“20 Yanvar müstəqil Azərbaycanın milli kimliyinin başlanğıcı oldu“ - İTALİYA MƏTBUATI

  • By admin
  • 20 Yanvar 2018 17:35

İtaliyanın “Mediaperiscope” onlayn jurnalında Roma Sapienza Universitetinin dosenti Daniel Pommierin 20 Yanvar faciəsinə həsr olunmuş “Qara Yanvar. Yenidənqurmanın digər üzü” adlı məqaləsi yayılıb.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, məqalədə keçən əsrin 80-ci illərinin sonları və 90-cı illərinin əvvəllərində keçmiş Sovet İttifaqının parçalanması ərəfəsində ölkədə iqtisadi və siyasi sistemin yenidən qurulmasını və köklü islahatların aparılmasını nəzərdə tutan “yenidənqurma” siyasətinin imperiyanın tərkibinə daxil olan xalqlar arasında etnik münaqişələrə rəvac verməsi və millətlərarası problemlərə gətirib çıxarması fonunda Azərbaycan xalqının məruz qaldığı ədalətsizliyə qarşı, eləcə də imperiya asılılığından xilas olmaq üçün öz azadlığı uğrunda mübarizəyə başlamasından və sovet rəhbərliyinin bu xalqın mübarizə əzmini boğmaq üçün qanlı repressiyaya əl ataraq 20 Yanvar qırğınını törətməsindən bəhs olunur.

Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 25 mindən artıq sovet hərbçisi Bakı şəhərinə daxil olaraq ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionunun sovet Ermənistanına birləşdirilməsi tələblərinə və rəsmi Moskvanın bu məsələ ilə bağlı qərəzli mövqeyinə etiraz edən dinc nümayişçilərə qarşı 147 nəfərin ölümünə və 744 nəfərin yaralanmasına səbəb olmuş qanlı qırğın həyata keçirib. Həmin dövrdə Azərbaycanda siyasi və sosial vəziyyətin gərgin olduğunu, lakin bütün siyasi qüvvələrin milli məsələ ətrafında sıx birləşdiyini qeyd edən müəllif Sovet İttifaqının o vaxtkı rəhbəri M.Qorbaçovun Bakıya qoşun yeritməsini təkcə özünün deyil, bütün Sovet İttifaqının legitimliyinin tam itirilməsinə gətirib çıxardığını vurğulayır və bu xüsusda, britaniyalı jurnalist Tomas de Vaalın “1990-cı ilin 20 yanvar tarixində Moskva Azərbaycanı tamamilə itirdi” kimi fikirlərinə istinad edir.

Yazıda 20 Yanvar qırğınının müstəqil Azərbaycan dövlətinin milli kimliyinin başlanğıc anı olduğu vurğulanır, o cümlədən bölgənin ən dinamik ölkələrindən biri olan Azərbaycanda siyasi legitimliyi anlamaq üçün xüsusi hal olduğu qeyd edilir.

Məqalədə, həmçinin yanvarın 24-də Romanın Sapienza Universitetində Azərbaycanla bağlı müxtəlif tədqiqat mövzularına həsr olunmuş konfransın keçiriləcəyi və yuxarıda qeyd olunan məsələlərin də müzakirə mövzusu olacağı bildirilir.

Gununsesi.info