
FİFA Konfederasiyalar Kuboku turnirini klublararası dünya çempionatı ilə əvəz edəcək.
Gununsesi.info “Mundo Deportivo” saytına istinadla xəbər verir ki, ilk klublararası dünya çempionatı 2021-ci ildə Çində təşkil oluna bilər. Mundialda 24 klubun iştirakı nəzərdə tutulur. Onlar hər birində üç komanda olmaqla, səkkiz qrupa bölünəcəklər. Pley-off mərhələsinə yalnız qrupların qalibləri vəsiqə qazanacaq.
Dünya çempionatında Avropadan 12, Cənubi Amerikadan 5, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən iki klub iştirak edəcək. Digər bir vəsiqənin sahibi isə Okeaniya ilə başqa konfederasiyaların komandaları arasında keçiriləcək pley-off matçından sonra məlum olacaq. Avropanı UEFA Çempionlar Liqasının son dörd qalibi və turnirin finalçıları ilə yanaşı, Avropa əmsalında ən yaxşı göstəricilərə malik dörd klub təmsil edəcək.
Xatırladaq ki, 2005-ci ildən keçirilən hazırkı klublararası dünya çempionatında yeddi komanda mübarizə aparır. Konfederasiyalar Kubokunda isə dünya çempionatının sonuncu qalibi, ev sahibi olan ölkənin millisi və FIFA-nın altı konfederasiyası – CAF, CONMEBOL, UEFA, AFC, OFC, CONCACAF üzrə çempion olan komandalar yarışırlar.
Gununsesi.info












