2024-cü ildə əmək haqqı nə qədər artacaq? – Deputatdan vacib AÇIQLAMA

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 11,2 faiz artaraq 933,8 manat olub. Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, 1 milyon 741 min nəfər əmək müqaviləsi ilə çalışıb. Onlardan 899 mini nəfəri dövlət sektorunda, 842 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Milli Məclisin deputatı Vüqar Bayramov Gununsesi.info-ya bildirib ki, 2023-cü ildə orta aylıq əmək haqqındakı artımın iki rəqəmli olması bir tərəfdən minimum əmək haqqının artırılması, digər tərəfdən isə bir sıra sektorlarda maaş artımları ilə bağlı idi.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamları ilə iqtisadiyyatın fərqli sektorlarında çalışan vətəndaşlarımızın əmək haqqı artımları reallaşdı. Bu isə orta aylıq nominal əmək haqqı məbləğinə birbaşa təsir göstərdi:

“Bəs, 2024-cü ildə əmək haqqı nə qədər artacaq? Orta aylıq əmək haqqındakı artım faizi həmçinin əmək pensiyalarının indeksləşdirilməsi, yəni artırılması baxımdan da vacibdir. Bu kontekstdən maaşlar nə qədər çox artırsa onu uyğun pensiya artımları da reallaşır. 2024-cü ilin yanvarından etibarən hərbi qulluqçuların vəzifə maaşlarında artımlar qeydə alınıb. Bu il orta aylıq əmək haqqındakı artım faizi dövlət sektoru ilə yanaşı özəl sahədə də maaşların neçə faiz artırılmasından asılı olacaq. Bununla belə, 2024-cü ilin dövlət büdcəsində sosial xərclərin məbləği artırılmaqla yanaşı, ümumi xərclərin 45, cari xərclərin 70 faizi sosial istiqamətlidir. Bu isə o deməkdir ki, 2024-cü ildə də sosial təminat tədbirləri gücləndiriləcək. Artıq ölkədə yeni dövr başlayır. Bu mərhələ həmçinin sosial təminat sisteminin daha da gücləndirilməsinə imkan yaradacaq”.

Gununsesi.info