122 saat sonra gələn ümidverici xəbərlər: 8 yaşlı Rıdvan, 70 yaşlı müəllimə və… pişik - FOTO/VİDEO

Dəhşətli zəlzələdən sonra 122 saat dağıntılar altında qalan daha bir şəxs xilas edilib.

Diyarbəkirdə aparılan axtarış-xilasetmə işləri nəticəsində 55 yaşlı Maşallah Çiçek sağ çıxarılıb.

09:51

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.  Günlər keçdikcə dağıntılar altında qalanlarla bağlı məyusluqlar artsa da, bəzən sevindirici xəbərlər insanlara yeni ümid olur.

Belə xəbərlərdən biri təbii fəlakətin episentri olan Kahramanmaraşdan gəlib. Zəlzələdən 122 saat sonra 70 yaşlı Menekşe Tabak dağıntılar altından sağ çıxarılıb. Qadın çıxarkən: “Dünya varmı?” – deyə soruşub. Xilasedicilər: “Var, xala, var”, – deyə cavab veriblər.

Zəlzələdən 116 saat sonra dağıntılar altında qalan 8 yaşlı Rıdvan Çakıroğlunun da şad xəbəri yayılıb. Balaca Rıdvan qrupların səyi nəticəsində xilas edilib.

Hataydan da sevindirici xəbərlər gəlməyə davam edir. Belə ki, Hülya Bayrak adlı qadın 116 saat sonra dağıntılar altından xilas edilib.

Bundan başqa jandarm personalı ilə axtarış-xilasetmə qruplarının birgə işi nəticəsində 70 yaşlı müəllimə Günkaya 116 saat sonra Hatayda dağıntılar altından çıxarılıb.

Hatayda xilasedicilərin üzünü bir də balaca pişik güldürüb. Ev heyvanı 116 saat sonra dağıntılar altından salamat çıxarılıb.