Pələng ili bir çox yüksəkvəzifəli məmurlarımız üçün heç də düşərli olmadı. İşdən azad edilənlər arasında başqa vəzifələrə təyinat alanlar da olub, bu günə qədər işsiz qalanlar da.
Gununsesi.info 2022-ci ildə vəzifəsindən azad olunan məmurların siyahısını təqdim edir:
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.
Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri İntiqam Babayev tutduğu vəzifədən azad edilib. O, 2000-ci ildən 2021-ci ilin noyabrına qədər gənclər və idman nazirinin müavini vəzifəsində işləyib.
Prezidentin müvafiq sərəncamı ilə Elçin Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib. Lakin bir digər sərəncamla o, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Fuad Əsgərov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri vəzifəsindən azad edilib. Daha sonra isə Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüququ Şəxsin kadrlar idarəsinin rəis müavini təyin edilib.
Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov öz ərizəsi ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini istəyib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə nazirinin müavinləri – Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad ediliblər.
Prezidentin müvafiq sərəncamına əsasən, Rəşad Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, həmçinin Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev İradə Akif qızı Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Səfər Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Vaqif oğlu Cabbarov vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bir digər sərəncamla o, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qurumun prezidenti, akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verərək istefa verib.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifədən istefa verib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da ilin istefa verən rəhbərləri sırasındadır. İstefadan sonra o, “Xalq qəzeti”nin baş redaktoru təyin olunub.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da uzun illərdən sonra vəzifəsini tərk edib. Ali Məclisin sabiq sədrinin öz ərizəsi ilə, sağlamlığında yaranan problemlər səbəbindən vəzifəsindən istefa verdiyi deyilir.
Vasif Talıbovun istefasının ardından onun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov da vəzifəsindən azad olunub.
Gununsesi.info