2017-ci ildə də banklar və biznes pul qıtlığı yaşayacaq - EKSPERT

  • By admin
  • 03 Yanvar 2017 19:20

bank

“Mərkəzi Bank növbəti ilin pul siyasətinin əsas istiqamətləri ilə bağlı Bəyanatına əvvəlki illərlə müqayisədə diqqət xüsusilə artıb. Ölkənin monetar qurumunun növbəti ildə atacağı addımlar indiki qədər həssaslıqla qarşılanmamışdı”.

Gununsesi.info-nun məlumatına görə, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.

S.Əliyevə görə,  2015-ci ildə Mərkəzi Bankın iradəsindən kənar həyata keçirilən uğursuz məzənnə siyasətinin acı nəticələri Bankın qərar qəbulu prosesində zəifləmiş mövqeyini bərpa etməsinə, 2016-cı ildən başlayaraq ölkənin maliyyə siyasətinin müəyyənləşdirilməsində təşəbbüsü ələ götürməsinə səbəb oldu: “Hətta tənzimləmə və nəzarət kimi funksiyaların əlindən alınması Mərkəzi Bankın mövqeyinə təsir etmədi.Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bir tərəfdən hökumətin maliyyə blokunda koordinasiya problemini aradan qaldırdısa, digər tərəfdən Mərkəzi Bankı maliyyə sektorunda əsas söz sahibinə çevirdi. Maliyyə Nazirliyinin mövqeyinin zəifləməsi fonunda ölkənin baş bankı manatı qorumaq və inflyasiyanı cilovlamaq üçün hətta əvvəllər tətbiqi mümkünsüz olan qeyri-ənənəvi inzibati tədbirləri də həyata keçirdi: Neft Fondunun dövlət büdcəsinə transfertinin müvəqqəti məhdudlaşdırdı, Beynəlxalq Bankın sağlamlaşdırılmış aktivlərinin bir hissəsinin bloklaşdırdı və s.”

İqtisadçı deyir ki, bu baxımdan Mərkəzi Bankın 2017-ci il üçün pul siyasəti ilə bağlı Bəyanatı yeni qədəm qoyduğumuz ildə hökumətin maliyyə sektorunda niyyətinin nədən ibarət olacağını qiymətləndirməyə imkan verir: “Qeyd edim ki, bu Bəyanat əvvəlkilərdən “səmimiliyi” ilə fərqlənir. Görünən budur ki, növbəti il də sərt pul kredit siyasəti davam etdiriləcək, iqtisadiyyatın pulla təminatı səviyyəsi 2016-cı ildə olduğu kimi məhdud həcmdə olacaq. İqtisadiyyat yenə pulsuz qalacaq. Deməli, bank sektorunun və ümumilikdə iqtisadiyyatın kiçilməsi prosesi davam edəcək. Mərkəzi Bankın qarşısında duran əsas vəzifə inflyasiya səviyyəsinin nəzarətdən çıxmasına imkan verməmək olacaq. Milli valyutanın ucuzlaşması fonunda idxal inflyasiyasının təzyiqinin artması ölkədə qiymət artımının zəncirvari reaksiyasını şərtləndirəcək. Tədiyyə balansının və valyuta bazarının tarazlaşdırılması üçün idxalın məhdudlaşdırılması tədbirləri davam etdiriləcək”.

S.Əliyevə görə, manatın dəstəklənməsi tədbirləri çərçivəsində uçot dərəcələrinin yüksək səviyyədə saxlanılması, inflyasiya təzyiqi artdıqca uçot dərəcələrinin də qaldırılması siyasəti davam etdiriləcək: “Uçot dərəcələrinin hazırki 15%-dən 20%-ə qədər qaldırılması ehtimalı yüksəkdir. Uçot dərəcəsinin artımını,həmçinin Mərkəzi Bankın keçirtdiyi depozit hərraclarının və qısamüddətli notların cəlbediciliyi artırmaq siyasəti şərtləndirəcək.

2017-ci ildə iqtisadiyyata yönəldilən kreditlərin, xüsusən də milli valyutada olan kreditlərin illik faiz dərəcələrinin azaldılması mümkün olmayacaq. Mərkəzi Bank banklara uzumüddətli və ucuz malyyə resursları ilə məhdud dəstək verəcək. Bu dəstək daha çox qısa müddətli və məqsədli olacaq. Kapital axının qarşısını almaq üçün xaricə köçürmələrə tətbiq edilən məhdudiyyətlər artırılacaq.

Böhran dövründə bir qayda olaraq hökumətlər iqtisadiyyatı canlandırmaq üçün xərcləri artırır. Bunun daha çox tələbi stimullaşdırmaq yolu ilə edirlər. Ancaq Azərbaycan iqtisadiyyatının real sektorunun vəziyyəti pul kütləsini böyük həcmdə həzm etmək iqtidarında deyil. Məhz bu amili nəzərə alaraq, Mərkəzi Bank pulu sıxmaq siyasətini yeridir. Çoxlu pul kütləsi ağır fəsadlar yaratdığı kimi az pul da böhranla mübarizədə effektivliyi aşağı salır”.

 Vüsalə Rüstəmova

Gununsesi.info