

“Buna baxmayaraq, Dağlıq Qarabağ və cəbhə bölgəsindəki gərginliyin 2017-ci ildə də davam edəcəyini proqnozlaşdırmaq mümkündür. Birincisi ona görə ki, yay aylarına yaxın yenidən cəbhə bölgəsindəki vəziyyət mürəkkəbləşməsini gözləmək mümkündür”.
Bunu Gununsesi.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəriElxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan intensiv şəkildə silahlanırlar. ““Bloomberg” agentliyinin məlumatında Azərbaycanın son 10 il ərzində hərbi büdcəsi ilə birgə silah alışına 22,7 milyard dollar xərclədiyi və bunun Avropada rekord göstərici olduğu bildirildi. Həqiqətən Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğalının uzanmasıdır. Azərbaycanın sonuncu böyük hərbi müqaviləsi İsraildən aldığı “dəmir günbəz” raketlərdən müdafiə kompleksidir.
Məsələ burasındadır ki, 2016-cı ildə aprel savaşına səbəb olan amillər ortadan qaldırılmayıb:
1) Danışıqlarda irəriləyiş yoxdur (ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriyanın priorotetləri sırasında Qarabağın adı ümumiyyətlə çəkilmir);
2) atəşkəs daima pozulur;
3) Ermənistan işğal altındakı torpaqlarda hərbi təlimlər keçirir.
2016-cı ilin bitməsinə 2 gün qalmış Azərbaycan-Ermənistan sərhəddində – Qarabağdan uzaq Tovuz rayonu istiqamətində baş verən silahlı insident və tərəflərin itki verməsi 2017-ci ilin də ağır keçəcəyinin və lokal toqquşmaların baş verməsi ehtimalının yüksək olacağının işarəsidir. Bu insident həm də ona işarədir ki, İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər nəniki Dağlıq Qarabağda hərbçilərini itirməkdə davam edəcək, Dağlıq Qarabağdan uzaq ərazilərdə də hərbçilərinın təhlükəsizlik təminatı yoxdur. 10 milyon əhalisi olan Azərbaycan işğal faktına son qoymaq üçün cəbhə bölgəsindəki itkilərə hazırdır. Əhalisi, əsasən də gənclərinin sayı azalan 2 milyonluq Ermənistan üçün isə cəbhə bölgəsindəki itkilərin yerini doldurmaq getdikcə çətinləşir və bu erməni cəmiyyətində narazılıq doğurur.
İkinci variant. Türkiyə-Rusiya-İran formatı 20 dekabrda Moskvada ilk toplantısını keçirdi. Suriya böhranı başlayandan bu yana ilk dəfəydi ki, Türkiyə, Rusiya və İran xarici işlər və müdafiə nazirləri bir araya gələrək Suriya probleminin həlli yollarını birgə müzakirə etdilər. Rusiya və Türkiyə, o cümlədən İran Suriyada münaqişənin həlli məqsədilə əsas tərəfdaşlara çevriliblər və ortada praktik müsbət nəticələr var. Suriya məsələsində ABŞ-ın oyundankənar vəziyyətdə qalması Türkiyə-Rusiya-İran üçlüyünün maraqlarına cavab verir. Hər üç dövlət Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, bölgədə kürd dövlətinin yaradılmasını istəmir və beynəlxalq terrorçulara qarşı birgə mübazirə aparacaqlarını elan ediblər”- deyə, politoloq vurğulayıb.
Politoloq əlavə edib ki, bu üçlü formatın 2017-ci ildə Azərbaycanla Ermənistanı barışdırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində də fəallaşması (bir şərtlə ki, Suriyada atəşkəs uzunömürlü olsun) ehtimalı var. “Türkiyəli rəsmilər rusiyalı həmkarları ilə Qarabağ münaqişəsinin həlli vacibliyindən də danışır və Kreml əvvəlki illərdən fərqli olaraq Ankaranın Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlayıb. Yeni formatın Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük uğuru “mərhələli həll” planını Ermənistan hakimiyyətinə qəbul etdirməsi ola bilər. Bunun qarşılığında isə Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrdə Ermənistanın iştirakına şərait yaradacaqlarını vəd edə bilərlər. Ancaq atılacaq addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva, həm də Tehran Ermənistan hakimiyyətini “mərhələli həll” planına məcbur etsinlər. Moskva və Tehranın regional maraqları təmin olunmadan hər iki dövlətin Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maraqları olmayacaq”- deyə, o, bildidirb.
O deyib ki, bu arada, Ermənistanın özündə “mərhələli planı” ətrafında müzakirələr genişlənib: “Ermənistanın eks-prezident Levon Ter-Petrosyanın 17 dekabrda lideri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışı da bundan xəbər verir. “Ötən 18 ildə vəziyyət daha da ağırlaşıb” deyən Levon Ter-Petrosyan hakimiyyəti “mərhələli həll” planına razılaşmağa çağırıb.
Ermənistan sürətlə kasıblaşır, ölkə əhalisi, o cümlədən Dağlıq Qarabağ səfalət içindədir, erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər. Bu vəziyyətdən yeganə çıxış yolu Ermənistanın Azərbaycan və Türkiyə ilə barışmasıdır. Ancaq 2017-ci ildə hadisələrin məhz bu istiqamətdə cərəyan edəcəyini söyləmək çətindir. Çünki, apreldə Ermənistanda parlament seçkisi keçiriləcək və indiki hakimiyyət əlindən gələn hər şeyi edəcək ki, səlahiyyəti artırılan parlamenti və hökuməti nəzarəti altında saxlasın. Nə vaxta qədər ki, Ermənistana Dağlıq Qarabağda separatizmi başladan insanlar rəhbərlik edəcəklər, bölgədə sülh mümkün olmayacaq”.
Mürtəza
Gununsesi.info