2020-ci ildə 89 milyon 240 min manat əsassız ödənişlər aşkarlanıb – Samir Şərifov

  • By admin
  • 05 Fevral 2021 20:36
“Büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olub”.

Gununsesi.info  xəbər verir ki, bunu fevralın 5–də Maliyyə Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib.

 

S.Şərifov nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına dövlət maliyyəsinin xərclənməsində, satınalma qaydalarına əməl edilməsində baş verə biləcək kənarlaşma hallarına qarşı barışmaz mövqe nümayiş etdirmələri, öz səlahiyyətləri çərçivəsində mübarizə aparmaları barədə konkret tapşırıqlar verib.

 

Maliyyə naziri bildirib ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqları cari ildə fəaliyyətimizdə əldə rəhbər tutacağımız ən vacib istiqamətlərdən biri olacaq. İlk növbədə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər.

 

2020-ci il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı aparılan nəzarət tədbirlərindən danışan Kollegiyanın sədri bildirib ki, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Gununsesi.info