2 saylı İstintaq Təcridxanasında hüquqi maarifləndirmə tədbiri keçirilib

  • By admin
  • 25 May 2017 09:48

1475258406_tecridxana

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın imzalanmasının 10 ili tamam olur. Həmin  əlamətdar tarixlə əlaqədar olaraq, bu il də İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunub.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata göə, bu aylıq çərçivəsində Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin iştirakı ilə Yuvenal ədliyyə” mövzusunda tədbir keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təcridxanada saxlanılan yetkinlik yaşına çatmayan şəxslərə Müvəkkilin təşəbbüsü ilə keçirilməkdə olan İnsan Hüquqları Aylığının məqsədi barədə məlumat verib.

O, ölkəmiz qarşısında duran prioritet məsələlərdən birinin də yuvenal ədliyyə sisteminin yaradılması olduğunu bildirib.Qeyd olunub ki, bu, dünyanın bir çox ölkələrində yetkinlik yaşına çatmayanların cinayət-mühakimə icraatı zamanı əməli təcrübədə meydana çıxan problemlərini aradan qaldırmaqla yanaşı, onların maraqlarının daha yaxşı təmin olunmasına xidmət edir.

Azərbaycanda beynəlxalq standartlara cavab verən mükəmməl yuvenal ədliyyə sisteminin yaradılmasının prioritet məsələlərdən biri olduğundan ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin milli qanunvericilikdə implementasiyasını, həmçinin icra mexanizmlərinin dəqiqləşdirilməsini, habelə yetkinlik yaşına çatmayanların işləri ilə əlaqədar fəaliyyət göstərən dövlət qurumlarının işinin təkmilləşdirilməsini və nəzarətin gücləndirilməsini tələb edir.

Ölkəmizdə yuvenal ədliyyə sisteminin formalaşdırılmasının uşaq hüquqlarının və onların qanuni maraqlarının səmərəli təmin olunmasına xidmət edəcəyi nəzərə alınaraq, yuvenal ədliyyə haqqında qanunun qəbul olunmasının sürətləndirilməsi Müvəkkil tərəfindən illik məruzələrində təklif edilib.

Tədbirdə yetkinlik yaşına çatmayanların prosessual hüquqları, onların ibtidai istintaq və məhkəmə baxışı mərhələlərində iştirakının xüsusiyyətləri barədə geniş məlumatlar verilmiş,eyni zamanda insan hüquqlarının həyata keçirilməsi, müdafiə mexanizmləri, Müvəkkilin səlahiyyətləri vəçoxşaxəli fəaliyyəti, şikayətlərin verilməsi qaydası, işgəncələrə qarşı və uşaq hüquqlarının pozulması halları ilə bağlı Ombudsman Aparatında fasiləsiz fəaliyyət göstərən qaynar xətlər, eləcə də Gəncə Regional Mərkəzin gördüyü işlər haqqında ətraflı məlumat verilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ombudsman təsisatının hüquqi maarifləndirmə nəşrləri tədbir iştirakçılarına təqdim edilib.

Gülnaz Qənbərli

Gununsesi.info