133 saat sonra gələn ümidverici xəbərlər: İki aylıq körpə, ailə başçısı, pişik… - YENİLƏNİB + FOTO/VİDEO

Qaziantep Nurdağında bir vaxtlar altımərtəbəli olmuş binanın dağıntıları altından 133 saat sonra 13 yaşlı Esma Demral sağ çıxarılıb.

Hatayda da isə xilasedicilər ard-arda iki uşağın xilasına seviniblər. 131 saat dağıntı altında qalan 7 yaşlı İlqın və 128 saat dağıntı altında qalan iki aylıq olduğu təxmin edilən körpə xilas edilərək xəstəxanaya çatdırılıb.

15:36

Qaziantepdə beş nəfərlik ailənin başçısı 129 saat dağıntılar altında qaldıqdan sonra xilas edilib. Xilasetmə qrupları dağıntılar altında üç yerdən səs gəldiyini bildirərək ətrafdakılardan sakit olmağı xahiş ediblər. Bundan sonra dağıntı altından olan kişinin yeri təsbit edilərək sağ çıxarılıb.

Axtarış komandası hazırda bundan bir saat öncə dağıntılar altından sağ olduğunu deyən Ülkü adlı bir gəncin xilasına çalışır.

15:08

Adıyamanda daha bir inanılmaz möcüzə gerçəkləşib.

128 saat dağıntılar altında qalan Rümeysa adlı iki aylıq körpə sağ çıxarılıb.

12:37

Dəhşətli zəlzələdən sonra 122 saat dağıntılar altında qalan daha bir şəxs xilas edilib.

Diyarbəkirdə aparılan axtarış-xilasetmə işləri nəticəsində 55 yaşlı Maşallah Çiçek sağ çıxarılıb.

09:51

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.  Günlər keçdikcə dağıntılar altında qalanlarla bağlı məyusluqlar artsa da, bəzən sevindirici xəbərlər insanlara yeni ümid olur.

Belə xəbərlərdən biri təbii fəlakətin episentri olan Kahramanmaraşdan gəlib. Zəlzələdən 122 saat sonra 70 yaşlı Menekşe Tabak dağıntılar altından sağ çıxarılıb. Qadın çıxarkən: “Dünya varmı?” – deyə soruşub. Xilasedicilər: “Var, xala, var”, – deyə cavab veriblər.

Zəlzələdən 116 saat sonra dağıntılar altında qalan 8 yaşlı Rıdvan Çakıroğlunun da şad xəbəri yayılıb. Balaca Rıdvan qrupların səyi nəticəsində xilas edilib.

Hataydan da sevindirici xəbərlər gəlməyə davam edir. Belə ki, Hülya Bayrak adlı qadın 116 saat sonra dağıntılar altından xilas edilib.

Bundan başqa jandarm personalı ilə axtarış-xilasetmə qruplarının birgə işi nəticəsində 70 yaşlı müəllimə Günkaya 116 saat sonra Hatayda dağıntılar altından çıxarılıb.

Hatayda xilasedicilərin üzünü bir də balaca pişik güldürüb. Ev heyvanı 116 saat sonra dağıntılar altından salamat çıxarılıb.