13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası da yeniyetmə imiş -DETALLAR + VİDEO

13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.

HTML tutorial

Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.

Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.

14:26

Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində uşaq dünyaya gətirən 13 yaşlı məktəbli qızın məktəbdən yayınmasından danışıb.

O bildirib ki, məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma gedir və hər hansı fikir bildirə bilməz:

“Bu Elm və Təhsil Nazirliyinin səlahiyyətinə olan iş deyil. Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olarsa, ölçü götürəcəyik”.

14:05

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya ona qarşı seksual xarakterli digər hərəkətlər etmək cinayətdir”.

Bunu Oxu.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Leyla Bədəlova Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı hadisəyə münasibət bildirərkən deyib.

“Həmin əməl 14 yaşına çatmayan şəxslərə qarşı törədildikdə 152.2-ci maddə ilə şəxs üç ildən altı ilədək azadlıqdan məhrum edilə bilər. Əgər şəxs işi zorlama ilə edibsə, bu artıq başqa maddə ilə tövsif olunur. Belə ki, Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsinə görə, təqsirkar şəxs haqqında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”.

Hüquqşünas qeyd edib ki, qanunvericilikdə övladdan imtina etməklə bağlı maddə yoxdur.

12:28

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yeni doğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

10:51

Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Oxu.Az-a bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat aidiyyəti qurumlarla birlikdə araşdırılır.

09:08

Azərbaycanda 13 yaşlı qız ana olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:

“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.

K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.

Gununsesi.info