“12 ildə xalça istehsalı 1000 dəfə azalıb” - RÖVŞƏN AĞAYEV

  • By admin
  • 22 Yanvar 2018 11:18

Son zamanlar xalçaçılığın qeyri-neft sektorunun prioritetlərindən birinə çevrilməsinin vacibliyi bir neçə dəfə vurğulanıb. Rəsmi rəqəmlərə görə, son 2 ildə ölkədə 10 xalça müəssisəsi fəaliyyətə başlayıb, 2018-2019-cu illərdə daha 20 müəssisənin yaradılması istiqamətində fəal investisiya qoyuluşlarına start verilib. Amma ölkədə istehsal olunan xalçaçılıq məmulatlarına dair məlumatlara nəzər yetirdikdə, maraqlı məqamlar ortaya çıxır.

Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevə istinadən xəbər verir ki, 2005-ci ildə ölkədə 630 min kvadratmetr xalça və xalça məmulatları istehsal edildiyi halda, 2017-ci ildə 1100-dən çox azalaraq cəmi 564 kvadratmetrə enib.

“Amma problem 12 il ərzində xalça və xalça məmulatlarının istehsalının 1000 dəfədən də çox azalmasında da deyil. Statistikanın informasiyalarından aydın olur ki, 2017-ci ildə 564 kvadratmetr xalça və xalça məmulatları istehsal edildiyi halda, müəssisələrin anbarlarnda 1223 kvadratmetr hazır xalça və xalça məmulatları yığılıb qalıb”-ekspert deyir.

Onun sözlərinə görə, ilin əvvəlinə qabaqkı illərin istehsalı hesabına 801 kvadratmetr anbar ehtiyatı yığılıb və 2017-ci il ərzində hazır məhsulların anbar ehtiyatı 422 kvadratmetr artıb: “Bu o deməkdir ki, 2017-ci ildə istehsal olunan 564 kvadratmetr xalça və xalça məmulatlarının cəmi 142 kvadratmetri və ya 25%-i satılıb, qalanı anbarlara gedib.

Düzdür 2016-cı ilə nisbətən xalça və xalça məmulatlarının istehsalı 2.8 dəfə artıb. Amma öz növbəsində anbara yığılan mallar da 50% artıb. Nəticədə bu məhsulun genişlənməsi bazar kanalları deyil, anbar hesabına baş verib.

Ümid edək ki, yaxın illərdə bazar problemi həll olunacaq və 30 müəssisənin açılmasına qoyulan sərmayə səmərəsiz xərcləməyə çevrilməyəcək”.

Vüsalə

Gununsesi.info