2021-ci ildən iqtisadi gözləntilər - QUBAD İBADOĞLU YAZIR

  • By admin
  • 04 Yanvar 2021 21:09

Yola saldığımız 2020-ci il yalnız Azərbaycan iqtisadiyyatını deyil, qlobal iqtisadiyyatı da inkişaf yolundan çıxartdı. Ötən il boyunca hər kəsi təhdid edən COVİD-19 pandemiyasının mənfi təsiri ilə qlobal tələbin zəifləməsi  müxtəlif iqtisadi quruluş və sistemlərə malik olan  ölkələrin əksəriyyəti üçün oxşar problemlər yaratdı: istehlak xərcləri azaldı, dövlət xərcləmələri artdı, sərmayələr və ticarət dövriyyələri də  məhdudlaşdı, fiskal intizam pozuldu və borclar çoxaldı. Bütün bunların nəticəsində qlobal iqtisadiyyatda tarazlıq pozulub, dəyər zəncirləri zəifləyib, borclar maksimum həddə çatıb və bütün bunlardan xüsusilə də dünya bazarına sıx inteqrasiya olan ölkələrin iqtisadiyyatı daha çox təsirləndirib. Onlardan böyük əksəriyyəti, o sıradan da Azərbaycan 2020-ci ili neqativ yekunlarla başa vurur, ölkədə tədiyyə balansının kəsiri yaranıb, əhalinin gəlirləri azalıb, iqtisadiyyatın real sektorunda  tənəzzül müşahidə olunur. Yaranmış situasiyada Azərbaycan höküməti fiskal tarazlığı təmin etmək üçün 3 faizlik büdcə kəsiri limiti və neft fondundan transfert qaydalarını  pozub.

2020-ci ildə Azərbaycanda  qeydə alınan  iqtisadi tənəzzül səviyyəsi dünya üzrə orta səviyyədən aşağı olsa da milli iqtisadiyyat 2021-ci ilə daha ağır şərtlərlə qədəm qoyur. Bu şərtləri iqtisadiyyata və istehlakçıya neqativ şoklar ötürən pandemiya ilə bağlı dünya üzrə qeyri-müəyyənliklərin davam etməsi, bu şəraitdə hələ də tam aydın olmayan qlobal iqtisadi konyuktur, investorlarda yaranmış tərəddüdlər daha da mürəkkəbləşdirir.

2021-ci il üçün neftin orta qiymətinin ötən illə müqayisədə yuxarı olacağı proqnozlaşdırılsa, eləcə də 2020-ci ildə əhəmiyyətli zəifləyən istehlak və investisiya kimi məcmu tələb determinantlarının nisbətən canlanacağı gözlənilsə də, böyük ehtimalla resurs gəlirlərinin qiymət faktoru üzərində qurulan nisbi artımı  böhrana qarşı immuniteti yüksəltmək üçün kifayət etməyəcək. 2021-ci ildə həlli vacib məsələ milli iqtisadiyyata sərmayə cəlb edilməsi üçün daha əlverişli şərtlərlə biznes mühitinin formalaşdırılmasıdır. İşğalda olan əraziləron azad olunması uğrunda gedən 44 günlük vətən müharibəsindən sonra ortalığa çıxan  çağırışlar gələn il üçün yeni ehtiyaclar yaradır. Bu ehtiyacları əvvəllər olduğu kimi yalnız Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertlə  dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərcləri arasında müsbət korelyasiya hesabına qarşılamaq mümkün olmayacaq.  Bunun üçün 2021-ci ildə cəmi investisiyalarda daxili mənbələrin dominant rolunu aşağı salınmalı, dövlət-özəl tərəfdaşlığı hesabına maliyyələşmə mənbələri şaxələndirilməlidir.  Bütün bunlar həmçinin maliyyə stabilliyinin və  inflyasiya tempinin aşağı səviyyədə qorunub saxlanmasını tələb edir.  Azәrbaycan Respublikasi Mәrkәzi Bankinin 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanatda bildirilir ki, 2021-ci ildә pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2% dәhlizindә idarә olunması tәşkil edәcәkdir.

Azərbaycan iqtisadiyyatı üçün önəmli olanfaktorlardan biri də 2021-ci il üçün dünya bazarında neftin qiymətidir. Başlıca analitik mərkəzlər üzrə 2021-ci ilə konsensus qiymət 1 barelə görə 48 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Odur ki, büdcənin hazırlanması zamanı Azərbaycan höküməti 1 barel üçün neftin baza qiymətinin 45 ABŞ dolları götürüb. Dünya bazarında neftin qiyməti qlobal iqtisadiyyatda enerjidaşıyıcılarına olan məcmu tələbin səviyyəsindən  asılı olacaq ki, bu da birbaşa COVİD-19 pandemiyasının əhatə və təsir dairəsinin hansı səviyyədə olması ilə bağlıdır. Bütün bunlardan asılı olaraq, 2021-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda iqtisadi aktivliyin tədricən bərpa olunacağı gözlənilir. Rəsmi proqnozlara görə, 2021-ci ildə real iqtisadi artım tempinin baza ssenarisi üzrə 3,4 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 3,1 faiz olacaq.  Proqnoza görə, ölkədə ÜDM istehsalı 2022-ci ildə 4,8%, 2023-cü ildə 3,7%, 2024-cü ildə isə 3,1% artacaq. Qeyri-neft ÜDM-ə gəlincə, onun   artımı 2022-ci ildə 4,1%, 2023-cü ildə 3,5%, 2024-cü ildə isə 3,6% təşkil edəcəyi gözlənilir. Göründüyü kimi, 2021-2024-cü illərdə qeyri-neft ÜDM-i də orta hesabla 3,7% artacağı gözlənilir.

Bu günlərdə Milli Məclis tərəfindən təsdiq edilmiş büdcəyə əsasən, növbəti ildə dövlət büdcəsi xərclərinin 2020-ci ilə nəzərən 3,8 faiz, o cümlədən əsaslı xərclərin 7,9 faiz artacağı gözlənilir. Xəclərin 7,7 faizi işğaldan azad olmuş ərazilərin bərpası və yenidənqurulması layihəsinə yönəldiləcək. Beləliklə də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin başlanması vasitəsilə dövlət xərcləmələrinin və müxtəlif mənbələr hesabına əsaslı kapital qoyuluşunun artması 2021-ci ildə iqtisadi canlanmanın yaranmasına şərait yaradan əsas amillərdən birinə çevrilə bilər.

2021-ci ildə istisadi artımn drayverlərindən  biri də dövlətin aktivlərini satışa çıxarması və iri dövlət müəssisələrinin özəlləşdirilməsi ola bilər. 2020-ci il avqustun 7-dən fəaliyyətə başlayan  “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs artıq bu istiqamətdə işlərə start versə də, iqtisadiyyatda struktur islahatlarının uzunmüddətli dövrdə səmərələliyi sağlam investorun tapılmasından və bu prosesə cəlb edilməsindən asılı olacaq. Qısamüddətli dövrdə aktivlərin satılması 2021-ci ildə gözlənilən ÜDM-in 4,1 faizi səviyyəsində  büdcə kəsinin maliyyələşdirilməsi mənbələrindən birinə çevrilə bilər.

İstənilən halda 2021-ci ildə aparılacaq struktur islahatlar iri dövlət müəssisələrinin borc öhdəliklərində əhəmiyyətli dəyişikliyə gətirib çıxara bilməyəcək. Odur ki, 2021-ci ildə dövlət büdcəsi ilə yanaşı iri dövlət müssisələrinin xarici borc öhdəliklərinə yönələn xərcləri artacaq.  Bu faktor 2021-ci ildə manatın devalvasiyasının qarşısını almaq üçün kontr-arqument rolunu oynayacaq. Buna baxmayaraq manatın devalvasiya ehtimalı 2021-ci ildə də yüksək olacaq və onun reallaşdırılması ixracatdan valyuta qazanclarının dinamikasından və neftin dünya bazar qiymətlərindən asılı vəziyyətdə qalacaq.

2021-ci ildə  müdafiə xərclərinin çoxalması, xüsusilə də dövlət sərhəd xidmətinin Azərbaycan İran və Azərbaycan Ermənistan sərhədləri boyunca infrastrukturunun qurulmasına yönələn qeyri-məhsuldar xərcləmələr də dövlətin  maliyyə yükünü artıracaq.

Post müharibə dövrünün sosial öhdəliklərin artması, bu istiqamətdə mövcud olan dövlət xərclərinin  özəl bölmə ilə bölüşdürülmə imkanlarının məhdudluğu, eləcə də işsizlik və yoxsulluğun miqyasının genişlənməsi 2021-ci ildə sosial  gərginliyi çoxaldacaq. Milli iqtisadiyyatda yeni iş yerlərinin açılması potensialının genişlənməsi əlverişli biznes mühitinin yaradılması ilə yanaşı gizli iqtisadiyyatın leqallaşdırılması, korrupsiya və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsindən, iqtisadiyyatın və ticarətin liberallaşdırılmasından, fiskal və inzibati əksmərkəzləşdirmənin səviyyəsindən  asılı olacaq. Odur ki, 2021-ci il hökümət qarşısında həlli vacib olan xeyli vəzifələr qoyur.  Hökümətin bu vəzifələrin öhdəsindən gəlmək üçün iqtisadiyyatda struktur və institutsional  islahatların  aparılmasından başqa alternativi qalmır.

Qubad İbadoğlu

Gununsesi.info