Efiopiyada yaşayan 15 yaşlı Kalu Putik tullantı materiallardan hazırladığı qeyri-adi geyim dizaynları ilə qısa müddətdə dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilib.
Gununsesi.info xəbər verir ki, ayaqqabı təmiri ilə məşğul olan yeniyetmə plastik butulkalar, köhnə təkərlər, metal qutular, kabellər və digər istifadə olunmuş materiallardan fərqli geyim və aksesuarlar hazırlayır.
Onun yaratdığı kombinlər ilk baxışdan lüks moda markalarının kolleksiyalarını xatırladır.
Kalu Putikin sosial şəbəkələrdə paylaşdığı videolar böyük maraq doğurub. Bildirilir ki, o, cəmi bir ay ərzində milyonlarla izləyici toplayaraq geniş auditoriyaya çatıb.
Gənc dizaynerin fəaliyyəti dünyanın müxtəlif moda evlərinin, reklam agentliklərinin və dizaynerlərinin də diqqətini cəlb edib. Sosial media istifadəçiləri xüsusilə onun tullantı materialları yaradıcı şəkildə dəbdəbəli görünüşə çevirməsini yüksək qiymətləndirirlər.
Videoların ən diqqətçəkən cəhəti isə geyimlərin ilk baxışdan bahalı və peşəkar moda nümunələri təsiri bağışlaması, sonradan isə onların tamamilə atıq materiallardan hazırlandığının məlum olmasıdır.
Kalu Putikin uğuru məhdud imkanların yaradıcılıq və istedad qarşısında maneə olmadığını bir daha nümayiş etdirir. Onun fəaliyyəti həm ekoloji məsuliyyətin təşviqi, həm də gənclərin potensialının üzə çıxarılması baxımından maraqlı nümunə kimi qiymətləndirilir.











