf doğuran bu memarlıq abidəsinin ətrafı tezliklə inşaat meydanına çevriləcək.

Bəlkə də bundan sonra 1001 gecə nağıllarının canlı təsviri sayılan  “Şərq bazarı” restavrasiya olunacaq. Sovet donəmindəki əhval-ruhiyyəsini bərpa edəcək, yenə turistlərlə dolub-boşalacaq.

Bizə isə bütün bunları hələlik gözləmək qalır…

unnamed (13) unnamed (1) unnamed (3) unnamed (7)

Gülnaz Qənbərli

Gununsesi.info