“20 Yanvar xalqımızın qürur tarixidir” - Adil Əliyev

  • By ilhame
  • 19 Yanvar 2024 20:25

20 Yanvar faciəsindən artıq 34 il keçir…

Düz 34 il əvvəl SSRİ rəhbərliyi əzəli və əbədi torpağı olan Dağlıq Qarabağın Ermənistana verilməsinə qarşı çıxdığı üçün Azərbaycanı cəzalandırmaq qərarına gəldi və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Azərbaycana qoşun yeridildi.

Xalqımıza qarşı misli görünməmiş hərbi cinayəti həyata keçirməyi planlayan baş katib tabeliyindəki Müdafiə, Daxili İşlər nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin qoşun hissələrinin Bakıya göndərilməsi ilə bağlı müvafiq göstərişlər verdi. Azərbaycan xalqının ayıldığını, artıq rejimdən azad olmaq istədiyini və ən əsas məsələ, Dağlıq Qarabağın Ermənistana verilməsinə etiraz etdiyini görən Sovet hakimiyyətinin törətdiyi Qanlı Yanvar qırğınının misli bərabəri yox idi.

 

Birincisi, Azərbaycana yeridilən qoşun hissələrinin əsas hədəfi dinc əhaliyə divan tutmaq idi və bu məqsədlə də, hərbi birləşmələrin tərkibində ermənilərə xüsusi yer verilmişdir. Əvvəlcədən Azərbaycana nifrət bəsləyən erməniləri Rusiyanın ayrı-ayrı vilayətlərindən gətirərək qoşun hissələrinin tərkibinə daxil etdilər.

 

İkincisi, 1990-cı ilin yanvar ayının 20-də saat 00:00 fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, bu barədə xalqa heç bir məlumat verilmədi. Sovet Ordusu isə elə ayın 19-da axşam saatlarından Bakı şəhərinin müxtəlif istiqamətlərində amansız qırğınlar törətməyə başladı. Fövqəladə vəziyyət tətbiq olunsa da, xalq bundan xəbərsiz oldu və yalnız səhər 05:30-da bu barədə radio vasitəsilə məlumat verildi, hansı ki, artıq həmin ərəfədə qırğın baş vermişdi.

Üçüncüsü, baş vermiş hadisələr zamanı sovet hərbi qulluqçularının göstərdikləri vəhşiliklərin və qəddarlıqların misli-bərabəri yox idi. Heç nədən xəbəri olmayan günahsız və əliyalın insanlarımız qurbana çevrildi. Qoşun birləşmələri mülki əhalini və obyektləri hədəfə almaqla dinc əhaliyə qarşı amansız cinayətlər törətdilər.

 

Dördüncüsü, törədilmiş misilsiz qırğınlar yalnız Bakı şəhərində baş vermədi, ölkəmizin ayrı-ayrı rayon və şəhərlərində də qırğınlar davam etdirildi. Belə ki, paytaxtdan sonra Neftçala və Lənkəran rayonlarında baş vermiş faciələr zamanı ümumilikdə 147 nəfər soydaşımız öldürüldü, 744 nəfər isə yaralandı, 841 nəfər isə qanunsuz olaraq həbs olundu.

 

Faciə baş verərkən öz xalqına, millətinə arxa çıxmayan və onları qorumaq əvəzinə ölkəni tərk edən, bu hadisəyə göz yuman Ə.Vəzirov və başqaları faciənin günahkarları ilə eyni dərəcədə məsuliyyət daşıyırlar. Daha sonra hakimiyyətə gələn və Qanlı Yanvar faciəsinin qəsbkarlarının cəzalandıracaqlarını əsas şüarı elan edən Cəbhə hakimiyyəti isə öz dövründə bu hadisəyə ümumiyyətlə heç bir qiymət vermədi.

 

Soydaşlarımızın üzləşdiyi bu faciə ilə bağlı ilk dəfə haqq səsimizi dünyaya çatdıran Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev oldu. Məhz 1990-cı ilin 21 yanvar günü Sovet hakimiyyətinin ona qoyduğu qadağalara baxmayaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək baş vermiş faciəni dünyaya bəyan etdi. Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu beynəlxalq cinayəti ifşa edərək, günahkarların cəzalandırılmalı olmasını, günahsız, əliyalın xalqa qarşı törədilmiş bu vəhşilik aktının günahkarlarının birbaşa Sovet və respublika rəhbərliyi olmasını diqqətə çatdırdı.

1990-cı ilin noyabrında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi baş vermiş faciə ilə əlaqədar ilk dəfə olaraq qərar qəbul etdi. Qəbul olunmuş bu qərarla Qanlı Yanvar hadisəsinə hüquqi qiymət verildi və daha sonra faciə ilə əlaqədar qəbul olunacaq qərarlara zəmin yaratdı. 1994-cu ildə  Milli Məclis Qanlı Yanvarla əlaqədar “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.

Ulu Öndər Heydər Əliyev faciə ilə əlaqədar danışarkən demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Baş vermiş faciənin dünyaya çatdırılması, günahkarların cəzalandırılması istiqamətində aparılan bütün işlər Ulu Öndər tərəfindən nəzarətə götürüldü və 1994-cü ildə dövlət başçısı tərəfindən “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərman imzalandı.

20 Yanvar faciəsi xalqımız üçün nə qədər ağrılı olsa da, milli kimliyimizin formalaşmasında müstəsna rol oynadı. Xalqımız bir daha anladı ki, müstəqillikdən başqa nicat yolumuz yoxdur və  faciədən sonra milli azadlıq hərəkatı geniş vüsət aldı.

Faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara Allahdan rəhmət diləyirəm.

Milli Məclisin sədr müavini,

Gənclər və idman komitəsinin sədri Adil Əliyev

Gununsesi.info