1991-ci ildə Heydər Əliyev yazıçıların qurultayına necə gəlib? – TARİX

  • By admin
  • 19 Mart 2022 23:06

Xalq şairi, mərhum Qabilin oğlu Mahir Qabiloğlu Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyevlə bağlı maraqlı xatirəsini paylaşıb.

M.Qabiloğlu yazıb ki, 1990-cı ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında işləməyə başlayıb. “Dədə Qorqud ensiklopediyası”nda elmi redaktor olub.

1991-ci ildə Azərbaycan yazıçıları öz növbəti qurultayına hazırlaşırdı. Ensiklopediyanın cavan işçilərini də hazırlıq prosesinə kömək üçün cəlb eləmişdilər. Dəvətnamələrin paylanması, Telefon-Sorğu kitabçasının çap edilməsi və digər texniki işlər onlara tapşırılıb.

M. Qabiloğlu yazır: “Qurultay Filarmoniyada keçirilirdi. Mən və daha iki nəfər qapıda dayanıb qonaqları qarşılayırdıq. Birdən bizimçün qeyri-adi  hadisə baş verdi. O vaxt təqaüddə olan Heydər Əliyevi (1991-ci ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin deputatı idi-red) qarşımızda gördük. Hamımızla mehribanlıqla salamlaşdı. “Necəsiz? Gəlmişəm görüm yazıçılarımız necədir? Nə əsərlər yazırlar?” deyə zarafatyana hal-əhval da tutdu. Tez katiblərdən birinə xəbər verdik. Səhv etmirəmsə, Anar müəllim gəlib onu içəri müşayiət etdi. Qonaqlar və nümayəndələr hamısı gəldikdən sonra  isə qurultay başladı. Biz də keçdik içəri.

Mən lap arxada oturdum. Rəyasət heyətində isə katiblik, xalq şairləri və xalq yazıçıları əyləşmişdilər. Qurultay təzə başlamışdı ki, məndən bir sıra qabaqda əyləşmiş bir nəfər ayağa qalxdı və sədarətin sözünü kəsdi. Uca səslə:

-Bugünkü qurultayda yazıçıların dostu, onlara həmişə böyük hörmətlə yanaşan Heydər Əliyev iştirak edir. O zalda yox, rəyasət heyətində əyləşməlidir, – dedi.

Gurultulu alqışlar qopdu. Anar müəllim Heydər Əliyevi rəyasət heyətinə dəvət etdi.  Mən Heydər Əliyevin zalda harda oturduğunu bilmirdim. Demə iki sıra qabaqda əyləşibmiş. Ayağa durdu. Əvvəlcə bu təkliflə çıxış edəni süzdü. Sonra isə  “çox yuxarıda oturub yazıçılara  baxmışam. İndi də aşağıda oturmaq istəyirəm. Rəyasət Heyətinə dəvətinizə görə minnətdarlığımı bildirirəm” dedi və hamını əlini yellədərək salamlayıb əyləşdi. Bir tərəfində Xəlil Rza Ulutürk, o biri tərəfində isə Rəfiq Zəka Xəndan oturmuşdu.

Həmin təkliflə çıxış edən, daha doğrusu özündə cürət tapan 51 yaşlı şair Məmməd Aslan idi. Niyə “cürət tapan” dedim? Çünki onda Heydər Əliyevə böyük hücumlar vardı. Onun dostları dövlətin “düşmənləri” hesab olunurdu.

Heydər Əliyev ona xüsusi hörməti olan Məmməd Aslanın bu çıxışını unutmadı. Böyük yaddaşa malik bu insan Məmməd Aslana “Şöhrət ordeni”ni şəxsən təqdim edəndə 9 il qabaq onun dediyi sözləri olduğu kimi, nöqtəbənöqtə təkrar etdi”.

Həmin hadisəni prezident Heydər Əliyev 7 il sonra -1997-ci ilin oktyabrın 30-da Azərbaycan yazıçılarının X qurultayında çıxışı zamanı xatırlayıb.

Heydər Əliyev deyib ki, 1991-ci ildə qurultayda qısa müddətdə iştirak edib: “O zaman mən vəzifədə deyildim, amma siz məni qurultayınıza yenə dəvət etdiniz.

Bu 1991-ci ilin əvvəli idi. Unutmamışamsa, martın 21-i idi. Bu elə bir vaxt idi ki, Azərbaycan çox ağır bir dövr yaşayırdı. Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin torpaqlarının – Dağlıq Qarabağın işğalının başlanması dövrü idi. Qanlı 20 Yanvar faciəsinin – sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzün ağrılarını yaşadığımız bir dövr idi. Bu dövr eyni zamanda Sovetlər İttifaqının dağılması prosesinin getdiyi bir dövr idi. Azərbaycanda vəziyyət həddindən artıq gərgin, çətin idi.

İş elə gətirdi ki, mən sizin qurultayda oldum. Çünki bilirsiniz ki, o vaxt mən Naxçıvanda yaşayırdım. Oradan Azərbaycan Ali Sovetinə deputat seçilmişdim və Ali Sovetin sessiyasında iştirak etmək üçün fevralın əvvəlində Bakıya gəlmişdim.

O vaxt Elmira xanım Axundova gəlib mənə bildirdi ki, yazıçılar qurultayı keçəcək, Sizi oraya dəvət edirlər. Elmira xanım Axundova çox dəyərli bir insandır. Xatirimdədir, 1970-ci illərdə Yazıçılar İttifaqında çox əhəmiyyətli işlər görürdü. Sonra isə öz jurnalistik fəaliyyətini də buna əlavə etmişdi. Mən Naxçıvanda ağır bir dövrdə yaşadığım zaman onunla görüşmüşdüm. O, oraya “Literaturnaya qazeta” üçün məndən müsahibə almağa gəlmişdi.

Elmira xanım mənə bildirdi ki, Yazıçılar Birliyinin qurultayı var, məni oraya dəvət ediblər. Mən dedim ki, Elmira xanım, çox sağ olun, ancaq güman edirəm, mənim oraya gəlməyim lüzumsuzdur. Çünki indi mən burada kiməm oraya gəlim? Yazıçı deyiləm ki, oraya yazıçı kimi gəlim. Eyni zamanda o, elə bir dövr idi ki, o vaxt həm Sovetlər İttifaqının rəhbərliyində, həm də Azərbaycanın rəhbərliyində mənə qarşı çox ədalətsizliklər edirdilər. Mənim əleyhimə böhtanlar quraşdırırdılar və yayırdılar. Mən çox böyük təzyiq və təqib altında idim. Elmira xanım məni çox inandırdı ki, yox, sizi qurultaya dəvət ediblər. Fikirləşdim ki, bəlkə xatir naminə dəvət ediblər, bilirlər ki, getməyəcəyəm. Sonra da məlum olacaq ki, dəvət etdilər, mən gəlmədim. Ondan xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir. Sonra o mənə zəng edib dedi ki, mən Anar müəllimlə bu barədə danışdım. Anar müəllim dedi ki, biz onu ürəkdən dəvət etmişik, bu, formal bir xarakter daşımır, ona görə də əgər gəlsə, biz məmnun olarıq. Mən bundan sonra ürəkləndim, dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm yazıçılar necədirlər. Gəldim. Bunu burada xatırlatdılar, – siz məni hörmətlə rəyasət heyətinə dəvət etdiniz. Bu təklifi gərək ki, şair Məmməd Aslan vermişdi. Ancaq mən təşəkkür edib dedim ki, indi də aşağıda oturub yuxarıya baxmaq istəyirəm. O vaxt mən salonda oturarkən Çox düşünürdüm. Gərək ki, mənim sağımda Xəlil Rza, solumda isə Rəfıq Zəka oturmuşdular.

Ətrafımda da yazıçılar var idi, çox mehriban söhbət edirdik. Filarmoniyanın salonunda, yazıçıların qurultayında mənə çox mehribanlıq, çox istiqanlılıq, çox yüksək hörmət göstərildi. O vaxt mənim imkanım olmadı ki, belə geniş təşəkkür edim. Altı il keçəndən sonra məhz o hadisəyə görə mən sizin hamınıza təşəkkür edirəm”-deyə Heydər Əliyev vurğulayıb.

Gununsesi.info