Rusiya-Belarus sərhədinin üçüncü ölkədən gələn sürücülərin üzünə bağlanması beynəlxalq yükdaşımalarda iştirak edən azərbaycanlıları son dərəcə çətin vəziyyətə salıb.
Gununsesi.info-nun Haqqın.az -a istinadən məlumatına görə, bir həftədir 20 dərəcə şaxtada “Krasnıy Kamen” sərhəd-keçid məntəqəsində qalan azərbaycanlı yük maşını sürücüləri jurnalistlərin suallarına cavab olaraq çiyinlərini çəkməklə kifayətlənirlər.
“Yanvarın 8-dən burada gözləyirik: bizə sərhəddən keçirməyə icazə vermirlər. Belarusdan yük götürdük – onu üçüncü ölkəyə aparmalıyıq. Lakin Rusiya-Belarus sərhədi üçüncü ölkələrin sürücüləri üçün bağlıdır. Heç kim bunun səbəblərini izah etmir. Hara müraciət etsək də, dəqiq cavab ala bilmirik”, – deyə sürücülərdən biri bildirib.
Digər azərbaycanlı sürücü deyir ki, Belarus tərəfi problemin onlara aidiyyəti olmadığını iddia edir:
“Bizə Litvadan keçməyi məsləhət görürlər. Amma bu, mümkün deyil, çünki bizim ilkin olaraq vizamız yoxdur, digər tərəfdən isə yüklərin daşınmasına icazə verən sənəd lazımdır. Bu sənəd bizdə yoxdur. Ona görə də nə edəcəyimizi bilmirik. Bu soyuqda ilişib burada qalmışıq, yanacaq və qidamız tükənir”.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya FTB-nin Belarusla həmsərhəd olan Bryansk və Smolensk vilayətlərinin federal sərhəd idarələrinə göndərdiyi təlimata əsasən, üçüncü ölkədən gələn sürücülərin Belarus-Rusiya sərhədindən keçməsi qadağan edilib.
Gununsesi.info